Axtarış

Virtual Karabakh Justice for khojaly

Ümumi müddəalar


1.1. Vətəndaşların müraciətlərinə baxılması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi sahəsində daxili işlər orqanlarının və daxili qoşunların qarşısında  qoyulmuş  vəzifələrdən  biridir. 

1.2. Bu Təlimat Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”na, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) normativ hüquqi aktlarına uyğun hazırlanmaqla daxili işlər orqanlarında və daxili qoşunlarda (bundan sonra - daxili işlər orqanları) vətəndaşların müraciətlərinə baxılması qaydalarını müəyyən edir.

1.3. Daxili işlər orqanlarının rəhbərləri:

1.3.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş qaydada vətəndaşların daxili işlər orqanlarına yazılı və ya şifahi formada müraciət etmək, habelə vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsinə müvafiq şərait yaradılmasını təmin etməlidirlər;

1.3.2. vətəndaşların müraciətlərini bu Təlimatla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməli, səlahiyyətləri üzrə baxmalı, lazımi tədbirlər görməli və onlara cavab verməlidirlər;

1.3.3. vətəndaşların müraciətləri üzrə kargüzarlıq işinin düzgün təşkilinə və müraciətlərə baxılmasının vəziyyətinə görə məsuliyyət daşımaqla mütəmadi olaraq bu işin aparılması qaydalarına əməl olunmasını yoxlamalı və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər görməlidirlər.

1.4. Vətəndaşların müraciətlərinə baxılması işinin təşkilati-metodiki təminatı Nazirliyin Katibliyi tərəfindən həyata keçirilir. 

1.5. Azərbaycan Respublikasının qanunlarında, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Təlimatın müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. 

1.6. Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.

1.7. Bu Təlimatın müddəaları məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində edilən müraciətlərə şamil olunmur.

1.8. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. 

1.9. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

1.10. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

1.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Təlimatın müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.

1.12. Daxili işlər orqanları əməkdaşlarının raportları bu Təlimata uyğun qeydiyyata alınır və onlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılır.

1.13. Vətəndaşların ibtidai araşdırma orqanlarının icraatında olan material və cinayət işləri üzrə prosessual hərəkətlərdən və qərarlardan şikayəti ilə bağlı müraciətləri bu Təlimata uyğun qeydiyyata alınır və onlara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada baxılır. 

1.14. Müraciətin baxılması üzrə qəbul edilmiş qərarla razılaşmayan vətəndaş, qərarı qəbul etmiş daxili işlər orqanından və ya vəzifəli şəxsdən yuxarı orqana və ya vəzifəli şəxsə, habelə qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.

1.15. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, həmçinin böhtan və ya təhqir xarakterli müraciətlərə görə vətəndaş qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

1.16. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud insan və ya vətəndaş hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

1.17. Vətəndaşların müraciətlərinə baxılması qaydalarını pozan, habelə müraciətləri ilə bağlı vətəndaşları təqib edən daxili işlər orqanlarının əməkdaşları qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

1.18. Müraciətlərə baxılması zamanı müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatların, eləcə də dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatların yayılması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), həmçinin müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.