Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətlərinin məlumatı

05.02.2021


Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib. 

Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanılmışlar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallarla birlikdə Füzuli rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilmişdir. 
Hazırda müvafiq araşdırmalar aparılır.

Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.