Hüquq qaydasının təmini üzrə İctimai Şura haqqında Əsasnamə

Hüquq qaydasının təmini üzrə İctimai Şura haqqında 
Əsasnamə
 
Bu Əsasnamə Hüquq qaydasının təmini üzrə İctimai Şuranın (bundan sonra İctimai Şura) hüquqi əsaslarını, vəzifələrini və funksiyalarını müəyyən edir. 
 
 
I. Ümumi müddəalar
 
 
1.1. İctimai Şura polis ilə əhali arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların ictimai təhlükəsizliyin təmini işində iştirakı səviyyəsinin yüksəldilməsi məqsədilə polis orqanın inzibati sahəsində yaradılır. 
1.2. İctimai Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Polis haqqında» Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in normativ-hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur. 
1.3. İctimai Şuranın işi inzibati sahənin fəaliyyəti çərçivəsində təşkil edilir, polis sahə rəisinin metodiki köməkliyi əsasında həyata keçirilir. 
1.4. 18 yaşı tamam olan Azərbaycan Respublikası vətəndaşları İctimai Şuranın üzvü kimi könüllülük əsasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işində polis orqanı ilə əməkdaşlıq edə bilər.
1.5. Vətəndaşın İctimai Şuranın üzvlüyünə qəbul olunması barədə ərizəsinə baxılarkən onun yaşadığı və işlədiyi yer üzrə xasiyyətnaməsi, əvvəllər cinayət hadisələrinə və inzibati xətalara yol verib-verməməsi, polis sahə rəisi və polis sahə inspektorunun rəyi, əhali arasında nüfuzu, habelə polisin profilaktik və əməliyyat qeydiyyatlarında               olub-olmaması, cinayətkarlığa qarşı mübarizə işində prinsipiallığı nəzərə alınır.
1.6. Vətəndaşın İctimai Şuranın üzvlüyünə qəbul olunması barədə polis orqanının rəisi tərəfindən əmr verilir, həmin şəxsə müvafiq vəsiqə təqdim olunur.
1.7. Vətəndaşın İctimai Şuranın üzvü qismində qəbul olunması ilə bağlı toplanmış materiallar müvafiq qaydada qovluğa tikilərək polis sahə rəisində saxlanılır. Qovluqda aşağıdakı sənədlər toplanılır:
1.7.1. Ərizə.
1.7.2. Şəxsiyyət vəsiqəsinin surəti.
1.7.3. Anket məlumatları.
1.7.4. BƏSİİ-nin tələbnaməsi. 
 
II. İctimai Şuranın məqsəd və vəzifələri
 
2.1. İnzibati sahədə hüquq qaydasının təmin olunmasında polis əməkdaşlarına köməkliyin göstərilməsi. 
2.2. Cinayətlərin törədilməsinə şərait yaradan halların aradan qaldırılması. 
2.3. İnzibati sahədə hüquqpozmaların qarşısının alınmasında köməkliyin göstərilməsi. 
2.4. Polis-vətəndaş, polis-cəmiyyət münasibətlərinin möhkəmləndirilməsi. 
2.5. Hüquq qaydasının təmini işində əhalinin təşəbbüsünün artırılması. 
2.6. Cəmiyyətdə əhalinin cinayətkar qəsdlərdən qorunması hissinin möhkəmləndirilməsi. 
2.7. Cinayətkarlığın qarşısının alınması sahəsində mövcud olan problemlərlə əlaqədar ərazi polis orqanının rəhbərliyi qarşısında məsələ qaldırılması. 
2.8. Əhali arasında hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılması. 
2.9. Çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanlar və münaqişəli ailələr ilə    fərdi-profilaktik işin təşkili. 
2.10.Təhsil müəssisələrinin kollektivi ilə əlaqələrin möhkəmləndirilməsi. 
 
III. Fəaliyyət prinsipləri
 
3.1. Hüquq qaydasının təmin edilməsində vətəndaşların iştirakı aşağıdakı prinsiplərə əsaslanır:
3.1.1. Qanunçuluq.
3.1.2. İnsan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi.
3.1.3. İnsanların şərəf və ləyaqətinə hörmət.
3.1.4. Könüllülük.
3.1.5. Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələr.
3.1.6. Hüquq qaydasının təmin edilməsində iştirak edən vətəndaşların hüquqi və sosial müdafiəsi.
 
IV. Fəaliyyət istiqamətləri
 
4.1. Vətəndaşlar hüquq qaydasının təmin edilməsi işində polis orqanlarının aşağıdakı fəaliyyət istiqamətlərində iştirak edirlər:
4.1.1. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində.
4.1.2. İctimai qaydanın və ictimai  təhlükəsizliyin təmin edilməsində.
4.1.3. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların verilməsində.
4.1.4. Hüquq qaydasını təmin edən polis orqanları tərəfindən qanunçuluğa riayət edilməsinə ictimai nəzarətin həyata keçirilməsi sahəsində.
4.1.5. Miqrasiya proseslərinə ictimai nəzarətin həyata keçirilməsi sahəsində.
4.1.6. Yaşayış evlərinin və onlara yaxın ərazilərin abadlaşdırılması, saxlanılması və istismarında.
4.1.7. Tərbiyəvi-hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında.
4.1.8. İctimai şüurun cəmiyyətə qarşı hörmətsiz və hüquqazidd davranışın qəbuledilməzliyi ruhunda formalaşdırılmasında.
4.1.9. Narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və nəzarətsizliyin profilaktikasında.
4.1.10. Ətraf mühitin mühafizəsində.
4.1.11. Yanğın təhlükəsizliyində.
4.1.12. Tarixi-mədəniyyət abidələrinin qorunmasında.
 
V. Fəaliyyət formaları
 
5.1. Polis əməkdaşları ilə görüşlərin keçirilməsi. 
5.2. Tanınmış hüquqşünaslar, pedaqoqlar, idmançılar və incəsənət xadimləri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi. 
5.3. Vətəndaşların qəbulunun təşkili. 
5.4. Kütləvi informasiya vasitələri ilə əlaqələrin yaradılması. 
5.5. Polisin fəaliyyəti barədə əhalinin rəyinin öyrənilməsi. 
5.6. Polisin fəaliyyətinin təkmilləşdirilməsi və əhali ilə əlaqələrinin möhkəmləndirilməsi barədə təkliflərin verilməsi. 
5.7. Yaşayış məntəqəsi daxilində idman yarışlarının təşkili. 
5.8. İnzibati sahədə yaşayan əhali üçün «açıq qapı» günlərinin keçirilməsi. 
5.9. «Nümunəvi məhəllə» və «Nümunəvi bina» adı altında müsabiqələrin təşkili. 
 
VI. Hüquq qaydasının təmin edilməsində məhdudiyyətlər və qadağalar
 
6.1. Məhkumluğu olan, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktik müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işində fəaliyyətə cəlb edilə bilməzlər.
6.2. Vətəndaşlar, onların həyat və sağlamlığına təhlükə yaradan tədbirlərə cəlb edilə bilməzlər.
6.3. Hüquq qaydasının təmin edilməsində iştirak edən vətəndaşların özlərini icra hakimiyyəti orqanının vəzifəli şəxsi kimi qələmə verməsi, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə həmin orqanların səlahiyyətinə aid edilmiş fəaliyyətlə məşğul olmaları, habelə bu Əsasnamə ilə müəyyən edilmiş hüquqlarından hüquq qaydasının təmini ilə bağlı olmayan məqsədlər üçün istifadə etmələri qadağandır.
6.4. İctimai Şuranın üzvünə aşağıdakı məsələlərlə bağlı tapşırıqların verilməsi qadağandır:
6.4.1. Onların hüquq pozuntusuna yol verməsinə və ya bunun iştirakçısı olmasına səbəb ola bilən.
6.4.2. Onların həyatı, sağlamlığı və ləyaqəti üçün təhlükəli olan.
6.4.3. Onları və ya digər şəxsləri hüquqazidd hərəkətlərin törədilməsinə sövq edə bilən.
6.4.4. Hüquq qaydasının təmini və profilaktik işin aparılması məsələlərinin həlli ilə bağlı olmayan.
6.4.5. İnsan hüquqlarının pozulmasına zəmin yaradan.
6.5. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, vətəndaşlara hüquq qaydasının təmin edilməsində iştirakları zamanı məlum olmuş, yayılması məhdudlaşdırılan, o cümlədən digər şəxslər haqqında fərdi məlumatları açıqlamaq qadağandır.
6.6. Hüquq qaydasının təmin edilməsinə cəlb olunan vətəndaşlar yalnız konkret məsələlərin həlli məqsədilə xidməti məlumatlarla tanış edilə bilərlər.
6.7. İctimai Şura üzvü tərəfindən cinayət hadisəsi və yaxud mütəmadi olaraq inzibati xəta törədildikdə onunla əməkdaşlıq ləğv edilərək, barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Polis sahə inspektoru tərəfindən yanlış məlumat verilməklə, layiq olmayan şəxsin qəsdən üzvlüyə cəlb olunmasına şərait yaradıldıqda, xidməti yoxlama aparılır və nəticəsindən asılı olaraq polis sahə inspektorunun intizam məsuliyyətinə cəlb olunma məsələsinə baxılır.
 

VII. Hüquq qaydasının təmini üzrə İctimai Şuranın strukturu

sxem1

 

Geriyə qayıt Çap et