Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20211113205313.jpg

Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olundu

21.01.2020


 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər naziri V.Eyvazov tədbirin gündəliyini elan edib, reqlament təsdiq edildikdən sonra görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmək üçün söz Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalova verilib.

Məruzəçi bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması  müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə  502  radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.  
Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.
 Baş İdarə rəisi təəssüflə bildirib ki, görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.
Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.
Polis general-mayoru R.Zeynalov qeyd edib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə cənab nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş idarədə 1500-ə yaxın vətəndaş qəbul edilib, daxil olmuş 93 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib. O, hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyyə edib.
Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar.  Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.  

General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin  görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin  icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.
 
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə olacaqlarına əminliyini bildirib.

Ən son press-relizlər