Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20220228175804.jpg

Daxili İşlər Nazirliyində Xocalı faciəsinin qurbanları yad edilib

25.02.2022

Fevralın 25-də Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırıma məruz qalmış  xocalıların, eləcə də ölkəmizin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İdarə rəisi, polis polkovniki Elçin Məmmədli xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, 30 il əvvəl Xocalıda növbəti belə faciə ilə üzləşdiyini bildirib. Yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığı, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyi vurğulanıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər nəticəsində erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səylərinin puç olduğu, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatlarının iflasa uğradığı qeyd olunub.

O, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.   

Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ən son press-relizlər