
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
15.07.2019İyulun 15-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Daxili İşlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan etmişdir.
Daha sonra püşkatma yolu ilə təyinat keçirilmişdir. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat almışlar.

Tədbirə yekun vuran Daxili İşlər naziri gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, digər hüquq-mühafizə orqanları ilə birlikdə gərgin səylər hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında Ulu Öndərimizin və möhtərəm Prezidentimizin vurğuladıqları kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.
ƏLAQƏLİ PRESS-RELİZLƏR