image_20240712151625.jpg

Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub 

12.07.2024

İyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. 
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin etibarlı təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.  
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. 
Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 18518 cinayət qeydə alınıb, onların 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluqlar 38,9, quldurluqlar 10,3, soyğunçuluqlar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb. 
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2314 cinayət açılıb, 4407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5053 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb. 
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. 
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrasının davamlı nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 2764 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb. 
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə inkişaf etdirildiyini qeyd edib, eyni zamanda profilaktik tədbirlərin, kadr hazırlığı işinin, təhsil və təlim prosesinin təkmilləşdirilməsinin zəruriliyinə diqqət çəkərək müvafiq tapşırıqlar verib.
Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. 
Narkotiklərlə mübarizənin vəziyyətinə də toxunaraq son illər müvafiq sahədə əldə olunmuş müsbət nəticələrdə vətəndaşların fəal rolunu və mövqeyini yüksək qiymətləndirib, habelə polis-vətəndaş münasibətlərinin effektivliyinin, özünü, daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində göstərməsindən, xüsusən vətəndaşların günbəgün artan köməkliklərindən məmnunluq ifadə edib. 
İnsan haqlarının müdafiəsinə xidmət edən və cəmiyyətə fayda gətirən bu münasibətdən daha böyük gözləntilərin olduğunu vurğulayan nazir davamlı dəstəyə görə hər bir vətəndaşa təşəkkürünü bildirib, eləcə də qarşılıqlı əlaqələrin cəmiyyətdə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması naminə inkişaf etdirilməsi üzrə polisin konkret vəzifələrini müəyyən edib. 
Həmçinin, yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmanın qeydə alındığını bildirərək dövlətin gələcəyi  olan gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib. 
Ölkədə aparılan antinarkotik təbliğatın gücləndirilməsini, əməliyyat-xidməti fəaliyyətin narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulmasını, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb. 
Çıxışında gənclərin Polis Akademiyasında təhsilə təşviq edilməsi sahəsində son bir neçə ildə tətbiq olunan yenilikləri, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupun fəaliyyətini dəyərləndirən nazir dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fiziki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artdığını, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiyyətli rolunu təqdir edib, müvafiq tədbirlərin sistemli və əlaqəli davam etdirilməsi üçün Nazirliyin aidiyyəti qurumlarına lazımi göstərişlər verib. 
Prokurorluq orqanları ilə sıx qarşılıqlı əlaqəda həyata keçirilən tədbirlərin də önəmli nəticələr verdiyini, vətəndaşların qanuni mənafelərinin qorunmasına və qanunçuluğun möhkəmlənməsinə xidmət etdiyini, o cümlədən cinayətlərin, onların ağır və xüsusilə ağır növlərinin azaldığını, açılması və istintaqı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. 
Eyni zamanda, əvvəllər məhkum olunmuş şəxslər və qrup halında törədilən cinayətlərin azalmasına diqqət çəkərək bu sahədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə görülən işlərin səmərəli nəticələrini yüksək qiymətləndirib. 
Yekunda general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, vətəndaşların qanuni mənafelərinin və hüquq qaydasının qorunması sahəsində vəzifələr tam və layiqincə yerinə yetiriləcəkdir.

1Y7A5726+