Mayın 6-da Bakıda diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və DİN-nin Mərkəzi Arxivi üçün tikilmiş inzibati binaların açlışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimi açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, hər il ümummilli liderimiz Heydər Əliyevin ad günü ərəfəsində yeni inzibati və tədris binalarının istifadəyə verilməsi ənənəsinə bu il də sadiq qalmışıq. O, açılış mərasimi keçirilən binaların istifadəyə verilməsini Prezident İlham Əliyevin respublika daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi böyük diqqətin nümunəsi kimi qiymətləndirdi.
Sonra mərasim iştirakçıları yeni istifadəyə verilən binalarla tanış oldular. Əlahiddə Polis Taborunun ümumi sahəsi 4500 kvadratmetr olan, müasir standartlar səviyyəsində inşa edilən binasında növbətçi hissə üçün otaqlar, 200 nəfərlik akt salonu, yataqxana, silah otağı və müxtəlif yardımçı otaqlar vardır.
Mərkəzi Arxiv binasının zəruri xidmət otaqları, oxu zalı var, ümumi sahəsi 650 kvadratmetr olan 12 fond salonunda 30 min ədəd arxiv qutusu yerləşdirilə bilən rəflər qurulmuşdur.
Həmin gün DİN-nin Polis Akademiyasında 7 mərtəbəli yeni tədris korpusunun da təntənəli açılışı olmuşdur.
Açılışda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Polisinin 84-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə ümummilli liderimiz Heydər Əliyevin proqram xarakterli geniş nitqində Polis Akademiyasında təhsilin keyfiyyətcə yaxşılaşdırılması, bütövlükdə bu ali təhsil ocağının yüksək standartlar səviyyəsində yenidən qurulması üçün konkret tapşırıq və tövsiyələr verdiyini xatırlatdı, dövlətimizin başçısı İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində bunların uğurla yerinə yetirildiyini bildirdi.
Burada oxu zalı, kitabxana, trenajor zalı, 27 auditoriya, fotolaboratoriya, kompüter otaqları, linqafon kabinetləri və digər xüsusi təyinatlı otaqlar vardır.
Son iki ildə Polis Akademiyasında yeni obyektlərin tikintisinə dövlət büdcəsindən 11 milyard manatdan çox vəsait ayrılmış, 1000 yerlik yeməkxana, 200 nəfərlik beşmərtəbəli yataqxana binaları tikilmiş, əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir idman kompleksi, kompüterləşdirilmiş, zəruri texniki və əyani vasitələrlə tam təchiz olunmuş siniflər, fənn kabinetləri istifadəyə verilmişdir.
Mərasimdən sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov jurnalistlər üçün brifinq keçirmiş, mətbuat nümayəndələrinin suallarına cavab vermişdir.