Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20211113204233.jpg

28 il – DİN Daxili Qoşunlarının döyüş və xidmət yolu

12.03.2020

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür. Bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Milli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. 
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət olunub. 
Martın 12-də Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş  təntənəli mərasim keçirilib. Tədbirdə Daxili  İşlər naziri, general-polkovnik Vilayət Eyvazov  iştirak edib.
Əvvəlcə ulu öndər  Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. 
 Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov  qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Milli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub.  
Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu,  1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edib. 
   
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına  çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb. 
Sonra çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi  diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb. 

Nazir möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin müasir standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.
V.Eyvazov qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən I Avropa oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1 Azərbaycan Qran-Pri”si yarışları kimi mötəbər beynəlxalq idman və digər mədəni-kütləvi tədbirlər zamanı, eləcə də təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında qoşunların şəxsi heyət üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
 
Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 18 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. 
General-polkovnik Vilayət Eyvazov ölkə Prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək. 

Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər Nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.     
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.