Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Vətəndaş və polis

 

Baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilməsi, təxirəsalınmadan istintaq hərəkətlərinin aparılması, cinayətlərin «isti izlər»lə açılması, cinayəti törədənlərin tutulması, habelə əməliyyat-axtarış və digər tədbirlərin vaxtında  həyata keçirilməsi məqsədilə, daxili işlər orqanlarının növbətçi hissələrində gündəlik olaraq əməliyyat-istintaq qrupları yaradılır.

DİN Növbətçi Hissələri İdarəetmə Xilmətinin və daxili işlər orqanları növbətçi hissələrinin məsul növbətçiləri  törədildiyi yerdən və nəticələrindən asılı olmayaraq, hadisələr və hüquqpozmalar haqqında vətəndaşlardan, müəssisə, idarə və təşkilatların  vəzifəli şəxslərindən, ictimai təşkilatların nümayəndələrindən yazılı və şifahi formada ərizə və məlumatların qəbulunu təmin edirlər.

Məsul növbətçi - cinayətlər, hadisələr haqqında məlumat aldıqdan dərhal sonra cinayətin açılması, zərərçəkənlərə köməklik göstərilməsi, hüquq pozuntusunun qarşısının alınması, qiymətli əşyaların saxlanılmasının təmin edilməsi və s. (məlumatın məzmunundan asılı olaraq) üçün  hadisə yerinə təcili əməliyyat-istintaq qrupunu  göndərməlidir. 

Vətəndaş ərizə ilə müraciət edərkən məsul növbətçi onu diqqətlə dinləməli, cinayətlər, hadisələr və digər hüquqpozmaların baş vermə vaxtını, yerini, üsulunu və digər hallarını aydınlaşdırmalı, ərizəni qəbul etməli və ərizəçiyə qəbz verməlidir. Ərizə hüquqpozma ilə bağlı, yaxud daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadıqda məsul növbətçi bu barədə hara müraciət etməli olduğunu ərizəçiyə izah edir.

Cinayət və hadisələr barədə məlumatlar onların baş vermə yerindən və vaxtından, habelə məlumatların dolğunluğundan asılı olmayaraq daxili işlər orqanlarının növbətçiləri, onların köməkçiləri  tərəfindən bütün gün ərzində qəbul olunur.

İnzibati xəta törətdiklərinə görə tutulmuş şəxslər polisdə üç saatdan çox, barəsində inzibati həbs tənbeh növünün tətbiqi nəzərdə tutulan inzibati xəta törətmiş şəxsin tutlması 24 saatdan çox, cinayət işi və ya araşdırma ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş şəxs 48 saatdan çox saxlanıla bilməz.

Daxili işlər orqanlarının növbətçi hissələrinə  tutulmuş şəxslər gətirilərkən  məsul növbətçilər aşağıdakıları təmin etməlidir:

  • tutulmanın səbəb və əsaslarının və bundan irəli gələn məsuliyyət tədbirinin ona bildirilməsi;
  • şəxsin hüquqlarının (o cümlədən tutulmasından şikayət vermə hüququnun) ona elan və izah edilməsi, bu hüquqların həyata keçirilməsinin təşkili;
  • şəxsin tələbi ilə  (həddi-buluğa çatmayanlar və anlaqsız vəziyyətdə olanlar haqqında isə mütləq qaydada) tutulması və saxlanıdığı yer barədə yaxınlarına məlumat verilməsi;
  • şəxsin tələbi ilə vəkilin dəvət olunması, onların maneəsiz görüşmələri və konfidensial şəraitdə məsləhətləşmələri üçün şəraitin yaradılması;
  • şəxsin tutulması üçün əsas olmuş vəziyyətin təxirəsalınmadan araşdırılması və müvafiq qərarın qəbul edilməsi;
  • şəxs polis orqanlarında işlədilən dili bilmədiyi, yaxud zəif bildiyi təqdirdə tərcüməçinin iştirakının təmin edilməsi;
  • şəxs əcnəbi olduqda onun vətəndaşı olduğu dövlətin konsulluğu  yaxud diplomatik nümayəndəliyi ilə əlaqə yaratmaq hüququnun ona izah edilməsi və bu hüququn həyata keçirilməsi üçün şəraitin yaradılması;
  • zəruri hallarda təcili tibbi yardımın göstərilməsinin təmin edilməsi;
  • tutulmuş şəxslərin həbs və məhkum olunmuşlardan, qadınların isə kişilərdən ayrı saxlanılması;
  • şəxsə hər hansı bir formada təzyiq göstərilməsinin, onunla kobud və ləyaqəti alçaldan tərzdə rəftar edilməsinin qarşısının alınması;

Hər bir vətəndaş  sutkanın istənilən vaxtında hüquqlarının pozulması və digər məsələlərlə əlaqədar «102» xidmətinə və aidiyyəti polis orqanının növbətçi hissəsinə müraciət edə bilər.

Geriyə qayıt Çap et