Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
10.03.2020Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.
A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.
İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərmişdir.
A.Ələkbərova hadisədən əvvəl özünə məxsus “facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşmışdır.
İlkin istintaqla müəyyən edilmişdir ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak etmiş və aksiyada əlində tutduğu şüarda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalmışdır.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR