DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

2018-ci ilin yekun təhlili

2018-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil
                                                                 
Azərbaycan Respublikasında uğurla davam etdirilən strateci inkişaf kursunun və hərtərəfli islahatların məntiqi nəticəsi olaraq ölkədə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai asayiş və sabitlik 2018-ci il ərzində də etibarlı qorunaraq cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB və Avropa məkanında öncül mövqe qorunub saxlanılmış, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 264 fakt təşkil etmişdir. Vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən müdafiəsi sahəsində digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən tədbirlərlə respublikada əməliyyat şəraitinə nəzarət bütövlükdə təmin edilmişdir. 
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26381 (2017-ci il ilə müqayisədə 268 fakt və ya 1% çox) cinayət qeydə alınmışdır. Onların 92,4 %-i və ya 24372-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 89,7 faizini böyük ictimai təhlükə törətməyən (7403) və az ağır (14456), yalnız 10,3%-ni (2513) ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 4794-ü (2017-ci il ilə müqayisədə 108 və ya 2,3% çox) şəxsiyyət əleyhinə, 11979-u (-845; -6.6%) iqtisadi sahədə törədilən, onlardan 11712-i (-982; -7,7%) mülkiyyət əleyhinə, 6710-u (+594; +9,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 884-ü (+212; +31.5%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 85,5%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 98,1% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 98,1%), qaçaqmalçılıq cinayətlərinin 97,3%, hədə-qorxu ilə tələb etmələrin 97,2%, insan alveri ilə bağlı cinayətlərin 97,1%, qəsdən adam öldürmələrin 95,1%, dələduzluqların 94,5%, qəsdən sağlamlığa ağır zərər vurmaların 94,4%, xuliqanlıqların 93,5%, zorlamaların 92,6%, narkotik vasitələrlə bağlı cinayətlərin 91,9%, quldurluqların 90,2%, mənimsəmə və israf etmələrin 86,3%-nin açılması təmin edilmişdir. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla 81,5 faizə (+5,9%) yüksəlmişdir.
Cinayətlərin strukturunda qəsdən sağlamlığa ağır zərər vurmalar 16% (-62), dələduzluqlar 27,9% (-1075), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 7% (-14), quldurluqlar 4,8% (-6), oğurluqlar 0,2% (-13) azalmış, xuliqanlıq 10,4% (+86), ekolocı cinayətlər 42,3%  (+69), soyğunçuluq 12,5% (+34), qaçaqmalçılıq cinayətləri 60% (+30), hədə-qorxu ilə tələb etmə 9,1% (+7), qəsdən adam öldürmə cinayətləri 3,7% (+6) artmış, adamları girov götürmə cinayətlərindən 1 fakt qeydə alınmışdır.
Bağlı qalmış 3401 cinayətin 90,2%-ni (2335) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 9,8% (332) ağır və xüsusilə ağır növlər təşkil etmiş, onlardan da 35,6% (115) mülkiyyət əleyhinə, 49,7% (165) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 11,4% (38) şəxsiyyət əleyhinə olan cinayətlərdir.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 2965 (+238), o cümlədən onların satışı ilə bağlı 897 (+98) fakt üzrə cinayətkarlardan ötən il ərzində 191,8 kiloqram çox (+20,3%), bütövlükdə 1 ton 136 kiloqram narkotik vasitə götürülmüşdür. Güclü təsirə malik narkotik vasitələr sinfinə aid olan 290 kiloqram tiryək və heroin dövriyyədən çıxarılmış, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 45 cinayətkar qrup zərərsizləşdirilmiş, ümumi çəkisi 138 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. 
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2349 nəfərdən 2020-i (86%) əmək qabiliyyətli işləməyən və oxumayan, 902-i (38,4%) əvvəllər cinayət törətmiş, 30-u (1,3%) qadınlardır.
İnsan alverinə qarşı mübarizə sistemli və ardıcıl olmuşdur. Hesabat dövründə 144 (+2) insan alveri cinayəti müəyyən edilmiş, 28 (+11) nəfərdən ibarət 13 (+5) cinayətkar qrup zərərsizləşdirilərək, insan alverinin qurbanı olmuş 98 (+27) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 332, o cümlədən 54 ağır və xüsusilə ağır cinayət (onlardan 25 dələduzluq, 8 mənimsəmə və israf etmə, 5 adam oğurluğu və digər) açılmışdır.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 38 (+16) saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Qanunsuz dövriyyədən 1227 ədəd müxtəlif nominalda saxta əskinas, istifadə müddəti ötmüş 510 (+210) ton yeyinti məhsulu və tikinti materialı çıxarılmışdır.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Məhkəmədən, istintaq və təhqiqat orqanlarından yayınan 3794 (+379), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 582 (-85) təqsirləndirilən şəxs tutulmuşdur.

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa elan edilmiş 77 (+1) nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 (+2) şəxsin yeri müəyyən olunmuşdur. 
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 3794-ü (74,5%), itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 964 şəxsdən 790-nın (82%) yeri müəyyən edilmişdir. Bütövlükdə, axtarış işinin nəticələri 3,1 faiz yaxşılaşaraq 74,5 faiz təşkil etmişdir.
Oğurluq cinayətlərinə (89,7%), soyğunçuluğa (85,7%), hədə-qorxu ilə tələb etməyə (79,2%), xuliqanlığa (86,5%), narkotik vasitələrin qanunsuz dövriyyəsinə (90,1%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir.
Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 (-421) cinayət törətmiş 869 (-159) cinayətkar qrup zərərsizləşdirilmişdir. 
2018-ci il ərzində 12014 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 9460-ı (78,7%) işləməyən və oxumayan, 3497-i (29,1%) əvvəllər məhkum edilmiş, 663-ü (5,5%) qadın, 417-i (3,5%) yetkinlik yaşına çatmayanlar olmuşdur.

                                   Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Geriyə qayıt Çap et