DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İnsan alverinə qarşı mübarizə haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.

I Fəsil.  Ümumi müddəalar

Maddə 1.  Əsas anlayışlar 

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu maddədə göstərilən üsullardan istifadə olunmasa da insan alveri hesab edilir);
1.0.2. insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi (insan alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır);
1.0.3. məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi;
1.0.4. cinsi istismar - şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi;
1.0.5. köləlik - şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;
1.0.6. köləliyə bənzər adətlər - 1956-cı il 30 aprel tarixli «Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin ləğv olunması haqqında Əlavə Konvensiya»nın 1-ci maddəsində göstərilmiş institut və adətlər;
1.0.7. insan alverçisi - insan alveri ilə əlaqədar hər hansı fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs;
1.0.8. insan alverinin qurbanı - insan alverindən zərər çəkmiş, yaxud zərər çəkməsi ehtimal olunan şəxs;
1.0.9. uşaq - 18 yaşına çatmayan şəxs;
1.0.10. insan alverinin potensial qurbanları - avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər.

Maddə 2. İnsan alverinə qarşı mübarizə haqqında qanunvericilik

İnsan alverinə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3.  İnsan alverinə qarşı mübarizənin məqsədləri

3.1. İnsan alverinə qarşı mübarizənin məqsədləri:
3.1.1. şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsindən;
3.1.2. insan alverinin aşkar edilməsi və qarşısının alınmasından, habelə nəticələrinin aradan qaldırılmasından ibarətdir.
3.2. Göstərilən məqsədlərə:
3.2.1. insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;
3.2.2. şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması;
3.2.3. insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reabilitasiyası vasitəsilə nail olunur.

Maddə 4.  İnsan alverinə qarşı mübarizənin əsas prinsipləri

4.0. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:
4.0.1. insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;
4.0.2. insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;
4.0.3. insan alverinə görə cəzanın labüdlüyü;
4.0.4. hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;
4.0.5. insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi;
4.0.6. insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

II Fəsil.  İnsan alverinə qarşı mübarizənin təşkilati əsasları

Maddə 5.   İnsan alverinə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi

Dövlət və yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər insan alverinə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərməlidirlər.

Maddə 6.  İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı

6.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (bundan sonra - Milli Fəaliyyət Planı) insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır.
6.2. Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər orqanlar) iştirakını və bu qurumların fəaliyyətinin Milli Koordinator tərəfindən əlaqələndirilməsini, insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.
6.3. Milli Fəaliyyət Planının səmərəliliyini artırmaq, o cümlədən insanların təhlükəsizliyini təmin etmək və məlumatları qorumaq məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının öz vəzifələrini icra etməsi “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanır. Bu prinsipin tətbiq edilməsi iştirakçıların yalnız səlahiyyətləri daxilində Milli Fəaliyyət Planının icrasında iştirak etməsini təmin edir və Milli Fəaliyyət Planı iştirakçılarının korrupsiyaya məruz qalmasına və insan alveri ilə bağlı cinayətləri törədən şəxslərin iştirakçılara təsir edə bilməsinə qarşı səmərəli müdafiəni təmin etmək məqsədi daşıyır.

Maddə 7.  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator

7.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.
7.2. Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə Milli Koordinator tərəfindən həmin qurumların fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir.
7.3. Milli Koordinator insan alveri ilə bağlı cinayətlərlə əlaqədar əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin daha səmərəli surətdə həyata keçirilməsi məqsədi ilə təhlükəsizlik, sərhəd xidməti, polis, prokurorluq orqanları, məhkəmələr, digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurur.
7.4. Milli Koordinatorun funksiyaları Milli Fəaliyyət Planı ilə müəyyən edilir.
7.5. Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim edir.

Maddə 8. İnsan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu

8.1. Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə xüsusi polis qurumu yaradılır.
8.2. Xüsusi polis qurumu insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. İnsan alveri ilə bağlı cinayət işləri üzrə araşdırma aparılarkən toplanan məlumatların qeydə alınması və istifadəsi üçün vahid məlumat bazası yaradılır. İnsan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu birbaşa Milli Koordinatora tabedir.
8.3. Xüsusi polis qurumunun əməkdaşları xidmətə şəffaflıq əsasında, digər meyarlarla yanaşı şəxsi keyfiyyətlər, peşə hazırlığı, təhsil səviyyəsi və psixoloji dayanıqlıq baxımından insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumunda xidmətə yararlı olmaları nəzərə alınmaqla qəbul edilirlər. Xüsusi polis qurumuna xidmətə qəbul olunmuş əməkdaşlar əsasən aşağıdakı məsələlər üzrə təlim keçirlər:
8.3.1. insan alveri qurbanlarından və digər mənbələrdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatların, sənədlərin və digər əşyaların əldə edilməsi, təhlili və sübut qismində təqdim edilməsi;
8.3.2. insan alveri qurbanlarının müəyyən edilməsi üsulları;
8.3.3. müəyyən müşahidə üsullarından və texniki vasitələrdən istifadə edilməsi;
8.3.4. insan alveri qurbanları ilə davranış qaydaları.
8.4. Şəxsin insan alverindən zərər çəkməsi ehtimal edildikdə, yaxud insan alveri ilə bağlı cinayətlərin törədilməsi və ya hazırlanması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə xüsusi polis qurumuna dərhal məlumat verilməli, müvafiq sənədlər həmin quruma təqdim edilməli və zəruri kömək göstərilməlidir.
8.5. İnsan alverinə qarşı mübarizə aparan hüquq-mühafizə orqanları xüsusi polis qurumu ilə qarşılıqlı əlaqələrin təmin edilməsi məqsədilə əlaqələndirici qismində fəaliyyət göstərən və insan alveri üzrə təlim keçmiş əməkdaşlarını müəyyən edirlər. 

Maddə 9.   İnsan alverinə qarşı mübarizə sahəsində vəzifələr

9.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alverinə qarşı mübarizəni insan alveri ilə bağlı cinayətlərin, habelə insan alveri üzrə mütəşəkkil cinayətkarlığın qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq yolu ilə həyata keçirir.
9.2. İnsan alverinin qurbanı olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası hüdudlarından kənarda olduqları təqdirdə, onların hüquq və mənafelərinin müdafiəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinə qarşı mübarizəni həyata keçirən orqanlara hərtərəfli yardım edirlər.
9.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alverinə qarşı mübarizəni transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrini müəyyən etmək, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısını almaq, onu aşkar etmək və aradan qaldırmaq yolu ilə həyata keçirir.
9.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları insan alverinə qarşı mübarizəni insan alverçilərinin Azərbaycan Respublikasının dövlət və gömrük sərhədlərini keçməsini, habelə insan alveri qurbanlarının Azərbaycan Respublikasının dövlət və gömrük sərhədlərindən keçirilməsini aşkar etmək və aradan qaldırmaq, bu cür əməllərin qarşısını almaq yolu ilə həyata keçirirlər.
9.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
9.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramlar və kompleks tədbirlər planları hazırlayır və həyata keçirir.
9.7. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təhsil müəssisələrinin tədris planlarında insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəldilmiş kurslar nəzərdə tutur, insan alveri ilə mübarizə aparan mütəxəssislərin hazırlanması üçün tədris proqramları hazırlayır.

Maddə 10.  İnsan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq 

10.1. Dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.
10.2. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.
10.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulan məqsədlər üçün zəruri ehtiyacları Milli Koordinatorla birlikdə müəyyən edərək qrantlar verə bilər.

III Fəsil.  İnsan alverinin profilaktikası

Maddə 11.  İnsan alverinin profilaktikasının təşkili

11.1. İnsan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.
11.2. İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir:
11.2.1. insan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması;
11.2.2. insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi;
11.2.3. qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi;
11.2.4. insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi;
11.2.5. insan alverindən zərərçəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi;
11.2.6. insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması;
11.2.7. uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi;
11.2.8. təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi;
11.2.9. təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi;
11.2.10. insan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşları üçün xüsusi tədris kurslarının təşkil edilməsi.

IV Fəsil.  İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi

Maddə 12.  İnsan alveri qurbanları üçün xüsusi müəssisələr

12.1. İnsan alveri qurbanlarının müdafiəsi üçün aşağıdakı xüsusi müəssisələr yaradılır:
12.1.1. insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar;
12.1.2. insan alveri qurbanlarına yardım mərkəzləri.
12.2. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir.
12.3. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13.   İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar

13.1. İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra - sığınacaqlar) insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edilməsi, onlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır.
13.2. Sığınacaqlarda insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir.
13.3. Sığınacaq davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq insan alverinin qurbanına onun xahişi ilə 30 gün müddətinə təqdim edilir.
13.4. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun və ya insan alveri qurbanının vəsatəti ilə uzadıla bilər. Bütun hallarda sığınacağa yerləşdirmə və sığınacaq verilmə müddətinin uzadılması insan alveri qurbanının razılığı ilə həyata keçirilir.
13.5. İnsan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilməsi və onların orada saxlanılması bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.

Maddə 14.  İnsan alveri qurbanlarına yardım mərkəzləri
 
14.1. İnsan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra - yardım mərkəzləri) insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədilə yaradılır.
14.2. Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir.
14.3. Yardım mərkəzlərində davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq, özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi ilə yardım göstərilir.
14.4. Yardım mərkəzlərində şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq həmin şəxsin sığınacaqda yerləşdirilməsi üçün tədbirlər görülür.

Maddə 14-1. Bərpa və fikirləşmə müddəti 

14-1.1. İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir. 

14-1.2. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. 

14-1.3. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

14-1.4. Şəxsin insan alverinin qurbanı olmadığı müəyyənləşdirildikdə, bərpa və fikirləşmə müddəti verilmir, bu müddət başlandıqda isə dayandırılır.

Maddə 15.  İnsan alveri qurbanlarının sosial reabilitasiyası

15.1. İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.
15.2. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.
15.3. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır.
15.4. İnsan alveri qurbanlarının sosial reabilitasiyası Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
15.5. İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 16.  İnsan alverinin qurbanı olmuş uşaqlara yardım göstərilməsi
   
16.1. İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün bütün tədbirlər görülməlidir.
16.2. Sığınacaqlar və yardım mərkəzləri insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verirlər. Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunması üçün tədbirlər görür.
16.3. Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
16.4. Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər.
16.5. Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.
16.6. İnsan alverinin qurbanı olmuş uşaq valideynlərinin yerini bilmədikdə  və ya valideyn himayəsindən məhrum olduqda, insan alverinə qarşı mübarizə aparan dövlət orqanları onun valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi  üçün tədbirlər görür. Belə uşaqların sosial müdafiəsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.
16.7. İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında bu Qanunun 15.4-cü və 16.1-ci maddələri, habelə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla həyata keçirilir.

Maddə 17.   İnsan alveri qurbanlarına yardım göstərilməsi və onların müdafiəsi üzrə tədbirlər

17.1. Cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər.
17.2. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir.
17.3. Məhkəmənin və ya digər cinayət təqibi orqanının qərarı ilə insan alverindən zərər çəkmiş şəxsin şəxsiyyəti haqqında məlumat-sorğu xidmətlərində və informasiya-məlumat fondlarında olan məlumatlara buraxılış dayandırılır.
17.4. İnsan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatların yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumat konfidensial hesab edilir və onun yayılması qadağandır.
17.5. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
17.6. Beynəlxalq daşımaları həyata keçirən hüquqi şəxslər, nəqliyyat təşkilatları, nəqliyyat vasitələrinin sahibləri və ya operatorları sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görməli, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamalı, belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etməlidirlər.
17.7. İnsan alverindən zərər çəkmiş şəxslər bilavasitə insan alverinin qurbanı vəziyyətində olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər.
17.8. İnsan alverinin qurbanı olmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

Maddə 18.  İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi

18.1. İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanın əməkdaşı təhlükəsizliyin təmin edilməsi imkanları və tətbiq edilən müdafiə tədbirləri barədə insan alverindən zərər çəkmiş şəxsi xəbərdar etməlidir.
18.2. İnsan alverindən zərər çəkmiş şəxslər barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri insan alveri ilə bağlı cinayətlərə dair ibtidai araşdırma, məhkəmə baxışı, habelə məhkəmənin yekun qərarı çıxarıldıqdan sonrakı dövr də daxil olmaqla, təhlükə tam aradan qalxanadək davam etdirilir.
18.3. İnsan alverindən zərər çəkmiş şəxslərin şəxsiyyətinin anonimliyinin təmin edilməsi məqsədilə uydurma adlardan istifadə edilə bilər.

Maddə 19.   Diplomatik nümayəndəliklərin və konsulluqların insan alveri qurbanlarına yardım göstərmək və onları müdafiə etmək vəzifəsi

19.1. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.
19.2. İnsan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdikdə və ya onları insan alverçilərindən geri almaq mümkün olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Maddə 20.   İnsan alverinin qurbanı olan əcnəbi və  vətəndaşlığı olmayan şəxslərin repatriasiyası

20.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmur.  

20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.  

20.3. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılmasına yalnız uşağın yenidən insan alverinin qurbanı olması ehtimalı istisna edildikdə yol verilir. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılması məsələsi həll olunarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.  

20.4. İnsan alverinin qurbanı Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olduqda, onun müvafiq sənədlərlə təmin edilməsinə, nəqliyyat və digər zəruri xərclərin ödənilməsinə köməklik göstərilir, qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılmasına dair tövsiyələr verilir, habelə bu mümkün olduğu halda qəbul edən ölkədə ona yardım edə biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin və sosial təminat qurumlarının əlaqə məlumatları təqdim edilir.  

20.4-1. İnsan alverinin qurbanı olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən insan alveri qurbanlarının repatriasiya qaydaları qəbul edilir. Bu qaydalar, həmçinin insan alverindən zərərçəkmiş uşaqların təhsil hüququndan faydalanma imkanlarının və onlara zəruri qayğının göstərilməsinin təmin olunması, ailələr və ya müvafiq qayğı göstərən qurumlar tərəfindən onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 

20.5. İnsan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bu Qanunun 20.1-ci maddəsində göstərilən müddət ərzində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yaşamaq hüququ əldə etmək üçün müvafiq dövlət orqanlarına müraciət edə bilər. Belə müraciətə baxılarkən insan alveri qurbanının cinayət təqibi orqanları ilə əməkdaşlıq etməsi, insan alveri qurbanının məruz qaldığı fiziki və mənəvi iztirablar, insan alverinin qurbanı olması müddəti, habelə şəxsin öz ölkəsinə repatriasiya edilməsindən sonra yenidən insan alverinin qurbanına çevrilməsi, yaxud insan alverçiləri tərəfindən təqibə məruz qalması təhlükəsi nəzərə alınır.

20.6. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və ya vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması üçün tədbirlər görülür.

20.7. Azərbaycan Respublikasında yaşamaq hüququ verilmiş insan alverinin qurbanı immiqrant statusu əldə edir və bu statusdan irəli gələn bütün hüquq və vəzifələrə malik olur.

V Fəsil.  İnsan alveri ilə bağlı işlərə baxilmasının xüsusiyyətləri və insan alveri ilə bağlı məsuliyyət

Maddə 21.  İnsan alveri ilə bağlı məsuliyyət

21.1. İnsan alverində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.
21.2. Vəzifəli şəxsin insan alverinə şərait yarada biləcək hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
21.3. İnsan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir. 

Maddə 22.  İnsan alverindən əldə edilmiş əmlakın müsadirə edilməsi və istifadə olunması

22.1. İnsan alverindən əldə edilmiş bütün əmlak (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və sair əmlak) qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir.
22.2. İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına kompensasiyaların ödənilməsinə, onların sosial reabilitasiyasına, tibbi və digər zəruri xərclərinin ödənilməsinə yönəldilir.
22.3. İnsan alveri qurbanlarına kömək fondunun vəsaitlərinin idarə edilməsində və xərclənməsində şəffaflıq təmin edilir. İnsan alveri qurbanlarına kömək fondunun fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. İnsan alveri qurbanlarına dəymiş ziyanın ödənilməsi

23.1. Məhkəmələr insan alverindən zərər çəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll edirlər.
23.2. İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına ödənilir. Bu əmlak kifayət etmədikdə, dəymiş ziyan məhkəmənin qərarına əsasən insan alveri qurbanlarına kömək fondunun vəsaiti hesabına ödənilə bilər.

Maddə 24. İnsan alveri ilə bağlı işlərə baxılmasının xüsusiyyətləri

24.1. İnsan alveri ilə bağlı cinayət işlərinə, habelə insan alveri nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə insan alveri qurbanının müraciəti əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər.
24.2. İnsan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alverçiləri tərəfindən onlara təsir göstərilməsinin qarşısının alınması məqsədilə, habelə insan alveri qurbanlarının fiziki və psixoloji vəziyyəti nəzərə alınaraq məhkəmə baxışı zamanı insan alveri qurbanlarına texniki vasitələrdən (telekörpü, videoyazı və s.) istifadə etməklə ifadə vermək imkanı yaradıla bilər.

Maddə 25. İnsan alverinə görə hüquqi şəxslərin məsuliyyəti

25.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxs (onun filialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
25.2. İnsan alveri ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş hüquqi şəxs ləğv edilərkən ona mənsub olan vəsait insan alveri qurbanlarına kömək fondunun hesabına keçirilir.

VI Fəsil.  İnsan alverinə qarşi mübarizə sahəsində beynəlxalq əməkdaşliq

Maddə 26.   İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Maddə 27.   İnsan alveri ilə bağlı cinayətlərə dair Azərbaycan Respublikasının yurisdiksiyası

İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Maddə 28.  İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardım

 İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 29.  İnsan alveri ilə bağlı cinayət törətmiş şəxslərin verilməsi
   
İnsan alverçiləri və insan alveri ilə bağlı əməllərin törədilməsində iştirak edən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər.

VII Fəsil.  Yekun müddəalar

Maddə 30. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  28 iyun 2005-ci il № 958-IIQ

Geriyə qayıt Çap et