DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14.04.2014

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 14-də Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri cənab Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.   
Qonaqları səmimiyyətlə salamlayan nazir müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, Ermənistanın təcavüzkarlıq siyasəti, torpaqlarımızın işğalı barədə məlumat vermiş, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən qətiyyətli tədbirlərdən və bunların nəticəsində Azərbaycanda sabitliyin, əmin-amanlığın bərpa edilməsindən, kriminogen durumun nəzarətə götürülməsindən danışmışdır.  
Müstəqillik illərində demokratikləşmə prosesinin digər dövlət qurumları kimi DİN-dən də yan keçmədiyini nəzərə çatdıran nazir ötən əsrin 90-cı illərinin sonlarında Avropa dəyərlərinə uyğun, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş Qərb dövlətlərinin, mötəbər beynəlxalq qurumların ekspertlərinin  böyük rolu olduğunu qeyd etmişdir.
Nazir uzun illərdir ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkəmizin MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirmiş, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulamışdır.
İki dövlətin daxili işlər orqanları arasında əlaqələrin əsasən Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir birbaşa münasibətlərin qurulması məqsədilə normativ-hüquqi baza yaradılmasında və əməkdaşlığın inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu demişdir.  
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluğun, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanmışdır.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən cənab Dailis Alfonsas Barakauskas ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırmış, Litva Respublikasının daxili işlər orqanlarının funksiyası və fəaliyyət istiqamətlərindən söz açmış, bu səfərin Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə Litva Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Şarune Kubiliute iştirak etmişdir.