O, qaçqın və məcburi köçkünləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından salamlayaraq bu görüşün möhtərəm dövlət başçımızın birbaşa göstərişi, tapşırığı ilə keçirildiyini, xeyirxah təşəbbüsün əsasının isə hələ ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmışdır. Qeyd edilmişdir ki, vaxtilə böyük öndərimiz ayrı-ayrı dövlət orqanlarının, idarə və müəssisə rəhbərlərinin vaxtaşırı öz doğma yurd yerlərindən didərgin salınmış soydaşlarımıza baş çəkmələrini, onların qayğıları ilə, problemləri ilə maraqlanaraq qeydinə qalmalarını mühüm bir vəzifə kimi qarşıya qoymuş, bunu bizə tövsiyə etmişdi.
Daha sonra nazir R.Usubov ümummilli liderimizin kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurla həyata keçirilən islahatlar, iqtisadiyyatın inkişafı, xalqımızın rifahının durmadan yaxşılaşması istiqamətində, ordu və dövlət quruculuğunda, cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlar barədə danışmış, ölkədə kriminogen durumun tam nəzarətdə olması, sabitliyin dönməzliyinin təmininin, göstərilən müsbət göstəricilərin qazanılmasına həlledici təsir göstərdiyini demişdir. O, əmin olduğunu bildirmişdir ki, dövlət rəhbərimizin uğurlu daxili və xarici siyasət kursu Dağlıq Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq normaları və Azərbaycanın milli maraqları nəzərə alınmaqla tezliklə həllinə əlverişli zəmindir, xalqımızda işğal altındakı torpaqlarımızın yaxın gələcəkdə azad ediləcəyinə, qaçqın və köçkünlərin doğma yurd yerlərinə qayıdacaqlarına mönkəm inam yaradır.
Xatırlatmaq yerinə düşər ki, Şəhriyar çadır düşərgəsində respublikamızın işğal olunmuş Füzuli, Zəngilan, Cəbrayıl və digər rayonlarından zorla qovulmuş 400 ailə və ya 2074 nəfər ölkə rəhbərliyinin təşəbbüsü və qayğısı ilə müasir tələblər səviyyəsində tikilmiş 200 evdə yaşayır. General-polkovnik R.Usubov əvvəlcə buradakı orta məktəbə baş çəkmiş, şagirdlərin təhsil almaları, tədris-təlim prosesi ilə maraqlanmış, bu tədris ocağının hər bir sinfinin dizel yanacağı ilə işləyən qızdırıcılarla və partalarla, digər zəruri ləvazimatlarla təmininə yardımçı olacağını söyləmişdir.
Daha sonra DİN rəhbəri tibb məntəqəsində olmuş, burada məntəqənin baş həkimi Əlifağa Nadirov hörmətli qonağa qaçqın və məcburi köçkünlərə göstərilən qayğıdan, aztəminatlı ailələrə pulsuz tibbi xidmətin göstərilməsindən və dərman preparatlarının verilməsindən, çadır şəhərciyinin 478 uşağın müxtəlif xəstəliklərdən qorunması məqsədi ilə vaxtaşırı aparılan peyvəndləşdirmədən, ötən ziyarətlərdən birində DİN rəhbərliyinin bu şəfa ocağına bir təcili yardım maşınının hədiyyə edilməsindən razılıqla danışmışdır.
Daxili işlər naziri və onu müşayiət edən şəxslərin Horadiz qəsəbəsindən olan Kamil Həsənovun, Cəbrayıl qaçqını, Əfqanıstan və torpaqlarımızın azadlığı uğrunda gedən müharibənin veteranı olan İslam Məmmədovun evlərinə qonaq getmələri, onların mənzil, məişət şəraiti ilə yaxından tanış olmaları səfər proqramının ən yaddaqalan məqamlarından olmuşdur.
Şəhriyar çadır düşərgəsində keçirilən görüşdə çıxış edən məktəb direktoru, Zəngilan qaçqını Bilal Hətəmov, eləcə də Həsən Hüseynov və başqaları göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, möhtərəm prezidentimiz cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki fəal diplomatik səylərini, daxili və xarici siyasət xəttini daim dəstəklədiklərini, bunun təsdiqi kimi ötən ilin oktyabrında keçirilmiş prezident seçkisində elliklə məhz ona səs verdiklərini nəzərə çatdırmışlar. Çıxış edənlər möhtərəm dövlət başçımızın yeritdiyi, alternativi olmayan həmin siyasətin sayəsində tezliklə doğma yurd-yuvalarına dönəcəklərinə inandıqlarını söyləmişlər. Tədbirdə belə görüşlərin yaxın gələcəkdə işğaldan azad ediləcək torpaqlarımızda keçiriləcəyinə dərin bir inam ifadə edilmişdir.
Dana sonra nazir, general-polkovnik Ramil Usubov Qalağayın çadır düşərgəsində olmuşdur. Respublikamızın işğal edilmiş səkkiz bölgəsindən erməni silahlı qüvvələrinin çıxardıqları 2229 ailənin, başqa sözlə, 9986 həmvətənimizin müvəqqəti məskunlaşdığı Qalağayında da hörmətli qonaq hərarətlə, səmimiyyətlə və yüksək qonaqpərvərliklə qarşılanmışdır. Burada daxili işlər naziri Füzuli rayon 26 saylı və Cəbrayılın Dəmşalax kənd orta məktəblərinə getmiş, tədris-təlim prosesi ilə, bu zaman qarşıya çıxan problemlərlə yaxından maraqlanmış, Şəhriyar düşərgəsində olduğu kimi, burada da müəllim və şagirdlərin, soydaşlarımızı qayğılandıran konkret məsələlərin həllinə köməklik edəcəyini, məktəblərin lazımi avadanlıq və ləvazimatla təmin olunacağına söz vermiş, böyüməkdə olan nəslin gələcəyin ixtisaslı, peşəkar kadrları kimi yetişməsi üçün təhsilin əvəzsiz rolunu qeyd etmişdir.
Qalağayın çadır düşərgəsindəki görüşlərdə general-polkovnik R.Usubov möhtərəm prezidentimizin səmimi salamlarını və ən xoş arzularını qaçqın və məcburi köçkünlərə çatdırmış, Azərbaycanın taleyüklü problemləri, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, haqq işimizin dəstəklənməsi yolunda son zamanlar dövlət başçımızın rəhbərliyi altında görülmüş böyük işlər barədə onları ətraflı məlumatlandırmışdır. Ölkədə sabitlik olmadan heç bir sahədə uğur qazanmağın mümkünsüzlüyünü bir daha nəzərə çarpdıran DİN rəhbəri ən ağrılı problemlərimizin həllinin yaxınlaşdığı bir vaxtda şəxsi mənafelərini milli maraqlardan üstün tutan, hakimiyyətə gəlmək üçün bütün vasitələri məqbul sayan daxildəki bəzi destruktiv, təxribatçı qüvvələrin hər vəchlə ölkədəki dönməz sabitliyi, əmin-amanlığı pozmağa, yenidən ölkədə qarışıqlıq yaratmaq istədiklərini, lakin belə cəhdlərin bundan sonra da uğursuzluğa düçar olacağını vurğulamışdır. Çünki ötənilki prezident seçkisinin nəticələri də açıq-aydın göstərmişdir ki, xalqımız belə qüvvələrin ardınca heç bir zaman getməyəcəkdir.
Nazir bir faktı məmnunluqla qeyd etmişdir ki, xalqımızın mütləq əksəriyyəti kimi, doğma ocaqlarından didərgin düşmüş soydaşlarımız əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş kursu dəstəkləyir, yalnız cənab İlham Əliyevin rəhbərliyi altında bu siyasətin reallaşması sayəsində respublikamızın ən inkişaf etmiş ölkələrdən birinə çevriləcəyinə, həyat şəraitlərinin daha da yaxşılaşacağına, işğal olunmuş torpaqlarımızın qaytarılacağına, qaçqın və köçkünlərin həmin ərazilərə dönəcəklərinə inanırlar.
Məlum münaqişənin ədalətli həllinə, qaçqın və köçkün soydaşlarımızın doğma yerlərinə qayıdacaqları vaxtadək möhtərəm Prezidentimizin əlaqədar qurumlar qarşısında ölkə ərazisindəki bütün çadır düşərgələrinin ləğv edilərək onların yeni evlər, binalarla əvəzlənməsini, bu kateqoriyadan olan vətəndaşlarımızın məişət, yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədini qoyduğunu xatırladan general-polkovnik R.Usubov torpaqlarından qovulmuş şəxslərə dövlət qayğısının bundan sonra daha da artırılacağını demiş, ölkə rəhbərliyinin siyasətini daim dəstəklədiklərinə görə öz minnətdarlığını bildirmiş, iqtidarla xalqın belə sıx birliyinin qarşılıqlı etimadının gələcək uğurların möhkəm əsasını qoyduğunu vurğulamışdır.
Qalağayında keçirilmiş görüşdə çıxış edən Füzuli rayonundan qaçqın düşmüş orta məktəb müəllimi Süleyman Süleymanov, bağça müdiri Əntiqə İsiyeva, Cəbrayıl rayon sakini Məhəmməd Əliyev, Şiraslan Əsədov və başqaları problemləri ilə, qayğıları ilə maraqlanaraq onlara daim maddi və mənəvi yardım göstərən DİN rəhbərliyinə təşəkkürlərini bildirmiş, möhtərəm prezidentmizə, onun yeritdiyi siyasətə həmişə fəal dəstək verəcəklərini söyləmiş, məhz bunun sayəsində neçə illik yurdsuzluq həsrətinə son qoyulacağına əminliklərini bildirmişlər.
Səmimi və mehriban şəraitdə keçən görüşlərdə respublikanın daxili işlər naziri qarşıdan gələn əlamətdar bayramlar - Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik etmiş, onlara ən xoş arzularını və səmimi duyğularını çatdırmışdır.
Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 310 milyon manat vəsaitin 250 milyonu Sabirabad rayonunda məskunlaşmış soydaşlarımıza, bu vəsaitin qalan 60 milyon manatı isə elə həmin gün Naftalandakı qaçqın və məcburi köçkünlərə çatdırılmışdır.