Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

12.03.2021


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə martın 12-də Daxili Qoşunların yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən nazir Vilayət Eyvazov Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığına malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.
Sonra nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov məruzə ilə çıxış edib.


General-polkovnik Vilayət Eyvazov çıxışında Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində Daxili Qoşunların hərbi qulluqçularının da iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini və düşmənlə ağır döyüşlərdə Qoşunların 66 hərbçisinin şəhid olduğunu, 346 nəfərin isə yaralandığını qeyd edib. Diqqətə çatdırılıb ki, cənab Prezident tərəfindən Qoşunların Vətən Müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1377 hərbçisi yüksək dövlət təltiflərinə, o cümlədən 4 nəfəri “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin Qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, daxili işlər naziri Vilayət Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib. O, Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak edib.
Sonda tədbirin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul ediblər.

Ən son press-relizlər