2022-ci ilin yekun təhlili
Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2022-ci il də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36.494 cinayət qeydə alınmışdır. Onların 39,7%-i (14.500-ü) iqtisadi fəaliyyət sahəsinə aid, 41,5%-i (15.142-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 14,8%-i (5.388-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin
83,4%-ni (30.447-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.
2021-ci il ilə müqayisədə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4%, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13%, qəsdən sağlamlığa ağır zərər vurmalar 5%, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6%, ailə münaqişəsi zəminində törədilənlər 2.4%, mal-qara oğurluğu 21.3% azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 34.745 cinayətin 89,7%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 85,3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7%-i, şəxsiyyət əleyhinə olanların 98,2%-i, onlardan qəsdən adam öldürmələrin 95,7%-i, adam öldürməyə cəhdlərin 96,7%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 96,9%-i, mülkiyyət əleyhinə olanların 81,8%-i, o cümlədən oğurluqların 75,4%-i, dələduzluqların 91,4%-i, soyğunçuluqların 97,9%-i, quldurluqların 97,3%-i, hədə-qorxu ilə tələb etmələrin 96,7%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 93%-i, habelə xuliqanlıqların 95,9%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 368, "isti izlərlə" 3.264 cinayət açılmış, 9.864 hüquqazidd əməlin qarşısı alınmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,6% yaxşılaşaraq 85,5% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 77 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 46 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 19.069, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 202 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 251 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 373 kq çox və ya 3 ton 418 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 172 ton 753 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmiş, 1 ton 150 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Paytaxt – Bakı şəhəri
2022-ci il də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Respublikada qeydə alınmış 34.745 cinayətin 16.724-ü və ya 48,1%-i Bakı şəhəri üzrə olmuş, açılması 87,3% (+1%) təşkil etmişdir. Həmin cinayətlərin 81%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 19%-i ağır və xüsusilə ağır növlərdir.
2021-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 11%, sağlamlığa ağır zərər vurmalar 9%, zorlamalar 43%, avtonəqliyyat vasitəsinin qaçırılması 21%, habelə odlu silahın tətbiqi ilə törədilən cinayətlər 9%, yol-nəqliyyat hadisələrinin sayı 15%, qəzalarda həlak olanların sayı 11%, xəsarət alanların sayı 14% azalıb.
Ağır və xüsusilə ağır cinayətlərin 83,7%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,5%-i, şəxsiyyət əleyhinə olanların 97,6%-i, onlardan qəsdən adam öldürmə və zorlama cinayətlərinin hamısı, 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 94,1%-i, mülkiyyət əleyhinə olanların 79,5%-i, o cümlədən oğurluqların 72,4%-i, soyğunçuluqların 96,5%-i, quldurluqların 95%-i, hədə-qorxu ilə tələb etmələrin 97,8%-i, avtonəqliyyat vasitəsini qaçırmaların 90,6%-i, habelə xuliqanlıqların 92,9% açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 167, o cümlədən 49 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, həmin hüquqazidd əməllərə görə 305 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlərin açılması yüksək olmaqla 85,7% təşkil etmişdir.