Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib
21.07.2020İyulun 21-də Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub.
Müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının və Daxili Qoşunların ötən 6 ayda böyük bir iş həcmini yerinə yetirdiyini və bir çox istiqamətlərdə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Xidməti fəaliyyətdə innovasiyaların tətbiqi üzrə həyata keçirilən tədbirlərlə “Karantin dövründə buraxılışların qeydiyyatı”, “Mobil Axtarış Portalı”, “Yoxlamaların vahid məlumat reyestri”, “Ezamiyyətlərin qeydiyyatı”, Polis Akademiyasında “Elektron imtahan” informasiya sistemlərinin yaradılaraq istimara verildiyini, eləcə də bir sıra infrastruktur yeniliklərinin həyata keçirildiyini nəzərə çatdırıb.
Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini bildirib. Həmçinin, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görüldüyünü, onlardan 788 nəfərin həbs edildiyini, 193 min 560 nəfərin, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfərin cərimələndiyini qeyd edib.
General-polkovnik V.Eyvazov bildirib ki, Dövlət Başçısı cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən daxili işlər orqanlarının və daxili Qoşunların fəaliyyəti həmişə yüksək qiymətləndirilib. O, polisin peşə bayramı ərəfəsində 26 əməkdaşın dövlət mükafatına layiq görüldüyünü, rəhbər vəzifəli 3 şəxsə ali xüsusi rütbələr verildiyini məmnunluqla xatırladıb.
Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün söz Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova verilib. O, əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 13.310 cinayətin qeydə alındığını, bu cinayətlərin 94,7 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 87,2 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etdiyini bildirib.
Məruzəçi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir çox cinayətlərin sayında azalma qeydə alınıb. Belə ki, qəsdən adam öldürmələr 6, adam öldürməyə cəhdlər 16,3, qəsdən sağlamlığa az ağır zərər vurmalar 4,2, mülkiyyət əleyhinə olan cinayətlər 4,8, xuliqanlıqlar 27, yetkinlik yaşına çatmayanların cinayətləri 19,6, ailə münaqişəsi zəminində hüquqpozmalar 6,2, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 33,3, ictimai yerlərdə törədilən cinayətlər 21,5, yol-nəqliyyat hadisələri 7,5, qəzalarda ölənlərin sayı 5, xəsarət alanların sayı 6 faiz azalıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması, axtarışda olan 1821 şəxsin tutulması da məhz hesabat dövründə təmin edilib.
Polis general-leytenantı S.Əzimov mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 438, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox və ya 1 ton 67 kiloqram narkotik vasitə çıxarıldığını, 91 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini Kollegiya iştirakçılarının nəzərinə çatdırıb.
Məruzə ətrafında çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Sərdar Səfərov və digərləri hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlər barədə məruzə ediblər.
İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdıraraq müşavirə iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına və qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.
Nazir cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, verdiyi böyük dəyərə və etimadına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və onları əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcəkdir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR
Vətəndaşların nəzərinə
01.10.2024