Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

24 11 2021 Azərbaycan DİN-in nümayəndə heyəti İNTERPOL-un Baş Assambleyasının sessiyasında iştirak edir

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun rəhbərliyi ilə İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev, Büronun şöbə rəisinin müavini, polis polkovniki Hamlet Babayev və DİN-in Türkiyədəki nümayəndəsi, polis polkovniki Elşad Süleymanovdan ibarət nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatı - İNTERPOL-un Baş Assambleyasının 2021-ci il 23-25 noyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 89-cu sessiyasında iştirak edirlər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin daxili işlər naziri cənab Süleyman Soylu ilə görüşü olub. S.Əzimov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun səmimi salamlarını Türkiyənin daxili işlər naziri Süleyman Soyluya çatdırıb. Görüşdə qeyd olunub ki, bu gün iki qardaş ölkə arasında olan səmimi dostluq və qardaşlıq münasibətləri Daxili İşlər nazirliklərinin qarşılıqlı fəaliyyətinə çox müsbət zəmin yaradıb. S.Soylu da onun səmimi salamlarını nazir Vilayət Eyvazova çatdırmağı xahiş edib. Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

13 11 2021 Azərbaycan Respublikası Baş Prokuroluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı

13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd etmişdir. Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.

03 11 2021 Nazir V.Eyvazov növbəti sıra baxışı keçirib

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Yüksək mənəviyyata, iş keyfiyyətlərinə malik, bacarıqlı, fiziki cəhətdən sağlam gənclərin digər sahələrdə olduğu kimi daxili işlər orqanlarında da xidmətə qəbulu və irəli çəkilmələri DİN rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılır. Noyabrın 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı da bunun bariz nümunəsidir. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 75 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub. General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

26 10 2021 Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən cari il üçün müəyyən edilmiş iş qrafikinə uyğun olaraq video-konfrans formatında Komissiyanın “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin məsul nümayəndələri iştirak etmişdir. Görüşdə biznes mühiti ilə bağlı göstəricilərin yaxşılaşdırılması istiqamətində ölkədə aparılan islahatlar, beynəlxalq hesabatlarda əksini tapan cinayətkarlıqla mübarizə sahəsinə aid qiymətləndirmə meyarları, Azərbaycanın aidiyyəti indikatorlar və alt-indikatorlar üzrə mövqeləri - əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr, cinayətkarlığın biznes mühitinə təsiri, cinayətlər və digər hüquqpozmalar nəticəsində sahibkarlıq subyektlərinə vurula biləcək ziyanın minimuma endirilməsinin, sahibkarların hüquqlarının müdafiəsi, onlara dəymiş maddi ziyanın vaxtında və tam ödətdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkənin investisiya cəlbediciliyinin artırılması üçün əhəmiyyəti, aidiyyəti fəaliyyət istiqamətləri üzrə “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” İşçi qrupunun qarşısında duran konkret tapşırıqlar və onların effektiv həlli mexanizmləri və digər məsələlər geniş müzakirə olunmuşdur. Eyni zamanda https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə qeyri-hökumət təşkilatlarının İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələrə aktiv qoşulması imkanları barədə fikir mübadiləsi aparılmışdır. Sonda İşçi qrupun fəaliyyətinin daha səmərəli təşkili və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.