Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.
Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının qanununun 18.55-ci bəndinə əsasən odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:
- ilkin qeydiyyata görə 20 manat
- təkrar qeydiyyata görə 10 manat
Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:
- ilkin qeydiyyata görə 20 manat
- təkrar qeydiyyatına görə 10 manat
dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.
Özünümüdafiə qaz (tapançalarının, revolverlərin) silahının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazənin verilməsi - odlu silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazənin verilməsi qaydasında həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları silahla təltif olunmaları haqqında sənədləri təqdim etdikdə həmin silahın saxlanılmasma, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən şəhadətnamə verilir. Vətəndaşlara belə odlu silahları saxlamaq üçün şəhadətnamə dövlət rüsumu tutulmadan, etibarlılıq müddəti göstərilmədən, "təltif" sözü yazılmaqla verilir. Dövriyyəsi Azərbaycan Respublikasında qadağan edilmiş silahlar təltif silahı kimi verilə bilməz.
Təltif silahı hərbi təyinatlı olarsa, onun sahibi öldükdə qohumları tərəfindən dərhal polis orqanına ödənişsiz təhvil verilməlidir. Yivli və yivsiz ov silahları isə ölmüş şəxsin qohumları tərəfindən 10 gün müddətində polis orqanına təhvil verilir, silahın qeydiyyatının dəyişdirilməsi və ya qohumların razılığı ilə satışa verilməsi məsələsinə baxılır.
Mülki silahın bir şəxsin adından digərinin adına qeydiyyatının dəyişdirilməsinə yol verilir. Belə halda silahı verən və alan şəxslərin iştirakı ilə ərizələr təqdim edilir. Odlu silahın yararsız vəziyyətdə olduğu (təmiri mümkün olmaması) aşkar edildikdə onun qeydiyyatı dəyişdirilə bilməz. Belə silahlar polis orqanına ödənişsiz təhvil verilir və uçotdan çıxarılır.
Vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı polis orqanını əvvəlcədən xəbərdar etməklə icazəsi olan şəxsə vəsiyyətlə miras qoya bilər.
Vərəsəlik hallarında mülki silahı miras qalmış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o, 3 ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür icazə verilməzsə, o, bir ay müddətində həmin silahı başqasına ya bağışlamalı, ya polis orqanına təhvil verməli və ya satmalıdır.
Odlu silah sahibi olan vətəndaşlar yaşadıqları yeri dəyişdikdə uçotda olduğu polis orqanına bu barədə məlumat verməli, yeni ünvanını bildirməli, yeni yaşayış yerində yerli polis orqanına 10 gün müddətində müraciət etməli və silahı uçota aldırmalıdırlar.
Mülki silahın əldə edilməsinə xüsusi icazəsi, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs xüsusi icazə almadan soyuq ov silahını əldə edə bilər.
Odlu silahın saxlanılmasına və gəzdirilməsinə verilən xüsusi icazə soyuq ov silahının gəzdirilməsinə əsas sayılır.
Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün sursat əldə olunmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə hüquq verir.
Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır.
Beş ildən yuxarı istifadəsində yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə icazəsi olan silahlı birləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.
Aşağıdakı hallarda vətəndaşa mülki silah əldə etməsinə xüsusi icazə verilməsindən imtina edilir: