DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər müəyyən edilib 

29.05.2024

Mayın 23-də metro stansiyalarından birinin ərazisində yerləşən bankomatda paytaxt sakini olan bir şəxsin bank kartından 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Oğurluq əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı qadın Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə mayın 26-da Binə qəsəbəsi ərazisində yerləşən bankomatda bir şəxsin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən M.Əliyev saxlanılıb. Onun mayın 19-da qəsəbə ərazisində digər bir şəxsin bank kartından 200 manatını oğurlaması da müəyyən olunub. Hər iki faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, polis əməkdaşları tərəfindən vətəndaşların kibermaarifləndirilməsi məqsədilə respublika ərazisində bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr asılır, sakinlərə broşürlər paylanılır, onlarla maarifləndirici söhbətlər aparılır. Vətəndaşlara heç bir halda bank və digər şəxsi məlumatlarını qarşı tərəfə ötürməmələri, kiberdələduzların qurbanına çevrilməmələri üçün  tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamaları barədə izahlar verilir. Bir daha hər kəsi diqqətli olmağa çağırır və bu cür hallarla üzləşdikləri təqdirdə dərhal polisə məlumat vermələrini tövsiyə edirik.