DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN mətbuat xidmətinin məlumatı

03.02.2005



 

 

 

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 3-də ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohalın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan nazir Ramil Usubov, cənab Ştrohalla 2003-cü ilin noyabrında keçirdiyi görüşdən sonra daxili işlər orqanlarında vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində xeyli iş görüldüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinin humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı ümumbəşəri dəyərlərə əsaslanan hüquqi islahatların, demokratik prinsiplərə söykənən qanunların şəxsi heyətə öyrədilməsi sahəsində tədbirlər davam etdirilmiş, Avropa Şurası və ATƏT-in müvafiq qurumları ilə Əməkdaşlıq Proqramı çərçivəsində Polis Akademiyasında xüsusi kurslar, seminar və treyninqlər təşkil olunmuşdur. Beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilən bu cür tədbirlərin keçirilməsi indiki şəraitdə polis əməkdaşlarının peşə hazırlığı sisteminin keyfiyyətcə yeni göstəricilərə nail olmağa istiqamətləndirilməsi və demokratik tendensiyalar baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Cənab Ramil Usubov ötən müddət ərzində daxili işlər orqanlarının fəaliyyətinin demokratik prinsiplərə və beynəlxalq normalara uyğun qurulması üçün də bir sıra tədbirlər görüldüyünü, o cümlədən Nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə İdarələrinin yaradılmasını diqqətə çatdırmışdır.

General-polkovnik Ramil Usubov onu da qeyd etmişdir ki, polisin fəaliyyətinin cəmiyyətdə baş verən demokratik dəyişikliklərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlərə baxmayaraq, ayrı-ayrı əməkdaşlar tərəfindən insan hüquqlarının pozulması, xidməti vəzifələrin icrası zamanı, o cümlədən vətəndaşlarla rəftarda hətta cinayət xarakterli hərəkətlərə yol verilməsi halları da mövcuddur. Elə buna görə də, 2003-2004-cü illər ərzində insan və vətəndaş hüquqlarını pozduqlarına görə 188 nəfər əməkdaş cəzalandırılmışdır. Onlardan 2 nəfəri həbs edilmiş, 9 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, 5-i məhkum edilmiş, 25 əməkdaş isə  daxili işlər orqanlarından xaric olunmuşdur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohal ötən müddətdə Nazirlikdə aparılmış islahatlardan razı qaldığını bildirmiş, zorakılıq və buna bənzər halların qarşısının alınmasında və aradan qaldırılmasında etibarlı mexanizmin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Qərara alınmışdır ki, əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi baxımından hər iki tərəfin ekspertlərinin iştirakı ilə görüşlər keçirilsin.