Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
20.08.2019Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sesseranı qəbul etmişdir.
Qonaqları salamlayan nazir daxili işlər orqanları ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın razılaşdırılmış Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2000-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Sazişə əsaslandığını xatırladaraq mövcud əlaqələrin inkişafını yüksək qiymətləndirmişdir.
Сənab Vilayət Eyvazov qeyd etmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, ona riayət olunması ölkəmizdə və o cümlədən DİN-də aparılan davamlı islahatların prioritet istiqamətlərindən olmaqla, bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, qəbul olunmuş yeni normativ sənədlərdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, hüquqi yardımdan istifadə edilməsi, şikayət və təkliflərin yuxarı instansiyalara verilməsi, habelə hüquq-müdafiə təşkilatlarının nümayəndələri və müstəqil ekspertlərlə maneəsiz görüşmək qaydaları və imkanları öz əksini tapmışdır. Eyni zamanda, saxlama yerlərinin fəaliyyətinin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi, saxlanılan şəxslərin hüquqlarının qorunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, DİN-in orqan və hissələrində fəaliyyət göstərən müvəqqəti saxlama təcridxanalarının demək olar ki, hamısında mövcud təlimatın tələblərinə və müasir standartlara uyğun əsaslı təmir işləri aparılmış, hamısı video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunmuşdur.
General-polkovnik Vilayət Eyvazov demişdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin xətti ilə 2003-cü ildən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif mövzular üzrə seminar və təlimlər keçirilmiş, bu təlimlərdə 700-dən artıq əməkdaş iştirak etmişdir. O da qeyd olunmuşdur ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara 28 istiqamət üzrə elektron xidmət göstərilir.
Səmimi qəbula və ətraflı məlumata görə nazir V.Eyvazova minnətdarlığını bildirən xanım Elena Aymone Sessera rəhbərlik etdiyi qurumun azadlıqdan məhrum etmə yerlərində apardığı işlər, keçirilən təlim kursları, eləcə də ölkəmizdə görəcəyi işlər barədə məlumat vermiş, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını qeyd etmişdir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR