Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

2019-cu ilin 1-ci yarımili üzrə təhlil


2019-cu ilin 6 ayı ərzində cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlili

2019-cu ilin 6 ayı ərzində daxili işlər orqanları tərəfindən digər hüquqmühafizə orqanları ilə birlikdə cinayətkarlıqla mübarizə, ictimai asayışin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunmuş, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (135) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılmışdır.
Qeyd olunmalıdır ki, cari ildə ölkə əhalisinin sayı 10 milyonu keçmişdir.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13534 (2018-ci illə müqayisədə +5,4%) cinayət qeydə alınmışdır. Bu cinayətlərin 12411-i və ya 91,7 %-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuş, onlardan da 10984-nü (88,5%-i) böyük ictimai təhlükə törətməyən (3558) və az ağır (7426), yalnız 1427-ni (11,5%-i) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmiş, açılması isə 83,1% olmuşdur. 
Cinayətlərin 2675-i (21,5%-i) şəxsiyyət əleyhinə, 5260-ı (42,4%-i) iqtisadi sahədə cinayətlər, 4019-u (32,4%-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 456-ı 
(3,7%-i) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil etmişdir.
Cinayətlərin strukturunda qəsdən sağlamlığa ağır zərər vurma 7 fakt (-4,1%), oğurluqlar 61 (-1,7%), o cümlədən mənzillərdən oğurluqlar 61 (-4,6%), dələduzluqlar 351 (-24,2%), quldurluq 14 (-22,6%), hədə-qorxu ilə tələb etmə 9 (-19,1%), xuliqanlıq 115 fakt (-25,1%) azalmış, mənimsəmə və israf etmə 76 fakt (+1,3%), narkotik vasitələrlə bağlı cinayətlər 602 (+35,2%), qaçaqmalçılıq 53 (+2,4 d.), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozma 39 fakt (+4,5%) artmışdır. 
Ağır və xüsusilə ağır cinayətlərin 86,3%, o cümlədən qəsdən adam öldürmələrin 95,3%, hədə-qorxu ilə tələb etmələrin 94,4%, quldurluqların 82,4% açılması təmin edilmiş, habelə keçmiş illərdən bağlı qalmış 163, o cümlədən 18 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Açılması təmin edilmiş 131 qəsdən adam öldürmə və ona cəhdləriin 46-sı (35,1%-i) ailə-məişət münaqişələri zəminində edilmişdir. 
Bağlı qalmış 2089 cinayətin 1920-ni (91,9%) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 169-nu (8,1%) ağır və xüsusilə ağır növlər təşkil etmiş, 
onlardan da 1686-nı (80,7%) mülkiyyət əleyhinə, 215-ni (10,3%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər, 126-nı (6%) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.
Ölkədə insan alverinə qarşı mübarizədə 193  cinayət faktı müəyyən edilmiş, 2 cinayətkar qrup zərəsizləşdirilmişdir. Bu faktlar üzrə həyata keçirilən istintaq hərəkətləri ilə 41 nəfər məhkəmə məsuliyyətinə cəlb olunmuş, insan alveri qurbanı olmuş 64 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir. 
İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 52, o cümlədən 32 fahişəliyə cəlb etmə və 11 əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 28 nəfər məsuliyyətə cəlb olunmuşdur.
Əməliyyat-axtarış fəaliyyətinin başlıca istiqamətlərindən olan mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən tədbirlərlə 424, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 78 kriminal qrup  zərərsizləşdirilmiş, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65  nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Narkotiklərlə əlaqədar 2310 (+35,2%), o cümlədən satış məqsədilə 707 (+34,7%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 810 (+76) kq narkotik vasitə çıxarılmış, qanunsuz kultivasiya edilən 74 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq
məhv edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 24 (+6) cinayətkar qrup zərərsizləşdirilmiş, 1657 (+442) şəxç cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bu növ cinayət törətmiş 1535 nəfərdən 1008 (65,7%-i) işləməyən və oxumayan, 399 (26%) əvvəllər cinayət törətmiş şəxslər, 21 (1,4%) qadınlar təşkil etmişdir.
Axtarışda olan təqsirləndirilən şəxslərin tutulma göstəricisi bütövlükdə 59,5%, itkin düşənlərin tapılması isə 74,8% təşkil etmişdir.
İctimai mənəviyyat əleyhinə (80%), şəxsiyyət əleyhinə (58,5%), mülkiyyət əleyhinə olan cinayətlərə (68%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir. 
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,1% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 1852 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 52  nəfərin yeri müəyyən olunmuş, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 30 şəxs saxlanılmışdır.  
Hüquqa zidd əməl törətmiş 8053 şəxsdən 6204 nəfər cinayət məsuliyyətə cəlb edilmiş, onlardan 4657 (57,8%) işləməyən və oxumayan, 1107 (13,7%) əvvəllər məhkum edilmiş, 441 (5,5%) qadın, 201 (2,5%) yetkinlik yaşına çatmayanlar olmuşdur. 


Paytaxt – Bakı şəhəri

Bakı şəhəri digər MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz və sabit şəhərlərdən biri sayılır.
Hazırda paytaxt əhalisinin sayı 3 milyona yaxındır (rəsmi qeydiyyatda olanlar). 
Cari ilin 6 ayı ərzində ölkədə daxili işlər və prokurorluq orqanları tərəfindən qeydiyyata alınmış cinayətlərin 44,3%-i ölkə paytaxtı Bakı şəhərinin payına düşür (5496).  
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müəyyən müsbət nəticələr əldə edilmiş, xüsusilə respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə, o cümlədən cari ilin aprel-may aylarında keçirilmiş Formula 1 Azərbaycan Qran Pri və UEFA Avropa Liqasının final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı vəzəfələr  layiqincə həyata keçirilmişdir.
Qeydiyyata alınmış cinayətlərin 87,4%-ini az ağır və böyük ictimai təhlükə törətməyən, yalnız 12,6%-ini isə ağır və xüsusilə ağır növlər təşkil edir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayət faktlarında 3,2%, mülkiyyət əleyhinə olan cinayətlərdə 9,1%, onlardan dələduzluqlarda 32,8%, avtonəqliyyatın qaçırılmasında 4,1%, həmçinin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərdən xuliqanlıqlarda 23,1%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmalarda 5,7% azalma dinamikası mövcuddur. 
Müqayisə edilən dövrə nisbətdə cinayətlərin açılmasında adam öldürməyə cəhdlər üzrə sabitlik (100%), ağır və xüsusilə ağır cinayətlərdə 2,1%, şəxsiyyət əleyhinə olanlar üzrə 1,2%, o cümlədən qəsdən adam öldürmələrdə 12,2%, qəsdən sağlamlığa ağır zərər vurmalarda 4%, dələduzluqlarda 2,5%, soyğunçuluqlarda 6,5% müsbət artım müşahidə olunmuşdur.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin 61,4%-nin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan 931 cinayətdən 90,3%-i, onlardan qəsdən adam öldürmələrin 95%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 92,1%-i, habelə zorlamaların hamısı açılmışdır.
Hesabat dövründə xarici vətəndaşlara qarşı törədilən 52 cinayətdən 28-nin (65,1%) açılması təmin olunmuşdur. Paytaxt üzrə bu növ cinayətlərin xüsusi çəkisi 0,5% təşkil etmişdir.  
İctimai yerlərdə törədilən cinayətlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,1% azalaraq 256 fakt (onlardan: 152-küçə, meydan, parkda, 103-ü digər ictimai yerdə) olmuşdur.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 61, o cümlədən 6 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 2 saxta pul hazırlama və satma cinayət faktı aşkarlanmışdır.  
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmış, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 174 təqsirləndirilən şəxs tutulmuşdur. 

                                            Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi