Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatı

24.03.2005



Ölkə mətbuatında xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşı Hacı Məmmədovun mütəşəkkil cinayətkar qrupa başçılıq edərək, son illər böyük ictimai rezonansa səbəb olan qətllər, adam oğurluqları və sair ağır cinayətlər törətməsi və daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən daxili təhqiqat aparılmışdır.
Xüsusi yoxlamalarla müəyyən edilmişdir ki, Baş İdarənin və Hacı Məmmədovun işlədiyi şöbənin rəhbərliyi tərəfindən onun xidməti fəaliyyətinə faktiki olaraq nəzarət edilməmişdir. Mövcud vəziyyətdən istifadə edən Hacı Məmmədov, funksional vəzifələrinin icrasından kənarlaşmış, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmuş, dəfələrlə müvafiq icazə olmadan ölkə hüdudlarından kənara çıxmış, üzürsüz səbəbdən və müxtəlif bəhanələrlə xidmətdən yayınmışdır. Bütün bunlara Baş İdarənin rəhbər vəzifəli şəxslərinin göz yumması, prinsipsizlik göstərməsi Hacı Məmmədovun geniş ictimai rezonansa səbəb olan xüsusilə ağır cinayətlər törətməsinə şərait yaratmışdır.
Araşdırmaların nəticələrinə əsasən, Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Zakir Nəsirov; Hacı Məmmədovun xidmət keçdiyi Mülkiyyət əleyhinə cinayətlərlə mübarizə şöbəsinin kuratoru - Baş İdarənin rəis müavini polis polkovniki Akif Hacıyev; uzun müddət həmin şöbənin rəisi işləmiş, hazırda Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini olan polis polkovniki Kamil Sədrəddinov daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər.
Həmin əmrlə, Baş İdarənin rəhbər vəzifəli iki əməkdaşı tutduqları vəzifələrdən azad edilmiş, bir nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, daha üç nəfər isə ciddi intizam məsuliyyətinə cəlb olunmuşlar.
Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvlərindən olan polis kapitanı Eldar Rəhimovun xidmət keçdiyi Nərimanov və Yasamal rayon Mühafizə idarələrinin rəhbərliyi haqqında da intizam tənbehi tədbirləri görülmüşdür.
Həmçinin, Bakı şəhər Baş Polis İdarəsi rəisinin əmri ilə, Hacı Məmmədovun yaşadığı inzibati ərazidə xidmət edən - Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinin iki əməkdaşı tutduqları vəzifələrdən azad edilmiş, həmin bölmənin rəisi və rəis müavini intizam qaydasında cəzalandırılmışlar.
Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Zahid Dünyamalıyevin vəzifəsindən azad olunması haqqında verdiyi raport nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırılmış və onun tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul olunmuşdur.
Göstərilənlərlə yanaşı, Nazirlik tərəfindən aparılmış xidməti təhqiqatın nəticələrinə əsasən, Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli başqa bir əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini polis polkovniki Cavadağa Sultanov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis polkovniki Niyazi Xəlilov, Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili polis mayoru Namiq Əliyev xidməti fəaliyyətdə kobud qanun pozuntularına, vətəndaşların sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr etdiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, habelə polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verdiklərinə görə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar.

24 mart 2005-ci il.