DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublikanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun jurnalistlərlə keçirdiyi mətbuat konfransı

26.09.2005





















Sentyabrın 22-də Daxili İşlər Nazirliyinin inzibati binasında Daxili İşlər naziri general-polkovnik Ramil Usubov Kütləvi İnformasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir.

Tədbiri DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov açaraq dedi:

- Salam, hamınızı xoş gördük hörmətli media nümayəndələri, xanımlar və cənablar! Bilirsiniz ki, respublikamızda cinayətkarlığa qarşı mübarizədə, sabitliyin yaradılmasında və onun dayanıqlığının təmin olunmasında daxili işlər orqanları xüsusi xidmət göstəriblər. Daxili işlər orqanları öz fəaliyyətində ölkə konstitusiyasından, Azərbaycan Respublikasının qanunlarından və qanunvericilik aktlarından, dövlət başçımızın fərman və sərəncamlarından irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirirlər. Bizim fəaliyyətimizə, polisin gərgin əməyinə müxtəlif cür yanaşmalar, bunu müxtəlif cür işıqlandıranlar var- obyektiv, qərəzli, qərəzsiz. Son vaxtlar müxtəlif qəzetlərin, informasiya agentliklərinin və telekanalların nümayəndələri müraciət edərək cənab nazirlə görüşmək, onları maraqlandıran suallara aydınlıq gətirilməsini istəyirlər. Bu gün cənab nazir vaxt tapıb mətbuat konfransı keçirir. Bugünkü mətbuat konfransında ölkəmizdə fəaliyyət göstərən bütün telekanalların, təxminən 15 informasiya agentliyinin və 40-a yaxın mətbuat orqanının nümayəndələri iştirak edir. Zalda 1 mikrafon və 2 radiomikrafon işləyir. Xahiş edirik, özünüzü təqdim edib polisin fəaliyyətinə aid suallarınızı verəsiniz.
    Əvvəlcə cənab nazir, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı məlumat verəcək, sonra siz suallarınızı verin.

R.USUBOV: - Hörmətli mətbuat nümayəndələri, mən hamınızı salamlayır, bu görüşə gəldiyinizə görə təşəkkürümü bildirirəm. Müraciətlərinizi nəzərə alaraq bu gün iki saata qədər vaxt ayırmışam ki, sizi narahat edən, maraqlandıran suallara cavab verim.
     Daxili işlər orqanları Azərbaycan müstəqillik qazandıqdan sonra elə onun tarixinə uyğun yol keçib. Kriminogen durumun nəzarətdən çıxdığı 90-cı illərdən tutmuş sonrakı dövrdə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun apardığı siyasət nəticəsində ölkədə sabitliyin yaradılması, islahatların aparılması, iqtisadi inkişafa nail olunması və nəhayət, kriminogen durumun nəzarət altına alınıb cinayətkarlığın dinamikasının ilbəil azalmasının şahidiyik. Azərbaycan Polisi və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar ölkəsinə, vətəninə, xalqına sədaqətlə xidmət göstərmiş, istər iqtidar olsun, istər müxalifət nümayəndəsi - hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi, konstitusion hüquqlarının qorunması, vətəndaşlarımızın rahat yaşaması üçün qüvvəsini əsirgəməmişdir. Bir daha deyirəm, sabitlik, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə siyasi baxışından, cəmiyyətdə oynadığı roldan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşına xeyir gətirib, bu sabitlikdən hamı bəhrələnib. Bu gün də mən belə düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı maraqlıdır ki, sabitlik davam etsin, cinayətkarlığa qarşı uğurlu mübarizə aparılsın, kriminogen durum nəzarətdə saxlanılsın, ölkəmiz yenidən xaosa, nəzarətsiz kriminogen duruma qayıtmasın. Bunun üçün ölkə prezidentinin başçılığı ilə hüquq-mühafizə orqanları əllərindən gələni edirlər. Nəticədə cinayətkarlığın səviyyəsinə görə indi Azərbaycan MDB məkanında yaxşı mənada ən aşağı yerlərdən birini tutur. Ötən ilin 8 ayı ilə bu ilin həmin dövrünü müqayisə etsək, görərik ki, uğurlar nəinki azalıb, hətta bir qədər də artıb. Məsələn, xüsusilə ağır cinayətlərin 10 faiz, ölüm hadisələrinin 6 faiz, adam oğurluqları və digər ictimai təhlükə törədən cinayətlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən azalması müşahidə olunur. Çox yaxşı haldır ki, ötən ilə nisbətən bu il narkotik maddələrin qanunsuz dövriyyədən götürülməsi də xeyli - 13 faiz yaxşılaşıb. Bəzən jurnalistlər buna başqa formada qiymət verirlər ki, bəs, narkomanlıq artıb. Narkomaniya latent cinayətdir. Gözə görünməyən bu cinayətlər nə qədər çox aşkar edilsə, deməli, mübarizə də bir o qədər yaxşı təmin edilib.
     Qeyd etmək istəyirəm ki, Azərbaycanda bu gün ümumən kriminogen durum nəzarət altındadır. İctimai asayişin qorunması daxili işlər orqanlarının fəaliyyətinin əsas hissəsini təşkil edir və bu, qanunda öz əksini tapır. Şübhəsiz ki, daxili işlər orqanları asayişin qorunmasında digər hüquq-mühafizə orqanları ilə əlaqəli işləyir, eyni zamanda hər bir vətəndaşın köməyindən istifadə edir. Kim polisə kömək etmək istəyirsə, biz ona çox xoş münasibət bəsləyirik və çalışırıq ki, vətəndaşlarla polisin əlaqəsi ilbəil daha da yaxşılaşsın, genişlənsin. Biz KİV nümayəndələri ilə də əlaqələrimizin genişlənməsinə xüsusi diqqət yetiririk. Azərbaycan vətəndaşı cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin necə təmin olunması ilə bağlı daha çox məlumat almaq istəyir. Bu mənada sizin fəaliyyətiniz əvəzsizdir.
     Mən cinayətkarlığa qarşı mübarizədə vətəndaşların köməyini dedim. Heç şübhəsiz ki, burada da mətbuat işçilərinin rolu xüsusi qeyd olunmalıdır. Çünki cəmiyyətimizdə olan neqativ halları təkcə inzibati üsullarla həll etmək mümkün deyil. Burada KİV-in müəyyən hadisələrə, problemlərə, cinayətkarlığı törədən səbəblərə olan münasibəti, bununla bağlı verilən xoş məramlı yazılar ümumən ölkəmizdə cinayətkarlığa qarşı mübarizəyə müsbət təsir göstərir.
     Prezident cənab İlham Əliyevin apardığı siyasət bu gün öz bəhrəsini verir. Həm iqtisadiyyatın, elmi-texniki tərəqqinin inkişafı, həm sosial, həm də hüquqi islahatların daha da genişlənməsi və demokratik prinsiplərin bərqərar olması sahəsində çox böyük uğurlar var. Hörmətli prezidentimizin son zamanlar verdiyi sərəncamlardan biri də polisə aiddir. Daxili işlər orqanları şəxsi heyətinin bir hissəsinin məvacibi 4-5 dəfə artırılıb. Bu, şəxsi heyət tərəfindən çox müsbət qarşılanıb. Digər tərəfdən, bu addım polisin fəaliyyətində olan neqativ halların aradan qaldırılmasına çox müsbət təsir edib. Yəqin ki, vicdanı saf olan insanlar da etiraf edərlər ki, polisin əməkhaqqısının artırılması neqativ halların dəfələrlə aradan qaldırılmasına səbəb olub. Bunu “Qaynar xətt”lə bizə müraciət edən vətəndaşlar da bildirirlər. Bir çoxları minnətdarlıqla qeyd edirlər ki, böyük dəyişiklik var. Bu günə kimi 400-dən bir qədər çox vətəndaş “Qaynar xətt”ə qoşulub. Onların əksəriyyəti polisə aid olmayan məsələlərdir ki, bizdən kömək istəyirlər. Amma 49 faizi polisə aid olan məsələlərdir ki, biz onları nəzarətdə saxlayırıq və lazımi tədbirlər görürük.
     Bildirmək istəyirəm ki, daxili işlər orqanlarının şəxsi heyəti Azərbaycan xalqına, dövlətinə, onun suverenliyinə, dövlətçiliyinə həmişə sədaqət göstərib, bu gün də belədir. Şəxsi heyətimizin qarşısında duran əsas vəzifə xalqımıza, dövlətimizə xidmət etmək, onun asayişi keşiyində ayıq-sayıq dayanmaq, cinayətkarlığa qarşı uğurlu mübarizəni davam etdirməkdir.
     Azərbaycan bu gün regionda, digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində də öncül yeri tutur və biz çalışırıq ki, bu sabitlik daimi olsun. Vətəndaşlara xidməti özümüzün başlıca vəzifəmiz bilirik və bu xidmətdən, bu vəzifənin icrasından hər bir polis əməkdaşı şərəf duyur. Şəxsi heyət bu amalla yaşayır. Polis adına xələl gətirən əməkdaşlardan isə azad olmağa, sıralarımızı onlardan təmizləməyə çalışırıq.
     Bu sahədə intensiv işlər aparılır. Bir daha əmin olduğumu bildirmək istəyirəm ki, burada sizi narahat edən suallara cavab tapacaqsınız.
     Ümid etmək istərdim ki, bu görüş ölkəmizdə cinayətkarlıqla mübarizənin daha uğurla aparılmasına xidmət edəcək. Bu görüşə müxtəlif yönümlü KİV-lərin nümayəndələrini dəvət etmişik-istər müxalifət yönümlü, istər iqtidar yönümlü, istərsə də müstəqil qəzetlərin təmsilçilərini. Mən yenə o fikrə qayıdıram ki, hər birimizin Vətəni Azərbaycandır. Hər birimiz də maraqlı olmalıyıq ki, Azərbaycanda sabitlik, əmin-amanlıq olsun.
     Mən sizin suallarınıza cavab verməyə hazıram. Buyurun.

ANS: Mənim bir neçə sualım var, onlardan birincisi Zakir Nəsirovun həbsi ilə bağlıdır.

R.USUBOV: Bununla bağlı əvvəllər də demişəm, bu gün yenə o fikirdə qalıram ki, Zakir Nəsirov Azərbaycan Polisində uzun illər ləyaqətlə çalışan çox təcrübəli əməkdaş olub. Zakir Nəsirovun Hacı Məmmədovla bilərəkdən hansısa cinayət əlaqəsinə girməsinə inanmıram. Ola bilər ki, Z.Nəsirov Baş İdarənin rəisi kimi işçisinə lazımi səviyyədə nəzarət edə bilməyib. Lakin onu çox yaxından tanıyan insan kimi, mənəvi təmizliyini, özünə qarşı çox tələbkar olduğunu bilərək bu fikirləri deyirəm. Yəqin ki, istintaq başa çatanda hər şey aydın olacaq. Bu gün istintaq gedir, biz istintaqın gedişini izləyirik və günahıolmadığını hesab etdiyimiz əməkdaşlarımızın heç birinə biganə deyilik. Əlbəttə, biz istintaqın işinə qarışa bilmərik. İstintaq ölkə başçısının nəzarəti altında gedir və inanıram ki, o, obyektiv, ədalətli qərar çıxaracaq.

ANS: Bunu özümçün dəqiqləşdirmək istəyirəm, işçisinə nəzarət edə bilməyən rəhbər vəzifəli şəxsə hansı cəza verilə bilər?

R.USUBOV: Bunu səhlənkarlıq kimi dəyərləndirmək olar.

ANS: Əli Həsənov deyir ki, müxalifət noyabrın 6-na yox, 7-nə hazırlaşır.

R.USUBOV: Onu hələ yaşayarıq, görərik. Amma müxalifətin bu ayın 25-nə planlaşdırdığı mitinqlə bağlı sual versəydiniz bu, daha aktual olardı. Çünki onlar planlaşdırırlar ki, ayın 25-də mitinq keçirəcəklər, özü də istədikləri yerdə. Mən əvvəllər də demişəm, bir daha deyirəm: mövcud “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda bu təsbit olunub. Heç bir şəxs, qurum, ictimai birlik, partiya özbaşına , yerli icra orqanlarının məqsədəmüvafiq bilmədiyi yerlərdə mitinq, yürüş keçirə bilməz.
     Bu gün məlumat üçün bildirim ki, Bakı şəhərində 31 dairə var. 31 dairədə deputatlığa namizədlər üçün 185 yer ayrılıb. Kim istəyir, gedib həmin yerdə görüş keçirsin, çıxış etsin, fikrini bildirsin. Lakin keçmişdən qalan, cəmiyyətə, demokratik quruluşa lazım olmayan pis vərdişlərdən bəzi partiyalar əl çəkmir və bu yolla yenidən Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Bəzi jurnalistlər bu məsələlərin izahında çətinlik çəkirlər və səhvə yol verirlər.
     Burda da belə bir sualın veriləcəyini gözlədiyim üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu gətirdim ki, oxuyun və görün ki, onlar dediyi kimidir, yoxsa biz izah etdiyimiz kimi. Mən bir daha bildirmək istəyirəm ki, vətəndaşın, qrupun keçirmək istədiyi mitinq, nümayiş ictimai asayişi, digər vətəndaşların hüquqlarını pozmağa yönəlibsə və əgər həmin tədbirin rəhbər icra qurumlarının, məhkəmə və qanunverici orqanların 300 metrlik radiusunda keçirilməsinə cəhdlər edilirsə, bunun qarşısı alınmalıdır. Bu qanunun icrası daxili işlər orqanlarına tapşırılıb. Heç kəsdə şübhə olmasın ki, qeyri-qanuni, icazəsiz yerdə keçiriləcək mitinqlərin, Bu yürüşlərin qarşısı daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qanun çərçivəsində qətiyyətlə alınacaqdır. Bu gün Azərbaycan oyuncaq dövlət deyil ki, 2 min, 5 min, 10 min adam toplamaqla çevriliş cəhdi etsinlər, yaxud cəmiyyətdə qarışıqlıq yaratsınlar. Artıq o zamanın vaxtı keçib.

ANS: Deyilənlərə görə, mühafizə polisində ixtisarlar seçkilərdən sonraya saxlanılıb.

R.USUBOV: Mühafizə polisi haqqında mən artıq demişəm, bir daha deyirəm. Son vaxtlar DİO-dan eləmənim əmrimlə 9 nəfər xaric olunub. Məvaciblər artandan sonra qanunsuzluq elədiklərinə görə sıravi heyətdən 7 nəfər şəhər-rayon polis orqanlarının rəisləri tərəfindən xaric olunub. Boş yerlərə mühafizə polisində yaxşı xidmət aparan, yaxşı fiziki hazırlığı olan adamları dəyişdirəcəyik. Mühafizə polisi bu ixtisardan heç bir ziyan görməyəcək. Ona görə də mühafizə polisinin əməkdaşları bundan narahat deyillər, bilirlər ki, nazirliyin, Baş İdarənin rəhbərliyi şəxsi heyətin qayğısına qalır və heç kəs bayıra atılmayacaq.

ANS: Bu barədə dəfələrlə danışılsa da, ancaq məlumdur ki, polis əməkdaşları heç də həmişə qanun çərçivəsində hərəkət etmirlər. Elə bu axşamkı buraxılışımızda görəcəksiniz ki, Gəncə ŞPİ-nin rəisi ANS- in əməkdaşına qarşı necə kobud davranıb.

R.USUBOV: İstər adi vətəndaş olsun, istər ANS əməkdaşı və ya digər mətbuat nümayəndəsi - polis borcludur ki, normal davranış, yüksək mədəniyyət nümayiş etdirsin. Amma eyni zamanda gərək qarşı tərəf də əxlaqi keyfiyyətlərə, davranış qaydalarına riayət etsin. Hər bir halda, onlar buna riayət etməsə belə polis təmkinli, dözümlü olmalıdır. Hətta kimsə polisi təhqir edirsə, kimsə onunla kobud rəftar edirsə, bunun üçün qanun var. Siz Gəncə ŞPİ-nin rəisinin adını çəkirsiniz, mən bu məsələni bilmirəm. Rəsmən müraciət edərsiniz, araşdırıb tədbir görərik. Bütün hallarda mətbuata, televiziya işçilərinə kobudluq yolverilməzdir.

“Trend” agentliyi: Polislərin jurnalistlərə qarşı kobudluq etməsi halları davam edir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür? Özümə qarşı olmuş bir hadisə barədə sonra Sizə daha ətraflı məlumat verə bilərəm.

R.USUBOV: Bu məsələ ilə əlaqədar nazirin fikri aydındır. Biz hər Kollegiya iclasında bu mövzuya toxunuruq. İstəmirik ki, kimsə təhqir olunsun. Ola bilər ki, kiməsə qarşı təhqiramiz ifadə işlədilsin və bu təhqir kimi qəbul edilsin. Amma siz rəisləri də başa düşün, gündə 10-15 müxtəlif qəzetdən, jurnaldan, hərə də əlində bir vəsiqə üz tutur polis qurumlarına. Rəisləri işləməyə qoymur, onları əsas işdən ayırırlar.
     Mən konkret olaraq sizinlə bağlı demirəm, bəzi jurnalistlər var ki, necə deyərlər, Rza bəylərin roluna girirlər və deyirlər ki, ya belədir, ya da yazacağam...

“Trend” agentliyi: Polisin əmək haqqının artırılması ilə bağlı müxtəlif orqanlara müraciət etsək də onlar bu məsələni nə təsdiq, nə də təkzib etdilər. Bu barədə konkret sərəncam varmı?

R.USUBOV: Belə sərəncam var. Əgər olmasaydı Azərbaycan dövlətinin bu qədər vəsaitini heç kəs özbaşına xərcləyə bilməzdi. Bu sənəddə elə məqamlar var ki, məxfi xarakter daşıdığından açıq dərc edilməyib. Sərəncamın icrası təmin ediləcək. Həmin sərəncamda yol polisinin hamısının yox, yolda xidmət aparan, əhali ilə ən çox təmasda olan yol patrul xidmətinin, eləcə də Çevik Polis Alayının, Bakının rayonlarında post-patrul xidməti aparan bütün əməkdaşların, diplomatik korpusları mühafizə edən, metroda xidmət aparan polislərin məvacibləri artırılıb. Hamısı üst-üstə 4500 nəfər edir.

“Trend” agentliyi: Xəbər yayıldı ki, Qusarda Abramyan soyadlı erməni tutulub. Siz bu barədə nə deyə bilərsiniz?


R.USUBOV: İki gün öncə Qusarda vətəndaşların verdiyi məlumata əsasən kəndlərin birində şübhəli şəxs müəyyən edilib. Dərhal ora polis əməkdaşları gedərək həmin adamı saxlayıblar. 1940-cı ildə anadan olan bu şəxsin verdiyi izahata görə, guya Martuni rayonuna, qardaşının yanına gedirmiş. Onun həqiqətdə hansı məqsədlə gəlməsini müəyyən etmək üçün MTN-lə birgə araşdırma gedir.

“Realnıy Azərbaycan” qəzeti: Məhərrəm Əliyev Sizi cinayətkarları himayə etməkdə ittiham edir. İkinci sualım isə belədir: Nadir Səlifovun məhkəməsində şahidlər istintaq zamanı ifadələri təzyiqlər altında verdiklərini bildirirlər. Siz polis əməkdaşlarının şahidlərə təzyiq etmələrini qeyri-mümkün hesab edirsiniz?

R.USUBOV: Birinci sualla bağlı bildirmək istəyirəm ki, hər bir əməkdaş, rəhbər işçi müstəqil fikir söyləmək hüququna malikdir. Bu mənada, konkret olaraq, mənim guya cinayətkarları himayə etməyim məsələsinə də dəfələrlə fikrimi bildirmişəm və bu gün də deyirəm. Bu, heç bir məntiqə sığa bilməz ki, Azərbaycanın daxili işlər naziri olaraq mən cinayətkarları, cinayət törətmiş insanları himayə edəm. Belə fakt yoxdur. Söz-söhbət, hansısa məqsədli danışıqlar ola bilər. Lakin konkret faktla danışmaq lazımdır.
     Əgər daxili işlər naziri hansısa cinayətkarı himayə edibsə, hər bir vətəndaşın, həmçinin sizin adını çəkdiyiniz əməkdaşımızın imkanı var ki, adi müstəntiqdən tutmuş ölkə rəhbərinədək bu barədə məlumat versin. Nazir istəsə də, istəməsə də belə müraciətlərin qarşısını ala bilməz. Prokurorluq da, bu gün gedən istintaq da onu sübut edir ki, belə müraciət olmayıb və hər hansı cinayətkarın himayə edilməsi məntiqə sığmayan məsələdir. Çünki sıravi bir polis nəfərinin də qəbahəti olanda, bəzən, hansısa bir rayonda cinayətkarlığa qarşı mübarizə düzgün təmin olunmayanda müxalifət mətbuatında ən çox yada düşən, tənqid edilən daxili işlər naziri olur. Daxili işlər naziri ölkədə cinayətkarlıqla mübarizədə, onun təşkilində birinci şəxsdir. Ona görə də ola bilməz ki, nə əqidə baxımından, nə vicdani baxımdan, nə də vəzifə baxımından mən hansısa cinayətkarı himayə edim. Mümkündür ki, hansısa qaçqın, yaxud köçkün təsadüfən avtomobil qəzası törədib və bu zaman adam ölməyib. Onu incidiblər, mənə müraciət edib və yalnız qanun çərçivəsində kömək etmişik. Amma insan oğurluğu və qətl törədəni, narkotik maddə satanı himayə etmək gülünc fikirdi, əsası olmayan ittihamdı. Zaman və tarix göstərəcək ki, belə şeylər heç zaman mənə yapışmaz.
    
     Keçək ikinci sualınıza. Əvvəla, bayaq dediyim kimi, cinayətkarlıqla mübarizədə hər birimiz maraqlı olmalıyıq. Bəzi qəzetlər isə müxalifətçilik mövqeyinə, yaxud polisə düşmən münasibətinə görə hətta “qanunda oğru”ları, Azərbaycan vətəndaşlarına təhlükə törədənləri müdafiə edirlər. Amma onun acı nəticəsini ola bilər ki, sizlər də dadasınız. “Qanunda oğru” deyilən adamların 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərməsi mümkün deyil. Hər biriniz bununla fəxr etməlisiniz. Mən ölkə adı çəkmək istəmirəm, amma hər biriniz MDB məkanında olan dost-tanışlarınızdan soruşun. Elə dövlətlər var ki, iş adamları “qanunda oğru” deyilənlərin rəyi olmasa normal fəaliyyəti ilə məşğul ola bilməzlər. Ona aylıq 10-15 faiz gəlir verirlər. Amma Azərbaycanda belə şeylər yoxdur. Səlifov özü həbsxanada otura-otura iş adamlarından, imkanlı şəxslərdən haqq-hesab istəyir, verməyənləri qorxudur. Həmin pullar hesabına da məhkəmə orqanlarını ələ almağa çalışırlar. Belə cəhdlər olur. Həmin şahidləri də pulla ələ almaq istəyirlər. Amma onun iddiası həqiqət deyil. Səlifov kimi cinayət törətmiş şəxslər yerini bilməlidir və hər bir vətəndaş, jurnalist maraqlı olmalıdır ki, bu cür adamlar yenidən əl-qol açmasınlar, hüquq-mühafizə orqanlarına meydan oxumasınlar, sabah vətəndaş dövlət orqanlarına yox, belə adamlara üz tutmasınlar. Onlar da öz bildikləri kimi məsələləri həll etməsinlər. Şahidlərə təzyiqi isə mən təsdiq edə bilmərəm. Bu məsələ mənim nəzarətimdə olub. Ümumiyyətlə, o, və onun ətrafının, mütəşəkkil cinayətkar dəstələrin törətdiyi cinayətlərlə bağlı məsələlər mənə məruzə olunub. Göstəriş verilib ki, araşdırma obyektiv aparılsın. Aparılan əməliyyat-istintaq tədbirləri zamanı qanun pozuntularına yol verilməyib. Bu hal nəzarətedici prokurorun da nəzarətində olub. Kimsə indi məhkəmədə özünü müdafiə etmək üçün deyə bilər ki, guya polis onu döyüb, işgəncə verib. Amma bunlar öz təsdiqini tapırmı? Tapmayacaq. Dediyiniz şahidlər isə, ola bilər ki, öz ifadələrindən çəkinsinlər. Müxtəlif səbəblər - kənar təsir, təzyiqlər, maddi maraq ola bilər. Bunu məhkəmə araşdırmalıdır.

“Gün-səhər” qəzeti: Polis polkovniki Məzahir Əliyevin intihar etməsi ilə bağlı müxtəlif versiyalar ortaya çıxdı. Onun Sizə ünvanlanmış məktubu nə vaxtsa mətbuatda açıqlana bilərmi? Bir də, nə üçün yeni vəzifəyə keçəndən bir ay sonra o, məzuniyyətə çıxıb?

R.USUBOV: O məktubun surəti burda var. Tanış ola bilərsiniz. Amma qorxuram ki, sevinə-sevinə bundan mənim əleyhimə istifadə etmək istəyənlər rəhmətlik Məzahir Əliyevin Ramil Usubov və rəhbərlik haqqında yazdığı minnətdarlıq ifadələrini eşidib peşman olsunlar. O, yazıb ki, cənab nazir, Siz illərlə məni xidmətimə görə təmənnasız irəli çəkmisiniz, qayğı göstərmisiniz. Bu məktubda elə bir sirr yoxdur. Amma bu işdə iz axtaranlar var ki, daxili işlər nazirinə, Azərbaycan Polisinə qarşı kampaniya aparır, Məzahir Əliyevin intiharına da siyasi don geyindirməyə çalışırlar. Məzahir Əliyev həqiqətən çox dəyərli, mənəvi cəhətdən saf əməkdaş olub. Onu biz “Azərbaycan bayrağı” ordeninə təqdim etmişdik. Bu mükafatını da aldı. Azərbaycanda dövlətçiliyə təhlükə yaradan, ölkə prezidentinə qarşı sui-qəsd hazırlayan adamların ifşasında Məzahir Əliyevin böyük xidmətləri olub. 7 il ərzində Zaqatala-Balakən zonasında olan cinayətkar dəstələrin ifşasında böyük rolu var. Ona görə də bir azərbaycanlı kimi deyirəm, Allah heç kimin başına gətirməsin, hər kəs xəstələnə, əsəblərində pozğunluq əmələ gələ bilər. Bunu siyasi məqsəd güdərək harasa yozmaq dünyasını dəyişən insanın ruhuna hörmətsizlikdir.

     Sualınızın ikinci hissəsinə gəldikdə isə, o, vəzifəyə təyin olunan kimi məzuniyyətə çıxmayıb. Bizdə qanuna müvafiq olaraq, əvvəlcədən tutulmuş qrafikə əsasən, hər bir əməkdaş məzuniyyətə gedə bilər. Məzahir Əliyev xeyli müddət idi ki, gərgin işləyirdi. Onun məzuniyyətə çıxmasında təəccüblü heç nə yoxdur. İntiharla bağlı prokurorluqda cinayət işi başlanıb, yəqin ki, buna da qiymət veriləcək.

“Gün-səhər” qəzeti: Cənab nazir, Zahid Dünyamalıyevin işdən çıxmasının Hacı Məmmədovla bir əlaqəsi var idimi?

R.USUBOV: Zahid Dünyamalıyev uzun illər rəhbər vəzifələrdə çalışan, yüksək professionallığa malik işçi idi. Son 11 ildə nazir olduğum dövrdə bir müavin kimi mənə çox yaxından kömək edirdi. Zahid Dünyamalıyev özü raport verərək bildirdi ki, narahatdır, mənəvi əzab çəkir ki, necə olub bunu görməyib. Yəni Zahid Dünyamalıyevin daxili işlər orqanlarından təqaüdə getməsi məhz bu səbəbdəndir. Amma o, ləyaqətli insan, general, rəhbər işçi kimi həmişə bizim sıralarımızdadır.

“Gün səhər” qəzeti: Bir sualım qaldı. Deyirlər, polis əməkdaşları arasında böyük narazılıqlar var - sıravilərin məvacibinin artırılması, zabitlərin məvaciblərinin isə artırılmaması ilə bağlı.

R.USUBOV: Yox, belə narazılıqlar yoxdur və bu, uydurmadan başqa bir şey deyil. Həmin fikri maaşların artırılmasından əvvəl də cəmiyyətə çatdırırdılar. Bəzilərinin gecələr yeni böhtanlar fikirləşib, səhər də qəzet səhifələrinə çıxarmalarının məqsədi bizə bəllidir. Cəmiyyətdə qanunçuluğu, sabitliyi qorumaq vəzifə borcu olan insanlara ləkə yaxmaq, onları ruhən sarsıtmaq radikal müxalifətin köhnə siyasətidir. Amma bu siyasətin reallıqla heç bir əlaqəsi yoxdur. Özünüz görürsünüz ki, Azərbaycan Polisinin şəxsi heyəti necə vicdanla xidmət aparır, yeri gələndə necə cəsarətlə, qorxmadan, çəkinmədən haqqı müdafiə edir. Azərbaycan Polisi bu gün monolit qurum kimi fəaliyyət göstərir. Bunların hamısı uydurmadır, həqiqətə uyğun deyil.

“Exo” qəzeti: Ramil müəllim, Siz hüquq müdafiəçisi Elçin Behbudova icazə vermisiniz ki, istintaq təcridxanalarına sərbəst girə bilsin. O belə yerlərdə olarkən 48 saatdan artıq saxlanılanlardan ifadələrin alınma hallarını aşkar edib.

R.USUBOV: Ümumiyyətlə, işgəncələrə, polis şöbələrində vətəndaşla münasibət, davranış qaydalarına diqqət yetiririk, Elçin Behbudovla da yaxşı xidməti əlaqələrimiz var. O, dəfələrlə şəhər və rayon polis orqanlarının müvəqqəti saxlama yerlərində olarkən əksəriyyətində qanunsuzluq olmadığı barədə zəng edib mənim köməkçimə rəy bildirib. Amma bu yaxınlarda məlumat vermişdi ki, Səbail polisinin məktubu əsasında 2 nəfər Xətaidə saxlanılır. Deyirdi, qanunsuzdur, sənədi yoxdur. Biz araşdırdıq və müəyyən etdik ki, həmin şəxslər Səbail RPİ-də yer olmadığından Xətaidə saxlanılır. Amma bunların hər ikisi Bakıda 30-dan çox oğurluq hadisəsi törədib, məhkəmənin qərarıyla həbs olunub. Sadəcə, məhkəmənin məktubunun surəti olmadığına görə Elçin Behbudov belə fikrə gəlib. Amma biz çox maraqlıyıq və mən də göstəriş vermişəm ki, Elçin Behbudov işgəncələrlə bağlı hara istəsə, gedib baxa bilər.

“Exo” qəzeti: Əmlak girovu haqqında qanun hazırlanır. Bunun icra mexanizmi necədir?

R.USUBOV: Bizə aidiyyatı olmayan məsələdir. Bu sual məhkəmə orqanlarına, Ədliyyə Nazirliyinə aiddir. İnsanların cinayətkarlar tərəfindən girov götürülməsini soruşsanız, mən məmnuniyyətlə cavab verə bilərəm. Bizdə belə hallar yoxdur, olanda da qarşısını alırıq.

“Turan” agentliyi: Məşhur adamlardan birinin fikridir ki, cəmiyyətdə polislər və jurnalistlər olmasalar, insanlar biri-birlərini yeyərlər. Məni maraqlandıran odur ki, polisin təminatı, onun sosial müdafiəsi, hüquqlarının qorunması nə yerdədir. Polisin əmək haqları Avropa standartlarına uyğun qurulmalı idi. Deyirdilər ki, əmək haqları bu ilin iyulundan artırılacaq. Niyə artırılmadı?

R.USUBOV: Ümumiyyətlə, son on ildə çox böyük islahatlar həyata keçirilib. Struktur dəyişikliklərindən tutmuş, polisin fəaliyyətini tənzimləyən qanunların qəbuluna qədər mühüm tədbirlər görülüb. Biz Azərbaycan daxili işlər orqanlarının strukturunu Avropa standartlarına cavab verən quruma çevirmişik. Eyni zamanda, onların “surətini” çıxarmırıq, özəllikləri, yerli xüsusiyyətləri nəzərə alırıq. Son on ildə bir neçə yeni idarə yaranıb. Məsələn, Mətbuat Xidmətinin belə geniş İdarəyə çevrilməsi nə məqsəd güdürdü? Əlbəttə, mətbuat orqanları, vətəndaşlarla əlaqələrimizi gücləndirməyə. Ona görə də indi bu idarə uğurla fəaliyyət göstərir. Bundan əlavə, şəxsi heyətin təlim-tərbiyəsi, psixoloji durumu ilə məşğul olan bir qurum yaranıb və çox uğurla fəaliyyət göstərir. Daxili Təhqiqatlar İdarəsi polisdə qanunsuzluqlara yol verən əməkdaşların, yəni cinayət törətməyib, inzibati xətalara yol verənlərin fəaliyyətini araşdırır. Son bir ildə biz artıq iki qurum yaratmışıq. Biri insan alverinə qarşı mübarizə, digəri isə qanunsuz miqrasiya ilə bağlı idarədir. Yeni vəziyyətlər yaranır, yeni problemlər ortaya çıxır ki, əlbəttə, Daxili İşlər Nazirliyi müstəqil dövlətimizdə bu problemləri həll etməlidir. Qaldı ki, proqrama, o mövcuddur. Sosial müdafiə ilə bağlı bu sənəd hörmətli prezidentimizin rəhbərliyi ilə 2004-cü ildə işlənib-hazırlanıb. 2008-ci ilə qədər polisin sosial müdafiəsinin möhkəmlənməsi bu proqramda öz əksini tapıb.
    Soruşursunuz ki, əmək haqları nəyə görə artırılmadı. Burda sirr yoxdur. Beynəlxalq Bankdan gəlib rəy verdilər ki, məvaciblərin belə artırılması inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. Ona görə də bu məsələ bir qədər ləngiyir. Gələn ilin büdcəsində polisin əmək haqqının hələlik 50 faiz artımı nəzərdə tutulub. Ümumən daxili işlər orqanlarının məvaciblərinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texniki vasitələrlə təminatı, iş şəraitinin yaxşılaşdırılması, yaşayış yerləri ilə təmin olunması Dövlət Proqramında öz əksini tapıb. İqtisadiyyatımız inkişaf etdikcə bu məsələlər uğurla həyata keçiriləcək.

“Turan” agentliyi: Mən Zakir Nəsirovla bağlı suala bir də qayıtmaq istərdim. Dünən onun vəkili Adil İsmayılovla söhbət etdim. O da bildirdi ki, Zakir Nəsirova qarşı hər hansı istintaq hərəkətləri aparılmır, heç bir günahı, verilən ittihamlar sübut olunmur. Sizin rəhbərliyiniz altında işləmiş bir generalın həbsdə qalmasına necə baxırsınız? Ümumiyyətlə, onun həbsdən azad edilib məhkəməyə qədər istintaqının davam etdirilməsini Siz necə qarşılayarsınız və bununla bağlı müraciət etmək fikriniz varmı?

R.USUBOV: - Mən hər bir vətəndaşın, xüsusən Azərbaycan Polisində xüsusi yeri, rolu, fəaliyyəti olan bir generalın əsası olmadan həbsdə qalmasını istəmərəm. Çox arzulayıram ki, əgər Zakir Nəsirovun qəbahəti, günahı sübuta yetirilmirsə, o, azad edilsin. Məndə olan məlumata görə, ona qarşı səhlənkarlıqdan başqa əsaslı ittiham verilməyib. İstintaqın ədalətli getməsinə inanıram. Hacı Məmmədov və onun dəstəsinin ifşa olunmasında hər bir insan maraqlı olmalıdır. Buna bilərəkdən yardım göstərənlərdən, adamların oğurlanmasında, qətlə yetirilməsində bilərəkdən iştirak edənlərdən cəmiyyət təmizlənməlidir. Biz bunda maraqlıyıq. Ancaq hansısa qəbahətə görə heç kəs həbs olunmamalıdır. Zakir Nəsirov mən daxili işlər naziri təyin olunmazdan əvvəl Cinayət-Axtarış İdarəsinin rəisi işləyib. Mən ona görə ona dəyməmişəm ki, professional sənətə bağlıydı, siyasi baxışlara fikir verən deyildi. O, kriminogen durumun sabitləşməsi üçün canından keçməyə hazır adam idi. Gördüm ki, cinayətkarlıqla mübarizədə professional borcunu yerinə yetirir, ona toxunmadım və sonra da fəaliyyətini davam etdirdi.

“Turan” agentliyi: Bu il seçkilər və ümumiyyətlə, kütləvi aksiyalar ilidir. Aksiyalar zamanı təhlükəsizlik necə təmin olunacaq, məntəqələr necə qorunacaq? Vətəndaşların şəxsiyyət vəsiqələrilə təmin edilməsi sahəsində bu yaxınlarda bir narazılıq yaranmışdı. Bunlar nə yerdədir? Polis hansı tədbirləri həyata keçirmək istəyir ki, parlament seçkiləri əmin-amanlıq şəraitində keçsin?

R.USUBOV: Suala görə sağ olun. Bildirmək istəyirəm ki, ümumiyyətlə, daxili işlər orqanları qarşısında qoyulan vəzifələri biz mütəmadi olaraq əməliyyat müşavirələrində müzakirə edirik. Daxili işlər orqanlarının əməkdaşları ilə cəmiyyət, vətəndaşlar arasında münasibətlərin yaxşılaşdırılması işimizin ana xəttidir. Hələ ulu öndərimizin vaxtilə Azərbaycan Polisinin peşə bayramında dediyi “Siz çalışın, insanlar, vətəndaşlar polisi sevsinlər” tövsiyyəsi bu gün də öz aktuallığını itirməyib, gələcəkdə də aktuallığını saxlayacaqdır. Bununla bağlı biz çoxlu tədbirlər həyata keçirmişik. Bir tərəfdən polis əməkdaşlarının maarifləndirilməsi, onların peşəkarlıq səviyyələrinin artırılması ilə bərabər davranış aydalarına fikir vermələri, vətəndaşlarla rəftarda etik normalara riayət etmələri daim diqqət mərkəzindədir. Eyni zamanda yerlərdə də bu iş mütəmadi şəkildə aparılır. Düzdür, deyə bilərsiniz ki, bu işlər aparılırsa da özbaşınalıq, kobudluq hallarına təsadüf olunur. Bəli, belə hallar mövcuddur. Amma şəxsi heyətin tam əksəriyyəti bu tələblərə, tövsiyyələrə riayət edir. Həmin təlimatlara, tövsiyyələrə əməl etməyənlər barəsində isə ciddi ölçülər götürürük. Elə son üç ildə 40 nəfərin daxili işlər orqanlarından xaric olunması, 14-nün cinayət məsuliyyətinə cəlb edilməsi, yüzlərlə əməkdaşın həmin qəbahətlərə görə aşağı vəzifələrə keçirilməsi məhz onu göstərir ki, Daxili İşlər Nazirliyinin, yerli polis orqanlarının rəhbərliyi bu məsələyə çox ciddi fikir verir.
     Hazırda 18 yaşı tamam olmuş və yuxarı yaş kateqoriyasına aid Azərbaycan vətəndaşlarının 88 faizi şəxsiyyət vəsiqəsilə təmin olunmuşdur. Bu gün səsvermə hüququ olan, Azərbaycandan kənarda yaşayan 237 min nəfər müəyyənləşdirilmişdir. Onlar da səsvermə hüququ olanların cəmi 5 faizini təşkil edirlər. Əgər bu insanlar seçkilərdə iştirak etmək istəsələr, gəlib şəxsiyyət vəsiqələrini ala bilərlər. Bizim ona da imkanımız var ki, həmin insanları şəxsiyyət vəsiqələri ilə tam təmin edək. Bunu da üstünə gəlsək, artıq biz 90 faiz həddini keçmişik. Təqribən 7 faiz əhali qalıb ki, yeni vəsiqələrlə təmin edilməmişdir. Sizi əmin edirəm ki, noyabrın 1-dək bu şəxslərin hamısı müvafiq vəsiqələrlə təmin ediləcəkdir. İndi çox intensiv iş gedir, bununla bağlı nazirin, nazirliyin rəhbərliyinin mövqeyi məlumdur və yerlərdə bu məsuliyyəti yaxşı dərk edirlər.
      Seçicilərin, seçki məntəqələrinin və keçirilən aksiyalar zamanı ictimai asayişin təmini də diqqət mərkəzindədir. Bayaq dedim ki, Bakı şəhərində 185 yer ayrılıb, rayonlarda da bu məqsədlə 4-5 yer ayrılmışdır. Bu yerlərdə keçiriləcək görüşlərin, mitinqlərin, yürüşlərin təhlükəsizliyinin təmini üçün nəinki göstərişlər verilib, eyni zamanda DİN-nin müvafiq xidmətlərinin təcrübəli əməkdaşları yerlərə göndərilib, ərazi polis orqanlarının əməkdaşları təlimatlandırılıb. Onlar öz vəzifələrini yaxşı bilirlər. Bununla bağlı problem olmayacaq. Şübhəsiz ki, süni surətdə problem yaratmaq cəhdləri olacaq, amma onları da biz qanuna dəvət edəcəyik.

“Üç nöqtə” qəzeti: Birinci sual Norveçin Bakıdakı səfiri Steynar Gillə bağlıdır. O, təzyiqə məruz qalmışdı.
     İkincisi, bir müddət əvvəl müavininiz Vilayət Eyvazov belə bir bəyanatla çıxış etmişdir ki, müxalifət xaricdən silah alır, biz bunu bilirik, məlumatlar çatıbdır. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
     Sonuncu sual isə belədir ki, ölkə prezidenti bu yaxınlarda Sumqayıtda olanda bizim sualımızı cavablandırarkən dediniz ki, adam oğurluğuyla məşğul olan mütəşəkkil cinayətkar dəstə var, onların 40-a yaxın üzvü həbs olunmuşdur, 30-u qalmışdır. Məhərrəm Əliyev sonradan mətbuata açıqlama verdi ki, elə bir dəstə yoxdur, vəziyyət sabitdir, bir elə dəstə var idi, Hacı Məmmədovun dəstəsini nəzərdə tutur, o da tutuldu. Bir də bu məsələyə aydınlıq gətirmənizi istərdik.


R.USUBOV: Sonuncu sualınıza cavab verim, sonra birinci suala keçərəm. Məhərrəm Əliyev də doğru deyib, mən də doğru demişəm. Sadəcə, bu qəzetlər bilərəkdən həm mənim, həm də Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin söylədiyi fikirləri dolaşıq, təhrif olunmuş formada ictimaiyyətə çatdırırlar. Məhərrəm Əliyev düz deyib ki, bu gün Bakıda belə bir cinayətkar dəstə yoxdur. Amma yazırlar ki, Ramil Usubov Bakı şəhərində, Azərbaycanda adam oğurluğu ilə məşğul olan 70 nəfərin tutulduğunu deyir. Bu adam oğurluqları faktları 1991-98-ci illərdə baş verib, lakin açılmayıb. Ona görə də 2000-ci ildə ulu öndərimiz mənim və baş prokurorun qarşısında məsələ qoydu ki, əvvəllər bağlı qalmış bütün adam oğurluqlarının açılması təmin edilsin. Bu məqsədlə biz birgə istintaq-əməliyyat qrupu yaratdıq və həmin qrup o illərdə törədilən cinayətlərin açılmasını təmin etdi, 70-dən çox şəxs müəyyənləşdirilərək tutuldu və istintaqa cəlb edildi. Mən bunu deyirdim. Amma bunu görün necə verdilər. Guya Ramil Usubov keçən il, ya da bu il 70 nəfərin tutulduğunu deyir. Ona görə həmin yazılarda ya anlaşılmazlıq olub, ya da bilərəkdən fikirlərimi təhrif ediblər.
     Deyirsiniz, Norveç səfirinə qarşı təzyiq olub. Bu haqda məlumatım yoxdur, onun özü də mənə müraciət etməyib. Müraciət etsə, araşdıraram. Yeri gəlmişkən, orda bir məsələ də olmuşdur. Gəncədə, gərək ki, bir nəfər öz evini ofis kimi əcnəbiyə, bilmirəm Norveç, yaxud başqa bir ölkənin vətəndaşına kirayəyə vermişdi. Vətəndaş əcnəbini bir neçə ay əvvəl xəbərdar edib ki, daha mən istəmirəm evim ofis olsun, yaşamaq istəyirəm. Onlar da ora-bura şikayətlər göndərirdilər ki, vətəndaş niyə məni evindən çıxarır? İndi bu, həmin şəxsin hüququdur. Məgər kimsə əcnəbi olduğuna görə Azərbaycan vətəndaşının hüququ pozulmalıdır? Axı belə də olmaz.

     Vilayət Eyvazovun verdiyi müsahibə ilə bağlı bildirmək istəyirəm ki, orada səslənən bəyanatların ciddi əsası var. Əsas nədir? Bu gün bizə məlumatlar daxil olur ki, radikal müxalifət hazırlıq işləri görür. Hazırlıq bir o deyil ki, seçicilərlə görüşlər keçirib özlərini təbliğ edirlər. Əlbəttə, bu normal bir proses olardı. Lakin radikal müxalifət məxfi şəkildə öz çevik qüvvələrini yaratmaq, müxtəlif alətlərlə silahlandırmaq istəyir. Bir-iki gün öncə məlumatlar daxil oldu ki, onlar tikinti gedən, başqa sözlə, daş, ağac parçaları olan yerlərdə kəşfiyyat aparıblar. Belə yerləri müəyyənləşdiriblər ki, sonra keçirəcəkləri qanunsuz mitinq və yürüşlər zamanı həmin alətlərdən polisə qarşı istifadə etsinlər. Bu həqiqətdir. Biz bunu eşidirik, bilirik və cəmiyyətə çatdırırıq ki, belə proseslər gedir. Sonra bizi qınamasınlar ki, polis qanunun, dövlətin gücünü belələrinə niyə göstərdi, tətbiq etdi. 
    Sizin yadınızdadır, 16 oktyabr hadisələrindən bir gün qabaq televiziya vasitəsilə müraciət etdim ki, analar, bacılar, əziz vətəndaşlar, qanunsuz hərəkətlərə yol verməyin, övladlarınızı bu yoldan çəkindirin. Sonra yüzlərlə adam tutuldu və polisi günahlandırmağa başladılar ki, onları niyə tutublar, həmin adamlar küçələrdə nə edirdilər ki, və s. Yaxşı ki, vətəndaşlarımız televiziyada həmin şəxslərin hərəkətlərini gördülər. Ona görə də bir daha deyirik ki, bu, artıq polisə məlumdur. Siz də, bütün vətəndaşlar da belə halların qarşısının alınmasında maraqlı olmalısınız. Ona görə də Vilayət Eyvazovun dediklərində təəccüblü bir şey yoxdur. 
       16 oktyabr hadisələri öncəsi Rəsul Quliyevin müraciətini yada salın. Telefonla tərəfdarlarına demişdi ki, əşi, qoy bir 10-15 nəfəriniz ölsün, inqilab qurban tələb edir və ölün ki, mən də gəlim. Ölmək üçün bunlar neyləməliydilər? Əvvəlcə polis əməkdaşlarını qətlə yetirməliydilər, polis də bunlara atəş açıb on-on beşini öldürməliydi. Sonra da polisi, bugünkü iqtidarı günahlandırmağa başlayacaqdılar ki, görürsünüz, indiki hakimiyyətin əli qana bulaşıb, zorla hakimiyyəti saxlayır və s. Bu gün Rəsul Quliyevin hüquqlarının müdafiəsi üçün komitə yaradılıb, onun Azərbaycana qayıtması üçün işlər görülür. Mən bir müddət öncə Rəsul Quliyevin ittihamnaməsini yenidən oxudum. Düzdür, əks düşərgədə çığır-bağır salırlar ki, Rəsul Quliyev gələcək və Azərbaycanda guya korrupsiyaya qarşı mübarizə aparan liderlərdən biri olacaqdır.
    Deyirlər ki, Rəsul Quliyev ömründə nə rüşvət alıb, nə də rüşvət verib. Rəsul Quliyev kimdən rüşvət alıb, kimə rüşvət verməliydi? O, Azərbaycan xalqının malını talayırdı. Yeri gələndə R.Quliyev bəzi şəxslərə rüşvət də verib. Adlarını da deyə bilərəm - kimlərə və nə qədər rüşvət verib. O, rüşvət verirdi, ancaq rüşvət almağa ehtiyacı yox idi. İndi ayda 330 min - 340 min manat məvacib alan polis əməkdaşı gedib kimdənsə 10 min manat alsa, dərhal əldə bayraq edirlər ki, bugünkü iqtidarın belə orqan əməkdaşı var. İstintaqla sübut edilmişdir ki, təkcə bu cinayətkar fəaliyyəti nəticəsində Rəsul Quliyev dövlətə məxsus neft və neft məhsullarını talayaraq Azərbaycan xalqına, dövlətinə 120 milyon dollardan çox ziyan vurmuşdur. Budur Rəsul Quliyevin siması. İmzanı saxtalaşdırmaqdan tutmuş öz imzasıyla göstəriş verməklə səlahiyyət həddini aşmağa qədər onun əməllərində cinayətlər var və dəfələrlə istintaq da, prokurorluq da, biz də müraciət etmişik. Demir ki, günahsızdır, gəlsin, bir-iki ay həbsxanada otursun, sübut etsin ki, günahsızdır. Bildirmək istəyirəm ki, bu yaxınlarda ölkənin baş prokuroru tərəfindən deputatlığa namizəd kimi Rəsul Quliyevin toxunulmazlığı məsələsinə yenidən baxılmış, bu hüquq götürülməklə onun barəsində əvvəllər çıxarılmış həbs qəti imkan tədbiri qüvvədə saxlanılmışdır.
     Prokurorluq qanuna istinad edir və qərarını əsaslandırır. Hesab edirəm düzgün əsaslandırmışdır ki, Rəsul Quliyevin törətdiyi əməllər namizədliyi təsdiq olunduqdan sonrakı əməlləri deyil, 1990-95-ci illərdə törətdikləridir. Həmin cinayətlərə görə isə onun barəsində məhkəmə tərəfindən həbsli axtarış qərarı verilmiş və qərarın icrası daxili işlər orqanlarına həvalə olunmuşdur. Heç kəsin şübhəsi olmasın ki, biz bu qərarın icrasını təmin edəcəyik.

“Yeni Azərbaycan” qəzeti: Mənim sizə bir sualım olacaq. Ancaq əvvəlcə bir məsələ barədə öz fikrimi demək istəyirəm. Siz bu barədə dediniz. Hər hansı məlumatı almaqdan ötrü rayon polis şöbələri ilə əlaqə saxladıqda bizim üçün də problemlər yaranır. Bunun səbəbi nədir? Mən belə başa düşürəm ki, Sizin də dediyiniz kimi, hər gün 10-15 dırnaqarası jurnalist gedir rayon polis şöbələrinin qapılarını kəsdirir və sonuncularda da fikir yaranır ki, yəqin jurnalistlərin hamısı belədir. Siz onların adını birbaşa çəkmədiniz, onlar “reket” jurnalistlərdir. Hamısının məqsədi aydındır. Biz də gələndə polis şöbələrində elə başa düşürlər ki, elə niyyətimiz var və ümumiyyətlə, zəng edəndə telefonu da qaldırmırlar. Xahiş edirəm, bunu nəzərə alasınız.

R.USUBOV:
Çox çağ olun. Siz həqiqəti deyirsiniz, mən də razıyam. Mən həmişə tərəfdarı olmuşam ki, bir peşə sahiblərinin hamısına eyni gözlə baxmaq olmaz. Bəzən məni hiddətləndirən məsələlərdən biri bu olub ki, hansısa polis əməkdaşı qəbahətə yol verirsə, bunu az qala bütün daxili işlər orqanlarına şamil edirlər. Bunun qəti əleyhinəyik və haqlı olaraq deyirsiniz ki, jurnalistlərin hamısı eyni əqidəli, eyni səviyyəli insanlar deyil, məqsədləri də müxtəlif cür ola bilər. Ona görə mənim münasibətim belədir ki, gərək polis əməkdaşları normal, həqiqi jurnalistlərlə “reket” jurnalistləri biri-birindən fərqləndirə bilsinlər, hamıya bir gözlə baxmasınlar.

“Yeni Azərbaycan” qəzeti: Ötən həftə dolların məzənnəsi xeyli aşağı düşdü. Bu da təbii ki, adi hadisə deyildi, burada müxtəlif adlar hallandırıldı. Ölkənin daxili işlər naziri kimi Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

R.USUBOV: Bu sualı müvafiq nazirliklərə, Milli Bankın rəhbərinə versəniz, daha yaxşı olardı. Hər bir halda bundan Azərbaycan vətəndaşı kimi biz də narahat olduq. Gördünüz ki, Azərbaycan hökumətinin, müvafiq qurumların gördüyü tədbirlər nəticəsində qısa müddətdə vəziyyət öz məcrasına düşdü.

“Bi-bi-si” radiosu: Mən də həmkarlarım kimi Sizə, Mətbuat Xidmətinin rəhbərliyinə bu tədbiri təşkil etdiyinizə görə təşəkkür edirəm. Mən Tapdıq bəyin ."Turan" agentliyi- red. bir sualını davam etdirmək istəyirəm. ATƏT-in müşahidəçilər qrupunun prezident seçkilərindən sonra tərtib etdiyi hesabatda polisin müəyyən məntəqələrdə seçki prosesinə müdaxilə etməsi öz əksini tapmışdır. Parlament seçkilərində belə halların qarşısını almaq üçün hansı önləyici tədbirlər görmüsünüz? Cənab nazir, bir də, polis seçki prosesinə hansı hallarda müdaxilə edə bilər?

R.USUBOV: Əvvəla, təlimatlarda, ümumiyyətlə, seçki ilə bağlı polisə verilən göstərişlərin hamısında birmənalı şəkildə seçkiyə qarışmamaq, seçki məntəqələrinə, dairə seçki komissiyalarına girməmək tövsiyyə olunur və bu, qadağandır. Polis yalnız seçki məntəqələrində oturan adamların çağırışıyla, orada hər hansı mübahisənin düşməsiylə, yaxud yaranan təhlükənin aradan qaldırılmasıyla, münaqişənin həlli ilə əlaqədar girə bilər. Lakin seçki prosesinə qətiyyən qarışa, müdaxilə edə bilməz və bu, qanunla qadağan edilmişdir. Mən bildirmişəm və yenə bildirirəm ki, belə polis əməkdaşları olarsa, onlar ilk növbədə daxili işlər orqanlarından xaric ediləcəklər, ikincisi, seçki qanunvericiliyini pozduqlarına görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bizim mövqeyimiz budur və verilən təlimatlarda, göstərişlərdə də məhz bunu nəzərə alırıq və diqqət mərkəzində saxlayırıq.
     ATƏT-in müşahidəçilər qrupunun əvvəlki seçkilərdə belə hallar müşahidə etdiyini deyirsiniz. Bu barədə mənə konkret təsdiqləyici fakt, müraciət daxil olmayıb. Yazıblar ki, belə bir şey olub. Bəzən bu müşahidəçilərin əksəriyyəti yerlərdə olan adamların sözü ilə nəyi isə deyirlər, məsələni araşdırmadan belə fikrə gəlirlər. Yenə deyirəm, məndə belə bir konkret fakt yoxdur. Əgər olsaydı, hökmən tədbir görərdim. Parlament seçkilərində belə hal olarsa, həmin polis əməkdaşı haqqında ən ciddi ölçülər götürüləcəkdir.

“Bi-bi-si” radiosu: İkinci sualım narıncı rənglə bağlı olacaq. Müxalifət mətbuatı tez-tez yazır ki, polislər narıncı rəngə biganə deyillər. Yazırlar ki, polislər narıncı çadır qurmağa icazə vermirlər, narıncı bayraqların hazırlandığı yerlərə girərək onları müsadirə edirlər, belə parçaların satışını məhdudlaşdırmağa cəhd göstərirlər. Yeri gəlmişkən, mən özüm həmin rəngi çox xoşladığım üçün bura narıncı geyimdə gəlmək istəyirdim. Dedilər, getmə, səni düz başa düşməzlər. Mümkünsə, polis və narıncı rəng probleminə aydınlıq gətirərdiniz.

R.USUBOV: Sağ olun. Ümumiyyətlə, daxili işlər orqanlarının əməkdaşları insanların hansı rəngdə, nə geyinmələrinə nəzarət və müdaxilə etmirlər, etməməlidirlər. Deyirsiniz ki, narıncı çadırlar qururlar. Söhbət çadırın harada qurulmasından gedir. İnsanların hərəkətinə mane olan, ictimai yerdə, icazə verilməyən məkanlarda belə çadırlar qurulursa, şübhəsiz ki, rəngindən asılı olmayaraq həmin çadırlar götürüləcəkdir. Yəni münasibət rəngə görə deyil, qeyri-qanuni məqsəd və əmələ görə göstərilir.
      Məsələn, bu yaxınlarda partiya liderlərindən biri deyirdi ki, yüzlərlə çadır almışıq, gətirib küçədə quracağıq. Şübhəsiz ki, buna imkan verilməyəcəkdir. Razılaşdırılmayan və icazə verilməyən yerlərdə kimdir onlara özbaşına çadır qurmağa imkan verən. Bu mümkün olmayan məsələdir, qanunla məhdudlaşdırılan faktlardır və polis də onun qarşısını almalıdır. Amma, ümumiyyətlə, insanlar narıncı yaxud digər rəngdə paltar geyirsə, buna heç bir məhdudiyyət yoxdur. Keçən dəfə “Qələbə” kinoteatrının qarşısına yığışan 3-4 min icazəli yürüş-mitinqçinin əksəriyyəti narıncı paltarlar geymişdi. Hansı polis əməkdaşı gəlib dedi ki, sən nə üçün narıncı paltar geyinmisən? Hansı liderə deyildi ki, niyə narıncı qalstuk taxmısan? Belə şeylər edilmir. Bu müdaxilələr o zaman olur ki, narıncı paltar geyən qanunu pozur, polisin qanuni tələblərinə tabe olmur. İctimai asayiş pozulan anda, əlbəttə ki, polis işə qarışmalıdır, qanunsuz hərəkətlərə müdaxilə etməlidir.

“Lider” TV: Paytaxtda mənzil oğurluqları bir müddət artmışdı və bunların da, demək olar ki, hamısı Gürcüstan vətəndaşları tərəfindən törədilirdi. Ümumiyyətlə, gürcüstanlılara qarşı hansı tədbirlər görülür və sahə inspektorları tərəfindən yoxlamalar aparılırmı?

R.USUBOV: Həqiqətən də son aylar Bakı şəhərində mənzil oğurluqları artmışdı. Həm Baş İdarənin, həm də rayon polis idarələrinin yerli bölmələri nazirliyin Mərkəzi Aparatının müvafiq qurumlarıyla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirdilər, tədbirlər görüldü və bir neçə qrup saxlanıldı. Düzdür, şəhərdə belə bir fikir geniş yayılıb ki, ev oğurluqlarının hamısını ya Gürcüstandan gələn soydaşlarımız, ya da gürcü millətindən olanlar törədiblər. Amma deyim ki, düzdür, bu yaxınlarda Səbail rayonunda tutulanlar Gürcüstanla əlaqəli insanlar olsalar da, Nərimanov rayonunda tutulan qrupun üzvlərinin hamısı Bakı şəhərində yaşayan azərbaycanlılardır ki, onlarca evin qarət edilməsində iştirakçıdırlar. Biz heç zaman hansısa ölkədən gələn, yaxud hansısa millətə mənsub olan insanlara qarşı mübarizə aparmırıq.
     Cinayətkarın nə milliyyəti var, nə də vətəni. Ona görə, əgər Gürcüstandan kimsə bura öz qohumlarının yanına, işiylə bağlı, yaxud burda normal həyat tərzi keçirməyə gəlirsə, həmişə Azərbaycanın qapısı üzünə açıqdır. Ancaq kimsə yalnız insanların konstitusion hüquqlarını pozmaq üçün gəlirsə və pozursa, şübhəsiz ki, ona qarşı mübarizə aparılır. Ümumiyyətlə, Gürcüstandan belə oğru qruplarının gəlmə ehtimalıyla bağlı da biz müvafiq işlər aparırıq. Bu deyilənlərdə həqiqət var. Araşdırmalar da göstərdi ki, həqiqətən Gürcüstandan gələn həm bəzi soydaşlarımız, həm də gürcü millətinə mənsub şəxslər Bakıda oğurluqlarla məşğul olublar. Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə bu yaxınlardakı görüşümüzdə də həmin məsələni bir daha vurğuladıq. Gürcüstan DİN-lə yaxşı əlaqələrimiz var. Müəyyən şübhəli şəxslərin, belə oğurluqları təşkil etməyə meylli olan Gürcüstan vətəndaşlarının adları, koordinatları bizə bəllidir və lazımi iş aparılır. Gürcüstan DİN-lə bu iş əlaqəli görülür.

“Lider” TV: Ötən həftə polisin iki uğurlu əməliyyatı oldu. Bayaq dediyiniz kimi, Səbail və Nərimanov rayonlarında silahlı dəstələr götürüldü. Nərimanov rayonundakı faktı işıqlandırmaq mümkün oldu, Səbaildə isə istintaq sirri olduğuna görə bəzi nüansları saxladılar, bizə vermədilər. Bilmək istərdik ki, Səbaildəki götürülmüş silahlarla Bakıda hansısa təxribat törədilmək fikri olubmu?

R.USUBOV: Aydındır. Hələlik bu fakt istintaqa bəlli deyil. Bu da sırf kriminal xarakter daşıyan cinayətdir. Səbaildəki faktla bağlı istintaq gedirdi və cinayətdə iştirak edənlərin müəyyən qismi azadlıqdaydı. Ona görə xahiş etmişdik ki, bu, hələlik televiziyada geniş verilməsin. Amma dünən vəziyyəti öyrənəndən sonra icazə vermişəm. Kim polisin uğurlu əməliyyatlarını işıqlandırırsa, mən ona ancaq təşəkkür edə bilərəm. Sadəcə, bəzən istintaqla bağlı elə şeylər olur ki, istədiyiniz vaxt yox, bir qədər sonra hadisələri işıqlandırmaq daha məqsədəuyğun olur.

“Space” televiziyası: Mərkəzi Seçki Komissiyasından deputatlığa namizədlərin məhkumluğu, yaxud cinayət törədib-törətməməsinə dair daxili işlər orqanlarına olan müraciətlər araşdırılıbmı və belə bir fakt varmı? Bir də, millət vəkillərindəki silahların təhvil verilməsilə bağlı qoyulmuş müddət bu gün bitir. Burda da müəyyən narazılıqlar ortaya çıxıb. Münasibətinizi bilmək istərdik.

R.USUBOV: Deputatlığa namizədlərin məhkum olunub-olunmamaları barədə müraciət edilərsə, biz bu barədə dərhal məlumat verməyə hazırıq, buna imkanımız var. Mərkəzi Seçki Komissiyası bizə müraciət edən kimi dərhal həmin məsələlər həllini tapır. Yəni burda heç bir problem yoxdur.
     Son on-on iki ildə ümummilli liderimiz cənab Heydər Əliyevin rəhbərliyilə ölkədə elə möhkəm əmin-amanlıq, sabitlik yaranıb ki, cinayətkardan yalnız silah vasitəsilə qorunmaq məsələsi bu gün gündəmdə dayanmır - istər millət vəkili olsun, istərsə də adi vətəndaş. Deputatların heç birinə qarşı hansısa sui-qəsd, yaxud cinayət hazırlanması barədə də məlumatımız yoxdur. Təxminən 30-35 deputatda silah var idi. Bilirsiniz, indi demokratik seçkiyə hazırlaşırıq, deputatlığa nəmizədlər yerlərə gedirlər, müəyyən münaqişəli vəziyyətlər yaranır. 2000-dən çox namizəd qeydə alınıb. Otuz nəfər belə deyir, yüzlərlə adam isə müraciət edir ki, deputatlarda niyə silah var? Ona görə də belə qərara gəldik ki, otuz nəfərdən silahların götürülməsi onların hüquqlarının pozulması, qəbahət kimi qiymətləndirilməməlidir. Əksəriyyət də bunu düzgün başa düşür və silahları təhvil verir. Burda problem yoxdur.

“Azadlıq” qəzeti: Siz bildirdiniz ki, polis idarələrində verilən işgəncələrə qarşı tədbirlər görülür. O gün bizim qəzet yazmışdı ki, Binəqədidəki 4-cü Polis Bölməsində bir hadisə olub. Bu barədə Sizə məlumat verilmişdi və o adam Sizinlə görüşüb. Bölmənin rəisi Tapdıq və müavini Ədalət adlı şəxslər ticarətlə məşğul olan bir nəfəri döymüşdülər. Amma bu günədək heç bir tədbir görülməyib.

R.USUBOV: Aydındır, sualınıza görə çox sağ olun. Amma araşdırma bir günlük məsələ deyil. Mən nazir kimi qərar verirəmsə, bir adamı vəzifədən götürürəmsə, o insan da Azərbaycan vətəndaşıdır, onun aqibətiylə bağlı tələm-tələsik qərar verə bilmərəm. Daxili Təhqiqatlar İdarəsinin rəisi, general Vidadi Rzayevə göstəriş vermişəm, məsələ araşdırılır, yəqin bu günə - sabaha qərarımı verəcəyəm. Bu məsələ öz qanuni, hüquqi həllini tapacaqdır.

“Azadlıq” qəzeti: Müxalifətlə bağlı dediniz ki, silah-sursat tədarükü görürlər. Amma “Azadlıq” qəzetinin redaksiyasında bomba tapılmışdı. Biz həmin partlayıcı maddələri aparıb Səbail polisinə təhvil verdik. Bununla bağlı heç bir reaksiya yoxdur və bilinmir ki, onlar haradan gəlib. Müxalifət silah əldə etmək istəyirsə, bəs oraya bomba, partlayıcı qurğular hardan qoyulmuşdu?

R.USUBOV: Həmin məlumat verildikdən sonra rayonun polis əməkdaşları məsələylə maraqlanıblar, araşdırma aparılır. Amma bu günə ən böyük ehtimal odur ki, partlayıcı maddələr redaksiyaya elə oranın öz işçiləri tərəfindən qoyulub. Sadəcə, siyasi məqsəd güdürlər. Özü də zəng vururlar ki, iqtidar bura bomba qoyub, gəlin, onu götürün. Bilirsiniz, belə məntiqsiz hərəkətlər gülüş doğurur, camaat buna inanmır. İstər müxalifəti, istərsə də digərlərini belə inandırıcı olmayan hərəkətlərdən çəkinməyə səsləyirəm. Sadəcə, həmin adamların polisə çağırılmaları, rəsmi ifadə vermələri, müvafiq sorğuların aparılması nəzər-diqqətimizdən kənarda deyil.

“Azadlıq” qəzeti: Məhərrəm Əliyev bir müddət əvvəl mətbuatda bildirmişdi ki, ona qarşı sui-qəsd hazırlanır və bunun arxasında DİN rəhbərliyində təmsil olan şəxslər dayanır. Bu məsələ bir müddət gündəmdə oldu və Bakı Baş Polis İdarəsinin rəisi kimi mühüm bir vəzifədə çalışan şəxsə qarşı sui-qəsdin üstündən elə ötdülər ki, sanki belə bir hadisə olmamışdır. Məhərrəm Əliyevlə bugünkü münasibətləriniz necədir?

R.USUBOV: Əvvəla, polis əməkdaşlarına qarşı hazırlanan və törədilən cinayətlərin araşdırılması, istintaqı qanunla prokurorluq orqanlarına həvalə edilib. Bunu kim bilmir? Adi Azərbaycan vətəndaşlarının tam əksəriyyəti bunu bilir. Əgər hansısa bir əməkdaş bildirirsə ki, ona qarşı terror hazırlanır və əgər həqiqətən xidməti vəzifənin icrasıyla bağlı terrordan söhbət gedirsə, bunun istintaqını, əməliyyatını Milli Təhlükəsizlik Nazirliyi apara bilər. Ona görə Məhərrəm müəllim hansı orqana müraciət edibsə, yəqin ki, ya prokurorluqda, ya da milli təhlükəsizlik orqanlarında bu məsələ araşdırılmalıdır və yəqin ki, araşdırılacaqdır. Daxili işlər naziri olaraq mən sıravidən tutmuş nazir müavinlərinədək hər bir əməkdaşın, polisin haqq işinin, təhlükəsizliyinin təmin edilməsini vəzifə borclarımdan biri bilmişəm və bilirəm.
   Polisə edilən hər bir ədalətsizlik, polisə qarşı hazırlanan hər hansı təhlükə, təbii ki, həmçinin nazirə qarşı hörmətsizlikdir, ona yönələn cinayətdir, onun hörmətinin aşağı salınması kimi dəyərləndirilməlidir.

“Sabah Nyus” qəzeti: Mən bayaq suallara cavablarınız barədə çox düşündüm. Dediniz ki, tutulanlara, buraxılanlara humanistlik göstərirsiniz. Zakir Nəsirovun keçdiyi yolu, atdığı addımları, ulu öndərə qarşı edilən sui-qəsdin aradan qaldırılmasındakı böyük rolunu nəzərə alıb daxili işlər naziri, vətəndaş kimi onun həbsdən azad olunması, həbs qəti imkan tədbirinin başqa cəza növüylə əvəzlənməsi barədə dövlət başçısına müraciət etmisinizmi və belə fikriniz varmı?

R.USUBOV:
Zakir Nəsirov barədə fikirlərimi eşitdiniz və yəqin burada bir məntiq var ki, onun aqibətinə biganə ola bilmərəm və həbsdən azad olunmasıyla bağlı nə imkanım daxilindədirsə, onu etmişəm və edirəm. Sizin dediyiniz fikirlərlə də razıyam ki, həqiqətən Azərbaycan dövlətçiliyinə yönələn, ulu öndərimiz Heydər Əliyevə hazırlanan iki sui-qəsdin qarşısının alınmasında, cinayətkarların ifşasında Zakir Nəsirovun təşkilatçılığı, rəhbərliyi mühüm rol oynayıb. Xaricdən qayıdarkən cənab Heydər Əliyevin təyyarəsinin vurulmasına cəhd göstərmiş cinayətkarların tapılmasında, “İqla” raketinin üzə çıxarılmasında onun böyük xidmətləri olub. Bir bu deyil, yüzlərlə belə faktı sadalamaq mümkündür. Ona görə biz istərdik və əminik ki, istintaq ədalətli gedəcək və Zakir Nəsirovun azadlığa çıxması üçün ədalətli qərar qəbul olunacaqdır.

“Sabah Nyus” qəzeti: Bir sual da şəxsiyyət vəsiqələriylə bağlıdır. Dünən Lənkəran rayonunda bir faktın şahidi oldum. Pasport bölməsinin rəisinin adını dəqiqləşdirə bilmədim. Amma orada olan əlillərə, şəhid ailələrinə, qocalara çox böyük hörmətsizlik var. Xahiş edirəm, nəzarətinizdə saxlayasınız.

R.USUBOV: Çox sağ olun. Bu məsələ də araşdırılar.

“Təzadlar” qəzeti: Cənab nazir, çox sağ olun ki, Sizin vaxtında müdaxilənizdən sonra bir çox istintaq işləri müsbət sonluqla nəticələnir. Bildirmək istərdim ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovdan xeyli qabaq “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə qarşı sui-qəsd törədildi və bu, istintaq sənədlərində də öz əksini tapmışdır. Çox təəssüflər olsun ki, 2002-ci ildə baş vermiş bu hadisənin istintaqı hələ də yekunlaşmır. Baş redaktorumuzun Sizə etdiyi müraciətdən sonra bu işin istintaqı təzələnib və bunun üçün Sizə minnətdarlığımızı bildiririk. Lakin Xətai RPİ istintaq şöbəsinin müstəntiqi Etibar Mahmudovun və digərlərinin günahı ucbatından istintaq işi hələ də yekunlaşmır. Əsas sualım ondan ibarətdir ki, bu cür hallara, səhlənkarlığa yol verən müstəntiqlər necə və hansı formada cəzalandırılır? Cənab nazir, mən “Təzadlar” qəzetinin baş redaktorunun 22 iyul 2005-ci il tarixdə Sizə etdiyi müraciəti göstərmək istəyirəm. Ola bilər ki, bu müraciət şəxsən Sizə çatmayıb və burda Baş Prokurorluqla DİN-nin cavabı vardır. Bu müraciəti şəxsən Sizə təqdim etmək istəyirəm.

R.USUBOV: Bilirsiniz, indi rəhmətlik Elmar Hüseynovla müqayisələr apardınız. Elmar Hüseynov həlak olmuşdur. Asif Mərzili ilə bağlı müraciət mənim yadımdadır. Bununla bağlı fakt o zaman araşdırıldı, lakin istintaqın gedişatından müəyyən narazılıq oldu, sübuta yetmədiyinə görə işə xitam verildi. Sonra baş redaktorun müraciəti əsasında yenidən bu məsələyə qayıdıldı. Burada, deyəsən, sübutlar kifayət deyil. Asif Mərziliyə də bizim xahişimizi çatdırın ki, ittihamı məhkəmədə təsdiqləyə biləcək sübutları istintaqa təqdim etsin. Əgər hər hansı müstəntiq qəsdən faktın üstünü örtürsə, yaxud tədbir görmək istəmirsə, bir bu fakt yox, başqa faktlara görə də biz hər zaman ciddi ölçülər götürürük. Həqiqətən bu faktın istintaqı da müstəntiqin günahı ucbatından gecikdirilibsə, mən məsələnin araşdırılmasını Baş İstintaq və Təhqiqat İdarəsinin rəisinə tapşırıram və o da mənə bu barədə məruzə edəcəkdir.

“Bakinski raboçiy” qəzeti: Azərbaycan dövlətçiliyinin qorunmasında polis əməkdaşlarının fədakarlığı danılmazdır və hər cür hörmətə layiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən polis əməkdaşlarının müəyyən qisminin əmək haqlarının qaldırılması da alqışlanmalıdır. Məni bir məsələ narahat edir və bu barədə Sizin fikrinizi bilmək istəyirəm. MDB ölkələrinin və bir sıra xarici dövlətlərin mətbuat orqanlarında, eləcə də televiziya ekranlarında, kinofilmlərdə polisin müsbət obrazı, imici yaradılır və bu, vətəndaşlara ümumi rahatlıq gətirir. Onlar arxayın olurlar ki, əmlaklarını, təhlükəsizliklərini qoruyan bir qurum fəaliyyət göstərir. Bizdə isə istər mətbuatda, istərsə də televiziya ekranlarında polisə şəbədə qoşmaq, onu ələ salmaq məqsədilə gülməli səhnəciklər göstərilir. Yəqin ki, həmin xarici ölkələrdə xidmət göstərən əməkdaşların içərisində də neqativ hallar olur. Ancaq bu bizdəki kimi ümumiləşdirilmiş şəkildə təqdim olunmur. Onların mənfi obrazda təbliğ olunması polis əməkdaşlarında ruh düşkünlüyü yaradır, bu peşə barəsində xalq arasında mənfi rəy formalaşdırır. Məncə, buna son qoyulmalı, müsbət, real polis obrazının təbliğinə mətbuat orqanlarında, televiziyada geniş yer ayrılmalıdır. Bu iş təkcə Sizin deyil, hamımızın işidir, vətəndaşlıq borcumuzdur. Axı Azərbaycan Polisinin fəaliyyəti təkcə neqativ hallardan ibarət deyil. Azərbaycan dövlətçiliyinin, xalqının qorunmasında polisin xidməti, fədakarlığı danılmazdır. Xahiş edirəm, buna münasibətinizi bildirəsiniz.

R.USUBOV: Həm suala, həm də haqlı, maraqlı münasibətə görə sizə təşəkkürümü bildirirəm. Mən başlanğıcda da dedim, verilən suallardan da görürəm və hiss edirəm ki, bura dəvət olunanların hamısı Azərbaycanda sabitliyin, asayişin qorunmasında, cinayətkarlıqla uğurlu mübarizənin aparılmasında maraqlıdır. Çünki bundan hər bir insan, hər bir Azərbaycan vətəndaşı faydalanır. Cinayətkarlıqla mübarizə qanunla polis orqanlarına həvalə edilmişdir. Şübhəsiz, burada televiziya və mətbuat işçilərindən, adi vətəndaşdan da çox şey asılıdır. Yalnız neqativ halları axtarmaq və onu qabardıb cəmiyyətin müzakirəsinə çıxarmaq, şişirtmək lazım deyil. Bəli, nöqsanlar da deyilməlidir. Amma həqiqətən yaxşı işləri, gecəsini-gündüzünü, canını əsirgəməyən sıravi polislərin, orta rəis heyəti əməkdaşlarının barəsində müsbət fikir formalaşdırmaq həqiqətən çox vacibdir. Polis bu cəmiyyətə, xalqa, necə deyərlər, fayda gətirir, xeyir verir. Ulu öndərimiz Azərbaycan Polisinin cəmiyyətdə xüsusi rolunu, yerini dəfələrlə qeyd edib və onu dövlətimizin mühüm sütunlarından biri adlandırıb. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev polisin fəaliyyətini çox yüksək qiymətləndirir. Biz bütün yaradıcı kollektivlərə, insanlara, qəzetlərə müraciət etmişik. Bizim hər bir yaxşı işi, əsəri qiymətləndirmək, mükafatlandırmaq imkanlarımız var və həmin vəsaitləri ayırmışıq. Kim bacarırsa, bu sahədə öz istedadını, qabiliyyətini göstərə bilər. Nazir kimi mən, burada əyləşən Baş idarə rəisləri, generallar da çox istərdik ki, müsbət polis obrazı yaradılsın. Neqativ halları hamı görə bilər. Düz deyirsiniz, məgər xaricdə cinayətkarlarla əlbir olan və ya xidməti vəzifəyə səhlənkar yanaşan polis yoxdur? Amma müsbət polis obrazı yaradılır və digər əməkdaşlar ona oxşamağa çalışırlar. Bütün yaradıcı kollektivlərə, insanlara müraciətim odur ki, məhz belə bir polis obrazı yaradasınız. Mən buna görə sizlərə ancaq təşəkkür edərəm və bundan da hamımız, bütün cəmiyyət faydalanar.

“Ekspress” qəzeti: Siz polisin seçkiyə hansı hallarda müdaxiləsi məsələsinə aydınlıq gətirdiniz. Deputatlığa namizəd Aslan İsmayılovun Nərimanov rayonu polisi tərəfindən ərazidən çıxarılması, Suraxanı RPİ 30-cu Polis Bölməsinin əməkdaşlarının deputatlığa namizəd Anar Məmmədxanlının təbliğat materialları olan portretlərini cırmalarına necə münasibət bəsləyirsiniz?

R.USUBOV: Aslan İsmayılovla bağlı məlumatı sizdən eşidirəm. Amma, ümumiyyətlə, vəziyyət necədir. Bayaq qeyd etdim ki, namizədlər üçün 185 yer ayrılıb. Burada həm iqtidar, həm müxalifət, həm də müstəqil namizədlər qabaqcadan xəbərdarlıq etməklə seçkiqabağı görüşlər keçirmək hüququna malikdirlər və heç kəs də onlara mane ola bilməz. Əgər belə fakt varsa, istər Aslan İsmayılov, istərsə də Anar Məmmədxanlı müraciət etsələr, araşdırma aparılar. Əgər doğrudan da polis əməkdaşlarının günahı varsa, tədbir görərəm. İndi siz Aslan İmayılovla bağlı dediniz. Ondan bir gün qabaq mənə zəng vurub bildirdilər ki, iqtidar nümayəndələrindən kimsə “Nərimanov” kinoteatrının qarşısında görüş keçirmək istəyib, polis qoymayıb. Mən də dedim ki, çox düzgün ediblər. Nə olsun ki, o, iqtidarın nümayəndəsidir.
     İstər iqtidar, istərsə də müxalifət nümayəndəsi, yaxud müstəqil namizəd olsun, hər bir şəxs qanuna tabe olmalıdır. Bununla bağlı mənim mövqeyim belədir. Aslan İsmayılovun özü hüquqşünasdır. Əgər hesab edirsə ki, polisin əməlində qanunsuzluq var, müraciət etsin, araşdırma aparılar.
    Anar Məmmədxanlının şəkillərinin cırıldığını dediniz. Təbliğatla bağlı şəkilləri yapışdırmaq üçün müəyyən yerlər, lövhələr ayrılıb. Şəhərin hər yerində bu şəkillər vurulmamalıdır. Ola bilər ki, yerli icra hakimiyyəti göstəriş verib və icazəsiz yerlərdən şəkillər yığışdırılıb. Anar Məmmədxanlını mən müxalifətçi saymıram. Bilirəm ki, iqtidara həmişə xoş münasibəti olan şəxsdir. Yəqin qanunsuz hesab etdiklərindən söylənilənlər baş verib. Əgər Anar müəllim hesab edirsə ki, ona qarşı qanunsuzluq törədilib, rəsmi müraciət etsin, araşdırılar.

“Ekspress” qəzeti: Bu hamımızı narahat edən məsələdir. Məlum olduğu kimi, hazırda MDB ölkələrində minlərlə soydaşımız yaşayır. Bu günlərdə Moskva şəhərində soydaşlarımızın ticarətlə məşğul olduqları bazarlardan birinə milis tərəfindən hücum oldu və yüzədək həmvətənimiz həbs edildi. Cənab nazir, bu hadisəylə, son vaxtlar MDB ölkələrində baş verən digər olaylarla maraqlanırsınızmı və yəni həmin ölkənin daxili işlər orqanlarıyla əlaqələriniz necədir?


R.USUBOV: Əvvəla, xaricdə yaşayan soydaşlarımızın sayını bəzən şişirdirlər. Birdən deyirlər ki, iki milyon, birdən də deyirlər dörd milyon. Mən xahiş edirəm, bu rəqəmlərə həmişə fikir verin. Bəzən azərbaycanlıları istəməyənlər həmin rəqəmləri qəsdən şişirdirlər ki, rusları, Moskvada daimi yaşayan digər insanları xofa, qorxuya salsınlar. Guya azərbaycanlılar artıq Moskvanı tutublar və s. Bizimkilər də nədənsə bu siyasətə bilərəkdən, yaxud bilməyərəkdən, necə deyərlər, inanıb bir az da dəstək verirlər. Elə bilirlər ki, bu, yaxşı haldır. Hələ 1989-cu ilin siyahıya alınmasına görə MDB məkanında bir milyon nəfərə yaxın azərbaycanlı yaşayırdı. Əlbəttə, ola bilər ki, ötən illərdə 200-300 min nəfər artıb. Azərbaycanlılara qarşı edilən haqsızlıqlara, onlara edilən hücumlara hər zaman dövlət, hökumət tərəfindən dərhal reaksiya verilib. Hələ yadımdadır, 1995-1997-ci illərdə belə hallarla bağlı ulu öndərimiz dəfələrlə Rusiya rəhbərliyi səviyyəsinə çıxmışdı. İndi də həmin məsələlər var. Bizim orada keçmiş nümayəndəmiz Vidadi Rzayev də zənglərimizdən sonra dəfələrlə gedib yerli milis orqanlarıyla məsələləri araşdırıb. Dünən mən Azərbaycan DİN-nin Moskvadakı nümayəndəsi, polkovnik Vaqif Şərifovla danışmışam. Vaqif Şərifov gedib orada olub və bu məsələləri də araşdırırlar.  
     Azərbaycanlı olduğu üçün kimsə təqibə məruz qalırsa, əlbəttə ki, bu zaman biz sözümüzü deməliyik. Amma bəzən mətbuatda yazılar gedir ki, azərbaycanlılardan üçü, beşi öldürüldü. Sonra isə araşdıranda məlum olur ki, elə azərbaycanlılar özləri biri-birlərini “razborka” zamanı öldürüblər. Biri-birinə pul borcludurlar, kimsə digərinin bazarını ələ keçirmək istəyir və s. Belə hallar da olur. Burada ən düzgün mövqe ədalətli araşdırmanın nəticəsini gözləməkdir. Mənim fikrim budur. Rusiyanın rəhbərliyi, Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsən nazirlə çox yaxşı münasibətimiz, əlaqələrimiz var. Mən indi Vaqif Şərifovun məruzəsini gözləyirəm. Sonra lazım gəlsə Rusiyanın daxili işlər naziriylə əlaqə saxlayacağam.

“Xural” qəzeti: Cənab nazir, polisin maaşının artırılmasıyla bağlı bəzi paradoksal vəziyyətlər var ki, heç cür uyğun gəlmir. Tutaq ki, polis serjantının hazırda aldığı maaş polis rəisiylə eynidir. Bundan başqa, istintaqda, təhqiqatda, əməliyyat tədbirləri həyata keçirən xidmətlərdə çalışan zabitlərin maaşı qalxmayıb.

R.USUBOV: Sualınız aydındır. Qeyri-bərabərliyi, məvaciblərin vəzifələrə uyğun olmadan artırılmasını biz əvvəlcədən bilirdik. Bunun da nə məqsədlə edildiyini şəxsi heyətə də, vətəndaşlara da izah etmişik. Vətəndaşlarla daha çox təmasda olan əməkdaşların maaşları birinci növbədə artırıldı. Ancaq bu o demək deyil ki, digər əməkdaşların maaşları belə qalacaq. 2008-ci il də daxil olmaqla, məvaciblərin hamısı gəlib o həddə çatacaq. Amma hansı müstəntiq istəyirsə ki, indi gəlib orada tağım komandiri, yaxud da polis rəisi istəyirsə ki, Çevik Polis Alayında bölük komandiri işləsin, biz buna qadağa qoymuruq. Hələ belə arzuda olan nə bölmə rəisi, nə də müstəntiq mənə müraciət edib. Gələcəkdə digər xidmətlərdə də məvaciblərin artırılması gündəmdədir. Hörmətli Prezidentimizin imzaladığı Dövlət Proqramında bu hal nəzərdə tutulub. Ona görə də şəxsi heyət arasında polisin məvacibinin qaldırılmasını əksəriyyət düzgün başa düşür. Mən məvacibləri artırılmayan şəxsi heyəti nəzərdə tuturam.

Sual: DİN-də “Qaynar xətt” yaradılıb. Amma elandan da oxudum ki, bu, daha çox Dövlət Yol Polisinin fəaliyyətinə aiddir. Mən arzu edərdim ki, gələcəkdə imkan yaradılsın ki, vətəndaşlar təkcə yol polisinin deyil, bütün polis əməkdaşlarının fəaliyyətilə əlaqədar oraya müraciət etsinlər.

R.USUBOV: “Qaynar xətt”ə indiyədək 401 müraciət olub, onun da arayışı məndədir. Əvvəla, biz deməmişik ki, ora yalnız yol polisinin fəaliyyətilə əlaqədar müraciət edilə bilər. Elə vətəndaşlar da təkcə yol polisiylə bağlı bizə müraciət etmirlər. Dövlət yol polisinin əməkdaşlarıyla bağlı cəmi 32 müraciət olub. Müraciətlərin 6-sı post-patrul xidməti, 38-i yerli polis orqanları, 15-i şəxsiyyət vəsiqələri, 31-i küçə və yollardakı problemlər, 23-ü ibtidai araşdırma aparan orqanlar, 115-i məişət problemləri ilə əlaqədar olmuşdur. Polislə, onun fəaliyyətilə bağlı nə müraciət varsa, biz hamısını qəbul edirik. Bunu sadalaya da bilərəm. Digər dövlət orqanlarının fəaliyyətilə əlaqədar 48 müraciət olub. Görülən tədbirlər barədə keçən dəfə məlumat verildi. “Qaynar xətt”ə edilən müraciətlərlə bağlı təkcə yol-patrul xidmətinin 8 əməkdaşını DİO-dan xaric etmişəm. Bundan əlavə, Daxili Təhqiqatlar İdarəsi materiallar hazırlayır - 8-9 nəfər post-patrul xidməti əməkdaşı tutduqları vəzifələrdən azad ediləcək, aşağı məvacib alan xidmət sahələrinə keçiriləcək, bir nəfər daxili işlər orqanlarından uzaqlaşdırılacaq. Yəni tədbir görürük. Bizə yenidən on nəfər də zəng vurub təşəkkürlərini bildiriblər ki, verdikləri məlumatlar əsasında tədbirlər həyata keçirmişik.
     Deyəsən, suallar bitdi. 
     Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, çox sağ olun, hamınıza təşəkkür edirəm. Arzulayıram ki, sizli-bizli hər birimiz Azərbaycanda sabitliyin davamlı, daimi olmasında maraqlı olaq. Bu, hər birimiz, bütün xalqımız üçün vacibdir.

      DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki S.Gözəlov jurnalistləri maraqlandıran bütün suallara geniş, əhatəli cavab verdiyinə görə nazir, general-polkovnik Ramil Usubova KİV təmsilçiləri adından təşəkkürünü bildirdi.


Ən son press-relizlər