Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi etibarli təmin olunur
09 07 2021 İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb. Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14.058 cinayətin qeydə alındığını, açılmasının isə xeyli yaxşılaşdığını qeyd edib. Nazir cənab Prezidentin sərəncamları ilə polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində də 26 əməkdaşın və 12 hərbi qulluqçunun dövlət mükafatlarına layiq görüldüyünü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini, həmçinin Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə “Vətən müharibəsi qəhrəmanı” adının verildiyini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlandırıldığını bildirib. General-polkovnik V.Eyvazov bütün bunlarla bərabər, fəaliyyətdə nöqsan və çatışmazlıqların mövcudluğunu, onların ətraflı müzakirə edilib əlavə təşkilati tədbirlər müəyyən edilməklə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını, habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb. Məruzəətrafı çıxışlarda Nazirliyin aparatının sturuktur qurumlarının və ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan konkret tədbirlər barədə məlumat veriblər. İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib. Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib. Problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib. Yeniyetmələr və gənclər arasında aparılan izahat işlərinə də toxunan Nazir bu işin konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olduğunu, bütün hallarda əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eləcə də COVID-19 pandemiyasından əvvəl respublikanın bütün təhsil müəssisələrində antinarkotik mövzuda davamlı tədbirlərin keçirildiyini, həmin tədbirlərdə gənclər təşkilatlarının fəallığını, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən çox ehtiyac duyulduğunu bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib. General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcəkdir.
İşğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla keçmiş və minaya düşmüş şəxslərlə bağlı məlumat
08 07 2021 Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Baş Narkotiklərlə Mübarizə İdarəsi artıq sosial şəbəkələrdədir
06 07 2021 Sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər. Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir. Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır. Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər: “Facebook” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki (https://www.facebook.com/bnmi.polisazerbaycan) “Instagram” – bnmi.polisazerbaycan keçid linki - (https://www.instagram.com/bnmi.polisazerbaycan/) “Youtube” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://www.youtube.com/channel/UCqJSjze-brBi2M1EEDIfCgg/featured) “Telegram” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://t.me/bnmipolisazerbaycan) Bir daha sosial şəbəkə istifadəçilərini anti-narkotik təbliğatı işində polis əməkdaşları ilə həmrəy olmağa çağırır, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatları olduğu təqdirdə dərhal bizə bildirmələrini xahiş edirik. Həmin şəxslərin anonimliyi qorunacaqdır.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib 25 06 2021 Bu gün – iyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Nazir V.Eyvazov: “İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur”
Nazir V.Eyvazov: “İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur” 22 06 2021 Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisini missiyasının sona çatması ilə əlaqədar qəbul edib
19 06 2021 Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İsakzaini missiyasının sona çatması ilə əlaqədar qəbul edib.
Vətəndaşların nəzərinə!
18 06 2021 Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Nazir V.Eyvazov: “Əminəm ki, gənc zabitlərimiz öz xalqına və dövlətinə sədaqətlə xidmət edəcəklər”
Nazir V.Eyvazov: “Əminəm ki, gənc zabitlərimiz öz xalqına və dövlətinə sədaqətlə xidmət edəcəklər” 11 06 2021

İyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı 11 06 2021 İyunun 8-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının vətəndaşı Mirhəsən Seyidovun naməlum şəxslər tərəfindən oğurlanması və azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə müraciət daxil olmuşdur.