Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20211113013600.jpg

Vətən Müharibəsinin daha 22 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu

17.10.2021

Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Yüksək mənəviyyata, iş keyfiyyətlərinə malik, bacarıqlı, fiziki cəhətdən sağlam gənclərin digər sahələrdə olduğu kimi daxili işlər orqanlarında da xidmətə qəbulu və irəli çəkilmələri DİN rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılır.

Mütəmadi olaraq kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində polis orqanlarında xidmət etmək arzusunda gənclər üçün müsabiqələr təqdim edilir.

Sentyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı da bunun bariz nümunəsidir.


Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub.

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.


Qeyd edək ki, polis orqanlarında xidmət etmək arzusunda olan kişi cinsli vətəndaşlar üçün müsabiqələr davam edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər DİN-in rəsmi “mia.gov.az” saytına daxil olub “vətəndaşların nəzərinə” bölməsinə keçid edərək uyğun gəldikləri vakansiyaya daxil olmalı, orada yerləşdirilmiş elektron ərizə formasını doldurduqdan sonra  “bki@mia.gov.az” ünvanına göndərməlidirlər. Müraciət qeydiyyata alındıqdan sonra Baş Kadrlar İdarəsinin əməkdaşları seçim turunun növbəti mərhələləri barədə onları məlumatlandıracaqlar.

Ən son press-relizlər