Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22.08.2017

 Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 22-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandı qəbul edib.
Qonağı salamlayan nazir öncə yeni təyinat münasibətilə səfiri təbrik edib, respublikamızdakı diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.
Strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini, Pakistanın müstəqilliyimizi tanıyan ikinci ölkə olduğunu xatırladan daxili işlər naziri beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəklədiyinə görə Pakistan tərəfinə təşəkkür edib.

Daha sonra cənab Ramil Usubov müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi barədə məlumat verib. Xüsusilə qeyd olunub ki,  xalqın tələbi ilə ali hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayiş, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarət altına alınıb. Sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər, əmin-amanlıq ölkə iqtisadiyyatının durmadan inkişafı üçün əlverişli şərait yaradıb. Belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqları diqqətə çatdırılıb.

Nazir cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar barədə danışıb, ölkəmizin demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların böyük rolu olduğunu, həmin qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Daxili işlər naziri vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər”, “102 Zəng Xidməti” Mərkəzinin imkanlarından da geniş istifadə olunduğunu  vurğulayıb.

Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında son illər sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin, bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə  əminliyini ifadə edib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən Səid Xan Mohmand dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.
Transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusən Pakistanın zəngin təcrübə topladığı beynəlxalq terrorçuluqla birgə mübarizənin zəruriliyinə dair cənab nazirin fikirlərini bölüşən səfir yüksək səviyyədə olan ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da inkişafı üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.  

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.