Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
26.05.2021
Mayın 26-da Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.
Bu ilin iyun-iyul aylarında keçiriləcək beynəlxalq idman tədbirləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.
Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.