“Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 611; 2001-ci il, № 11, maddə 699, №12, maddə 731; 2002-ci il, № 3, maddə 118, № 6, maddə 328; 2003-cü il, № 1, maddə 22, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133; 2006-cı il, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007-ci il, № 8, maddə 756; 2008-ci il, № 4, maddə 251; №7, maddə 602) 10-cu maddəsinə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilərlər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər.
İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət aşağıdakı istiqamətlərdə həyata keçirilir:
1) hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işinin aparılması;
2) narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası;
3) cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi.
Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cəlb edilə bilməzlər.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 26 may 2009-cu il.
№ 818-IIIQD
Geriyə qayıt Çap et