2018-ci ilin 1-ci yarımili üzrə təhlil

2018-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlili

Azərbaycan Respublikası cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin təmin edilməsinin vəziyyəti baxımından ictimai təhlükəsizliyin və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini bu gün də qoruyub saxlamaqdadır. 
Profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşmışdır.     
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12844 (2017-ci ilin müvafiq dövrü ilə müqayisədə - 338 və ya - 2,6%) cinayət qeydə alınmışdır. Onların 93,8 %-i və ya 12043-ü daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 89,4 faizini böyük ictimai təhlükə törətməyən (3653) və az ağır (7109), yalnız 10,6%-ni (1281) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 2466-ı (2017-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə 125 və ya 5,3% çox) şəxsiyyət əleyhinə, 5643-ü (- 875; - 13.4%) iqtisadi sahədə törədilən, onlardan 5542-i (-905; -14,0%) mülkiyyət əleyhinə, 3578-i (+279;+8,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə,  354-ü (+ 43; + 13.8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz (+0,7%) təşkil etmişdir. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin (+2,1%), şəxsiyyət əleyhinə olanların (+0,6%), onlardan adam öldürməyə cəhdlərin (+1,8%), insan alveri (+8,7%) və  xuliqanlıqların (+4,9%) açılması yaxşılaşmışdır. Hədə-qorxu ilə tələb etmə cinayətlərinin açılması tam təmin edilmişdir.
Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla 80,6 faizə (+1,3%)  yüksəlmişdir.    
Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 1,3% (+1, 81-80), avtonəqliyyatın qaçırılması 4,9%(+4, 86-82), xuliqanlıqlar 15% (+60, 459-399) artmış, yol-nəqliyyat hadisələri 5% (-42, 806-848), qəzalarda həlak olanların sayı 1,3%  (-4; 311-315), xəsarət alanların sayı 8,3% (-69; 763-832) fakt azalmışdır.
Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər də +21,5% (735-605) artmışdır.  
Mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 276 (-7,1%; 3598-3874), dələduzluq cinayətləri 687 (-32,1%; 1453-2140), quldurluqla bağlı cinayətlər 9 (-12,7%; 62-71) fakt azalmışdır.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1708 (+100), o cümlədən onların satışı ilə bağlı 525 (+90) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çox (+21,7%), bütövlükdə 734,5 kiloqram narkotik vasitə götürülmüş, habelə 75 kiloqramın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 18 cinayətkar qrup zərərsizləşdirilmiş, ümumi çəkisi 79 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. 
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1162 nəfərdən 1009-u (86,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 453-ü (39%) əvvəllər cinayət törətmiş şəxs, 14-ü (1,2%) qadınlardır.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də qənaətbəxşdir. Hesabat dövründə 105 (sabit) insan alveri cinayəti müəyyən edilmiş, 18 (+10) nəfərdən ibarət 8 (+4) cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 (+2) nəfər məhkəmə məsulliyətinə verilmiş, insan alverinin qurbanı olmuş 66 (+13) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188, o cümlədən 23 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Məhkəmədən, istintaq və təhqiqat orqanlarından yayınan 1864 (+257), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 296 (-50) təqsirləndirilən şəxs tutulmuşdur.

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa elan edilmiş 52 (+1) nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 (-1) şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil etmişdir.
Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441 (-95), o cümlədən ağır və xüsusilə ağır cinayət törətmiş 47 (-91) kriminal qrup zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 (-21) nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 6515, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 684 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

                                                           Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Geriyə qayıt Çap et