Ölçü:
Avqustun 18-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub. Əvvəlcə nazir müavini- Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyətin və hərbi texnikanın baxışa hazır olması barədə raport verib.
Sonra hərbi hissənin sıra meydanında hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla qeyd edib.