2022-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil
Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2022-ci ilin I yarımilində də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 18.223 cinayət qeydə alınmışdır. Onların 37,1%-i (6769-u) iqtisadi fəaliyyət sahəsinə aid, 43,8%-i (7976-ı) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 15,2%-i (2761-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin
84%-ni (15306-nı) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.
2021-ci ilin 6 ayı ilə müqayisədə adam öldürməyə cəhdlər 34,4% (-11), epidemiya və ya karantin rejimini pozma -2,3d. (-94), iqtisadi fəaliyyət sahəsində cinayətlər 5,1% (-11), o cümlədən saxta pul və ya qiymətli kağızlar hazırlama və satma 10,5% (-2), məişət zəmnində törədilmiş cinayətlər 8% (-64) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 17411 cinayətin 90,2%-nin (-0,1%) açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 84%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 87%-i, şəxsiyyət əleyhinə olanların 97,5%-i, onlardan qəsdən adam öldürmələrin 95,4%-i, adam öldürməyə cəhdlərin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 95,1%-i, mülkiyyət əleyhinə olanların 84,1%-i, o cümlədən oğurluqların 79,2%-i, dələduzluqların 91,2%-i, soyğunçuluqların 99,1%-i, quldurluqların 98,4%-i, hədə-qorxu ilə tələb etmələrin 98,3%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 93,5%-i, habelə xuliqanlıqların 96,9%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 233, "isti izlərlə" 1.207 cinayət açılmış, 4.832 hüquqazidd əməlin qarşısı alınmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 3% yaxşılaşaraq 74,1% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 46 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 17 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 9.279, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 125 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 123 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2021-ci illin müvafi dövrü ilə müqayisədə 123 kq çox və ya 1 ton 975 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 117 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmiş, 481 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Paytaxt – Bakı şəhəri
2022-ci ilin 6 ayında da paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 17411 cinayətin 8008-i və ya 46%-i Bakı şəhəri üzrə olmuş, açılması 88,9% (+2%) təşkil etmişdir. Həmin cinayətlərin 82,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7 %-i ağır və xüsusilə ağır növlərdir.
2021-ci ilin 6 ayı ilə müqayisədə ehtiyatsızlıqdan adam öldürmə -33,3%, qəsdən sağlamlığa ağır zərər vurmalar -1,5%, o cümlədən mağaza və digər ticarət yerlərindən oğurluq -3,5%, avtomobillərdən oğurluq -20%, avtonəqliyyatın qaçırılması -37,1%, iqtisadi fəaliyyət sahəsində cinayətlər -27,8 %, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakı alma, satma -20%, saxta pul və qiymətli kağızlar hazırlama, satma -37,5%, qaçaqmalçılıq -28,3% insan alveri cinayətləri -16,5% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 85,7%-i, şəxsiyyət əleyhinə olanların 96,3%-i, onlardan qəsdən adam öldürmələrin 96%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 95%-i, zorlama cinayətlərinin 83,3%-i açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 108, o cümlədən 16 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, həmin hüquqazidd əməllərə görə 166 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər 17,6% azalmış, eyni zamanda açılması yüksək olmaqla 82,8% təşkil etmişdir.
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi