Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb
16.03.2018Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da şəhər sakinləri Hafiz Mansurovun mobil telefonunu və Akif Qurbanovun “VAZ-21013” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb və bu əməlləri birlikdə törətdiyi digər 2 nəfər də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə şəhər sakinləri Nicat Cəlilov və Möhsüm Tağıyev də saxlanılıblar.
Araşdırmalarla onların cari ilin fevral ayından mart ayının 12-dək olan müddətdə şəhər ərazisində 17 avtomobildən akkumulyator, maqnitofon və mobil telefon oğurlamaları müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb.