Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

26.09.2017

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatının - İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfərə gedib.
Sentyabrın 26-da sessiyanın rəsmi açılışı olub. İnterpolun tarixində ilk dəfə Çində keçirilən iclası Çin Xalq Respublikasının Sədri Si Tszinpin və İnterpolun baş katibi Yurqen Ştok açaraq qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Dörd gün davam edəcək tədbirdə qurumun fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, İnterpolun İcraiyyə Komitəsinin yeni üzvləri və ali vəzifəli şəxsləri seçiləcək, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılacaq.
Açılış mərasimindən sonra cənab Vilayət Eyvazov Türkiyənin daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy ilə görüşüb. Görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. 

Həmin gün Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri cənab Qo Şenkun daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovu qəbul edib.
Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını və ən xoş arzularını cənab Qo Şenkuna çatdıran nazirin birinci müavini iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb. 
Qeyd olunub ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, onun Çinə dövlət səfəri zamanı  imzalanmış mühüm sənədlər, ikitərəfli münasibətlərin inkişafında bir səhifə açmaqla əlaqələrin yeni mərhələyə qalxmasına təminat verib.
 
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır. 
Görüşdə xüsusən kibercinayətkarlıqla mübarizədə, kadrların hazırlığı sahəsində Çinin təcrübəsi yüksək qiymətləndirib.   

Çinin ictimai təhlükəsizlik naziri Azərbaycan nümayəndə heyətinin sessiyada iştirakından məmnunluğunu, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafında maraqlı olduqlarını bildirib.    
Tədbir çərçivəsində cənab Vilayət Eyvazov Çinin ictimai təhlükəsizlik nazirinin müavini Vei Li, Moldovanın daxili işlər naziri Aleksandr Jizdan ilə də görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.