image_20240729113305.jpeg

Polis və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib

29.07.2024

Polis və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib. 
Belə ki, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun 25 dekabr 2021-ci il tarixdə qeyri-aşkar şəraitdə aldığı xəsarətlərdən ölməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, əməli törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

Oğuz rayon prokurorluğunda cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və rayon polis şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan 1973-ci il təvəllüdlü Mübariz Sultanovun arvadına qarşı xoşagəlməz ifadələr işlətməsini eşidərək Bəxtiyar Salahovu cəzalandırmaq məqsədilə sonuncunu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Mübariz Sultanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ən son press-relizlər