Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
27.02.2020
Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunmuşdur.
Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilmiş və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilmişdir. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaratmışdır. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilmişdir.
Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd “RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.