DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24.06.2005



Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 24-də ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivordu qəbul etmişdir. Qonağı səmimiyyətlə salamlayan nazir son illər Daxili İşlər Nazirliyi ilə ATƏT, onun Bakı ofisi arasında yaxşı əlaqələr yaradıldığını, gələcəkdə belə nümunəvi əlaqələrin, əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu vurğulamış, əməkdaşların peşəkar hazırlıq səviyyələrinin daha da artırılması sahəsində göstərdikləri yardımlara görə təşəkkürünü bildirmişdir. Müstəqillik illərində, xüsusən də son on ildə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə siyasətində əsaslı, demokratik, siyasi-hüquqi, sosial-iqtisadi islahatların həyata keçirildiyini, Avropa standartlarına uyğun yeni normativ-hüquqi bazanın yaradıldığını, qanunların qəbul edildiyini xatırladan general-polkovnik Ramil Usubov polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində, insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar ATƏT-in «Polisə Yardım Proqramı» çərçivəsində DİN-in bir sıra orqan və hissələrində müxtəlif seminar, treyninqlərin keçirildiyini, xidməti fəaliyyətin müasir tələblər səviyyəsində qurulması üçün hərtərəfli köməklik göstərildiyini bildirmişdir. O, demişdir ki, ATƏT-lə birgə səmərəli fəaliyyət davamlı olacaq, nəzərdə tutulmuş proqramların yerinə yetirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi üçün DİN rəhbərliyi tərəfindən bütün lazımi tədbirlər görüləcək, Avropanın qabaqcıl təcrübəsindən yetərincə istifadə edilməklə daxili işlər orqanları əməkdaşlarının təlim prosesində mühüm irəliləyişə nail olunacaqdır. Görüşdə qonağa həmçinin ölkəmizdə kriminogen durumun nəzarətdə olması, cinayətkarlıqla mübarizə, vətəndaşların qanunla qorunan bütün hüquq və azadlıqlarının təmini, transmilli mütəşəkkil cinayətkarlığa qarşı bir sıra ölkələrlə uğurlu əməkdaşlıq barədə də ətraflı məlumat verilmişdir. Daxili işlər naziri qeyd etmişdir ki, cinayətkarlıqla mübarizəyə, ümumən cinayətlərin hər il azalmasına baxmayaraq polisin fəaliyyətində bəzi problem məsələlər də özünü göstərir. Belə hallara narkotiklərin qanunsuz dövriyyəsi, terrorizm təhlükəsinin qloballaşması, insan alveri, qanunsuz miqrasiya və sair aid ola bilər ki, ölkəmiz cinayətkarlığın belə növlərinə qarşı daim qətiyyətli mübarizə aparmağa, bu sahədə birgə əməkdaşlığı genişləndirməklə ümumi işə öz töhfəsini verməyə çalışır. Səmimi qəbula və ətpaflı məlumata görə minnətdarlığını bildirən cənab Robin Sivord təmsil etdiyi təşkilatla Daxili İşlər Nazirliyi arasında səmərəli, yüksək səviyyəli əlaqələrin qurulduğunu, əsas məqsədinin ATƏT-in «Polisə Yardım Proqramı» çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparmaqdan ibarət olduğunu nəzərə çatdırmışdır. 2002-2003-cü illərdə ATƏT-in yüksək vəzifəli şəxslərinin, o cümlədən bu təşkilatın Polis məsələləri üzrə bölməsinin rəhbəri Riçard Monkun başçılıq etdiyi Qiymətləndirmə Qrupunun ölkəmizə səfərlərini, onların DİN-nin bir sıra orqanlarını və təlim-təhsil müəssisələrini ziyarət etdiklərini xatırladan ATƏT-in Bakı ofisi rəhbərinin müavini həmin səfərlərin nəticəsində ilk mərhələdə dörd istiqaməti əhatə edən «Polisə Yardım Proqramı»nın formalaşdığını qeyd etmişdir. Həmin proqrama əsasən, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə təmir-tikinti işlərinin aparılması, sonra bu tədris müəssisəsinin müasir texniki avadanlıqla təmin edilməsi, narkotiklərlə bağlı cinayət işlərinin yeni üsulla araşdırılmasına dair tövsiyələrin hazırlanması da nəzərdə tutulmuşdur. Səmimi və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.