Şəxsiyyəti təsdiq edən sənədlər
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
- Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin vəsiqə sahibinin şəxsi imzası və fotoşəkli yerləşdirilir.
- Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcısı dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir.
Qeyd: - 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (qanuni nümayəndəsinin) müraciəti ilə əsasında həyata keçirilir.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (Əsasnaməyə 1 nömrəli əlavə);
- vətəndaşın doğum haqqında şəhadətnaməsi;
- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
- vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
- çağırışçılar və hərbi vəzifəlilər üçün təhkim şəhadətnaməsi və ya hərbi bilet;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
Qeyd: 15 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayandələri ilə birgə müraciət etməlidirlər.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər:
- Vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda - hərbi xidmət başa çatanadək;
- Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
Dövlət rüsumu haqqında məlumat :
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:
on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat
üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat
15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:
on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat
üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat
Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə - 5 manat
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə, onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.
-Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vətəndaş həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.
- Vətəndaş şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra, vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.
Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya korlanmasına görə yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumunun məbləği:
- 10 gün müddətində verildikdə 30 manat;
- 3 iş günü müddətində verildikdə 70 manat;
- 1 iş günü müddətində verildikdə 90 manat:
- Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vətəndaş bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.
Ümumvətəndaş pasportu
Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
- ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə anket;
- vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
- fərdi identifikasiya kartı verilənədək Azərbayсan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış;
- hərbi bilet ( 18 – 35 yaşınadək kişilər üçün);
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqediji sənədlər;
18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
Pasport 18 yaşı tamam olmamış vətəndaşa verildikdə:
- qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartının təqdim edildikdə bu sənəd tələb olunmur).
- valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallar ərizə-anketlərə növbədənkənar baxılması üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
- təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
- təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
- qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
- bir yaşınadək uşaqlar üçün on iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 15 (on beş) manat, beş iş günü məddətində 25 (iyirmi beş) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 55 (əlli beş) manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün 10 (on) iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 25 (iyirmi beş) manat, beş iş günü məddətində 55 (əlli beş) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 115 (yüz on beş) manat dövlət rüsumu;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün on iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 35 (otuz beş) manat, beş iş günü məddətində 75 (yetmiş beş) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 155 (yüz əlli beş) manat.
2013-сü il sentyabrın 1-dək verilən ümumvətəndaş pasportları dəyişdirilərkən, vətəndaşın əl-barmaq izləri götürülür.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Sənədlərin qəbulu I – VI günlər saat 09:00-dan 18:00-dək, bazar günü isə saat 11:00-dan 17:00-dək fasiləsiz olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün regional mərkəzlərdə həyata keçirilir.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi