DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

04.03.2021


 Bu gün – martın 4-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 345 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladaraq onlara polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.