DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

07.07.2005



     Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Pakistan İslam Respublikasının daxili işlər naziri Aftab Əhməd xan Şerpaonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 7-də ölkəmizə üç günlük rəsmi səfərə gəlmişdir.
     Qonaqlar səfərin ilk günü Fəxri  Xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarın önünə əklil qoymuşlar. Sonra Pakistan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət etmişlər. 
     Daha sonra Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovla  Pakistan İslam Respublikasının daxili işlər naziri Aftab Əhməd xan Şerpaonun  görüşü olmuşdur.
     Görüş zamanı nazirlər öz dövlətlərinin ərazisində cinayətkarlıqla mübarizənin vəziyyəti  və nəticələri barədə məlumat mübadiləsi aparmış, ikitərəfli əlaqələrin  vəziyyətini və perspektivlərini, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə,  narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədbirləri  müzakirə etmişlər.
     Hər iki dövlətin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın inkişafında müşahidə olunan pozitiv prosesləri məmnuniyyətlə qeyd edən nazirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin müəyyən etdikləri prioritetlər əsasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin, ictimai təhlükəsizliyin təmin olunmasında, beynəlxalq terrolrçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən qeyri-qanuni miqrasiya və insan alveri, silahların, narkotik vasitələrin və prekursorların qanunsuz dövriyyəsi kimi təhlükəli təzahürlərə qarşı mübarizədə səylərin birləşdirilməsi zəruriliyini vurğulamışlar.
     Görüşün sonunda birgə bəyanat imzalanmışdır.
Pakistanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Hafiz və Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli görüşdə iştirak etmişlər.  

Azərbaycan-Pakistan münasibətləri.
Pakistan hökuməti Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və indiyədək Ermənistanla diplomatik münasibətlər  qurmamışdır.
Pakistanın Azərbaycanda səfirliyi 12 mart 1993-cü ildən, Azərbaycanın Pakistanda səfirliyi isə 24 avqust 1997-ci ildən fəaliyyət göstərir.
    Bu illərdə hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri olmuşdur.
     Hər iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür.
 İki dost ölkənin Daxili İşlər Nazirlikləri arasında əlaqələr 2002-ci ildən etibarən qurulmağa başlamışdır. Bunun nəticəsi olaraq, cinayətkarlıqla mübarizəyə dair iki sənəd - «Azərbaycan Respublikası hökuməti və Pakistan Respublikası hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqıda» və «Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Resprublikası hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» sazişlər işlənib hazırlanmışdır. Hər iki saziş 8-10 iyul 2004-cü il tarixdə Pakistan İslam Respublikasının  Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmışdır.