DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan cinayətkarlığa qarşı mübarizə və sabitliyin qorunması sahəsində bölgədə şəriksiz lider dövlətdir

20.09.2005



 

 

Azərbaycan cinayətkarlığa qarşı mübarizə

və sabitliyin qorunması sahəsində

bölgədə şəriksiz lider dövlətdir

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov:

 

«Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqət Azərbaycan polisi üçün ən ali prinsipdir» 

     

Respublika nazirliklərində və dövlət komitələrində keçirilməsi  artıq ənənə halını almış «mətbuat həftəliyində» növbəti ünvan Daxili İşlər Nazirliyidir. Ölkədə sabitliyin əldə edilib möhkəmlənməsində, cinayətkarlığın azalmasında, kriminogen durumun nəzarət altında saxlanılmasında  müstəsna xidmətlər göstərmiş daxili işlər orqanları öz fəaliyyətində daim ölkə Konstitusiyasının müddəalarını, Azərbaycan Respublikasının Qanunlarından və dövlət başçısının Fərman və sərəncamlarından irəli gələn tələbləri rəhbər tutmuşlar.  Qarabağ cəbhəsində ərazi bütövlüyümüzün təmin olunması naminə sıralarından yüzlərlə şəhid və əlil verən Azərbaycan polisi sonrakı müddətdə əmin-amanlığın qorunması və dövlətin Konstitusion quruluşunun toxunulmazlığı üçün fədakarlıq göstərmiş, prinsipial mövqeyi ilə hər zaman Vətənə, Xalqa, Prezidentə sədaqətini nümayiş etdirmişdir.

     Həmsöhbətimiz respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd edir ki, daxili işlər orqanlarının peşə borcuna, həmçinin dövlət və millət qarşısında daşıdığı hüquqi-mənəvi öhdəliklərə sədaqəti sarsılmazdır. «Nə qədər ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin idealları yaşayır, Prezident İlham Əliyevin siyasəti böyük uğurlarla gerçəkləşir və Azərbaycan polisi Ali Baş Komandanın göstərişlərinə əsasən, ölkənin maraqlarının və vətəndaşın təhlükəsizliyinin keşiyindədir, demək, bu dövlətdə sabitliyə, xalqımızın əmin-amanlığına heç bir qüvvə problem yarada bilməz» - deyən cənab nazir Azərbaycanın daxili işlər orqanlarının sıravi əməkdaşdan ən ali rəhbərliyidək bu mövqedə olduğunu əmin edir.

 

- Azərbaycanın müstəqillik tarixinin çətin və şərəfli yolu həm də daxili işlər orqanlarının məsuliyyətli fəaliyyətinin şanlı salnaməsidir. Ölkəmizin üzləşdiyi faciələrdən, qarşılaşdığımız problemlərdən qurtulmaqda ümummilli liderimizin güvəndiyi ən əsas dövlət orqanlarından biri olan Daxili İşlər Nazirliyinə son 12 ilə yaxın müddətdə rəhbərlik edən şəxs kimi Azərbaycan polisinin ötən müddətdəki fəaliyyətini necə səciyyələndirərdiniz?  

 

- Azərbaycanın daxili işlər orqanları daim dövlətin və xalqın mənafeyi naminə fəaliyyət göstərən Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi naminə hər cür rəşadət göstərməyə qadir olan insanlardır. Bizim tariximiz qəhrəmanlıq, cəsarət, vətənə nümunəvi xidmət salnaməsidir. Qarabağ savaşını yada salaq. Bircə nizami bölüyü belə olmayan respublikanın ərazi bütövlüyünü qorumağa ilk atılan məhz daxili işlər orqanları oldu. Ermənistanın təcavüzünə qarşı milli müqaviməti təşkil edən qüvvə də yalnız Azərbaycan polisi idi. Qarabağ bölgəsinin elə bir kəndi yoxdur ki, orada Daxili İşlər Nazirliyinin əməkdaşları döyüşməsinlər, əhalinin müdafiəsini təşkil etməsinlər. Harada atəş səsləri eşidilirdi, hara düşmən təcavüzünə məruz qalırdı, orada xalqın imdadına səriştəsiz ölkə rəhbərliyi və siyasi avantüristlərin nəzarətindəki başıpozuq silahlı dəstələr yox, məhz Azərbaycan polisi çatırdı.

 

- Səhv etmiriksə, Siz özünüz də həmin zamanlarda mütəmadi olaraq cəbhə bölgəsində olmusunuz …

 

- Bəli. Mən Cinayət-Axtarış İdarəsinin rəisi işlədiyim dövrdə, yəni 1990-1991-ci illərdə öz xidməti fəaliyyətimi demək olar ki, cəbhə bölgəsində aparmışam. Bir il ərzində 264 gün Qarabağda xidməti ezamiyyətdə olmuşam. Həmin dövrdə daxili işlər orqanları əməkdaşlarının şücaətini öz gözlərimlə görmüşəm. Vətənimizin müdafiəsində şəxsi heyətimiz 931 şəhid vermiş, 633 nəfər isə əlil olmuşdur. Minlərlə əməkdaşımız Qarabağ müharibəsi veteranıdır. Bütün bunlar adi statistik göstəricilər deyil, onlar bizim qürur mənbəyimiz, müstəqil Azərbaycan Polisinin şərəfli tarixidir.

     Atəşkəs əldə edildikdən sonra Azərbaycanın qarşısında yeni bir cəbhədə mübarizə aparmaq zərurəti yarandı. Ökədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva salan siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdi. Azərbaycan xalqının iradəsi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli liderimiz Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi elan etdi. 1994-cü ilin 29 aprelində DİN-in rəhbər işçiləri ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev bu acınacaqlı durum barədə bir daha həyacan təbili çaldı. 

     Vəziyyəti aradan qaldırmaq üçün konkret göstərişlər verən ulu öndərimiz həmin iclasda məni daxili işlər naziri təyin etdi, fəaliyyətimin əsas istiqamətlərini müəyyənləşdirdi və ən vacibi isə nazirliyin fəaliyyətini şəxsi nəzarətinə götürdüyünü bəyan etdi: «Ramil Usubova tam inanır, Prezident kimi ona etimad göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Bu başdan xəbərdarlıq edirəm ki, yeni təyin edilmiş nazirin işinə heç kəs mane olmasın və heç kəs öz şəxsi məqsədlərinə çatmaq üçün orada cürbəcür işlərlə məşğul olmasın və hər kəs yeni nazirə kömək etməyə çalışsın. Mən naziri daim müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll edəcəyəm. … Bunu burada açıq deyirəm ki, hər kəs öz yerini bilsin. Hərə öz yerində oturub öz işini görsə, ümumi işimiz yaxşı gedəcək. Prezident kimi Daxili İşlər Nazirliyinin şəxsi heyətinə tam inanıram, etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, Vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlardır, peşəkar, təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunbazlıqdan əl çəkməyə, öz işlərini ancaq və ancaq dövlətin mövqeyinə, onun prisiplərinə əsasən qurmağa çağırıram. Bunların Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirləri görəcəyəm».  

     Bu gün də öz aktuallığını saxlayan tövsiyələr, tələblər və göstərişlər, eyni zamanda daxili işlər orqanlarına olan etimad fəaliyyətimizdə əsas istinadgah oldu, köklü dönüş yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində bəlkə də qısa müddət ərzində həlli qeyri-mümkün olan problemlər az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətklığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi. Bütün bu xidmətlər yalnız Heydər Əliyevin polad iradəsi, qətiyyəti və yüksək idarəçlik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən Azərbaycan polisi, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu.

 

- Cənab nazir, ötən 12 ilin timsalında ölkədə cinayətkarlığın dinamikasının statistik müqayisəsi necədir? Bu sahədə hansı dəyişikliklər baş verib?

 

- Son illərdə cinayətkarlığa qarşı mübarizədə böyük dönüş yaranıb. İndi qürurla demək olar ki, Azərbaycan nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı, sabitliyin mükəmməl və etibarlı təminatı baxımından  ən yaxşı göstəriciyə malik ölkələrdən biridir. Şübhəsiz ki, belə bir uğurun şəriksiz müəllifi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Bu böyük dühanın tövsiyə və tapşırıqlarını yüksək məsuliyyət hissi ilə yerinə yetirən Azəbaycanın daxili işlər orqanları xidməti fəaliyyətində son 12 il ərzində mühüm nailiyyətlər qazanmışlar.

     1992-2004-cü illərin statistikasına nəzər salsaq görərik ki, bu müddətdə ölkədə qeydə alınan cinayətlərin açılması 68.7 faizdən 94.2 faizə qədər yüksəlmişdir.  Bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 7.5 dəfə, ümumi cinayətkarlıq 25.1 % azalmışdır. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 2.8 dəfə, quldurluq və soyğunçuluq 3.8 dəfə, oğurluqlar 4.7 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 18.3 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10.1 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2 dəfə, yol-nəqliyyat hadisələri 21.6 faiz, bu hadisələrdə ölənlərin sayı 35.9 faiz, xəsarət alanlar isə 19.4 faiz azalmışdır. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3.7 dəfə, götürülmüş narkotik vasitələrin miqdarı 3.4 dəfə artmışdır. Son 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidən 30 mindən artıq silah yığılmış, hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdir. İndi geniş miqyas alan beynəlxalq terrorizm, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya, eləcə də transmilli cinayətlərin  digər növlərinə qarşı mübarizə uğurla təşkil olunmuşdur. Vətənə xəyanət, ölüm hadisələri, quldurluq, soyğunçuluq, adam oğurluğu, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ağır  cinayətlər törədən minlərlə cinayətkar müəyyənləşdirilərək ifşa edilmişdir.

Bütün bu faktlar sübut edir ki, Azərbaycan sosial-iqtisadi inkişafla yanaşı, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində də bölgədə şəriksiz lider dövlətdir. Bu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana bəxş etdiyi qurtuluşun, yüksəlişin,  dönməz sabitliyin məntiqi nəticəsidir.

 

- Daxili işlər orqanlarına dövlət qayğısı son vaxtlar da davam etdirilmişdir. Azərbaycan Prezidenti DİN-in bir qrup yüksək rütbəli zabitini qəbul edərkən bu qayğının daha da artacağını bildirmiş və ötən ay müvafiq sərəncam imzalamışdır. Bütün bunlar daxili işlər orqanlarının əməkdaşları tərəfindən necə qarşılanmışdır?

 

- Heydər Əliyev prezidentliyinin ilk günlərindən etibarən Azərbaycan xalqının digər təbəqələri ilə yanaşı polisin sosial müdafiəsinin yaxşılaşdırılmasını da düşünmüş, bu sahədə konkret addımlar atmışdır. Bayaq xatırlatdığım müşavirədə, yəni hələ 1994-cü ilin 29 aprelində Prezident Heydər Əliyev demişdi ki, «Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır».

     Qeyd olunan istiqamətdə ümummilli liderimiz həqiqətən də böyük işlər gördü və  bütün vətəndaşların, o cümlədən, daxili işlər orqanları əməkdaşlarının himayədarı olduğunu konkret qərarları ilə sübut etdi. Son 12 il ərzində dövlət daxili işlər orqanları əməkdaşlarının sosial durumunun qayğısına daim qalmış və onların daha yaxşı yaşamaları üçün lazımi tədbirləri həyata keçirmişdir. Ümummilli liderimiz bu sahəyə xüsusi diqqət ayırırdı. Heydər Əliyevin 11 mart 1996-cı il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1.2 dəfə, 25 iyul 1997-ci il tarixli sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1.5 dəfə, 30 may 1998-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 3.5  dəfə, 17 may 2000-ci il tarixli sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları 1.5 dəfə, 30 iyun 2003-cü il tarixli sərəncamla isə daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə və rütbə maaşları 1.5 dəfə artırılmışdır. Ulu öndərimizin səyi ilə daxili işlər orqanlarında həm xidməti iş şəraiti, həm maddi-texniki baza əsaslı şəkildə yaxşılaşdırılmışdır.

     Qürur hissi keçiririk ki, bu siyasət ulu öndərimizin  layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı Azərbaycanın daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, bu orqanlarda çalışan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mühüm qərarlar qəbul etmişdir. 2004-cü ildə peşə bayramımız ərəfəsində ölkə rəhbəri polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramını təsdiq etmiş, vəzifə maaşlarının artırılması, zabitlərə ali xüsusi rütbələrin verilməsi, əməkdaşların dövlət mükafatları ilə təltif olunması ilə bağlı  dörd sərəncam və iki fərman imzalamışdır. Dövlət Proqramında 2008-ci ilə qədər daxili işlər orqanları əməkdaşlarının maaşlarının bir neçə dəfə artırılması, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi mühüm məqamlar əks olunmuşdur.

     Prezident İlham Əliyevin 2005-ci il avqustun 31-də imzaladığı sərəncama əsasən, post-patrul xidmətinin, diplomatik nümayəndəliklərin mühafizəsi üzrə nizami hissələrin, yol-patrul xidmətinin, xüsusi təyinatlı nizami hissələrin və digər əməkdaşların (ümumiyyətlə, bütün xidmətlər üzrə 4500 nəfər əməkdaşın)  aylıq maaşları 5-6 dəfə artırılmışdır. Ölkə rəhbərinin bu himayədarlıq siyasəti daxili işlər orqanları tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır. Bizim çətin və gərgin fəaliyyətimizə verilən bu qiymət həm şəxsi heyətin sosial müdafiəsini gücləndirir, həm də vətəndaşlarla daha çox ünsiyyətdə olan bu kateqoriyalı əməkdaşlarımızı öz peşə borclarına daha  məsuliyyətlə yanaşmağa səfərbər edir.

     Çox sevindirici haldır ki, ölkə rəhbərinin növbəti qayğısı və təşəbbüsü ilə gələn ilin ikinci yarısında şəxsi heyətin vəzifə maaşının 50 faiz artırılması nəzərdə tutulub və bu, 2006-cü ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.

 

- Cənab nazir, Siz özünüz də şəxsi heyətin bir qrupunun vəzifə maaşlarının artırılmasını şərh edərkən bildirmişdiniz ki, dövlət qayğısına cavab olaraq gərək polis də öz işində müsbətə doğru dəyişikliklik etsin, sosial çətinlikdən meydana çıxan bəzi neqativ hallara son qoyulsun. Sizcə, maaşların artımı qeyd edilən neqativ halların aradan qalxmasına kömək edəcəkmi və ötən müddət ərzində buna nail olunubmu?

 

- Bəli, bu sahədə müəyyən problemlər var idi. Vətəndaşların incidilməsi, onlardan rüşvət tələb olunması, bir sözlə, bəzi əməkdaşlarımızın xidməti fəaliyyətə zidd əməllərlə məşğul olması kimi hallara rast gəlinirdi. Elə Prezidentin də sərəncamında əsas məqsədlərdən biri yuxarıda qeyd etdiyim kimi, vətəndaşla daha çox ünsiyyətdə olan polis əməkdaşlarını insanların hüquqlarını pozmaqdan çəkindirmək, onların sosial rifahını təmin etməklə kimlərinsə maliyyə asılılığından azad etməkdir. Ümumiyyətlə, maaşın azlığı heç vaxt qanun pozuntusuna zəmin olmalı deyil. Yəni, maaşı az olan polisin haqqı yoxdur ki, bu səbəbi bəhanə gətirib, vətəndaşdan maliyyə təmənnası umsun. 

     Prezidentin sərəncamının bu gün artıq konkret nəticələri var. Məvacibləri artırılan sahələrdə həm xidməti vəzifələrin icrası, həm neqativ hərəkətlərə yol verilməməsi yönümündə müsbətə doğru böyük dönüş yaranıb. Bir faktı vurğulayım ki, DİN-də yeni fəaliyyətə başlayan «Qaynar xətt»ə son iki həftə ərzində daxil olan 295 müraciətin cəmi 5-7 faizi yol-patrul xidməti, yaxud da post-patrul xidməti əməkdaşlarının fəaliyyəti ilə bağlıdır. Belə hallar tərəfimizdən diqqətlə yoxlanılır. Ötən müddət ərzində Daxili İşlər Nazirliyi və onun yerli orqanları bu sahədə xidmət aparan əməkdaşların neqativ hərəkətlərinə çox ciddi hüquqi qiymət vermişdir. Məsələn, həmin məlumatlardan bir neçəsi təsdiq olunduğuna,  yol-patrul xidmətinin 7, post-patrul xidmətinin isə 6 əməkdaşı daxili işlər nazirinin müvafiq əmr və göstərişlərinin tələblərini kobud surətdə pozduqlarına, daxili işlər orqanları əməkdaşı adına, polisin nüfuzuna xələl gətirən hərəkətlərə və digər qəbahətlərə yol verdiklərinə görə tutduqları vəzifələrdən kənarlaşdırılmış, xidmətdən xaric edilmişlər. 

     Biz hesab edirik ki, daxili işlər orqanlarında korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərindən biri məhz budur. Bir tərəfdən polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, aylıq məvacibləri artırmaq, digər tərəfdən xidmətlə bir araya sığmayan hərəkətlərə yol verən əməkdaşlardan ciddi intizam məsuliyyəti tələb etmək. Bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

 

- Azərbaycan çox mühüm ictimai-siyasi hadisənin - parlament seçkilərinin ərəfəsindədir. Radikal müxalifət təmsilçiləri indidən bəyan edirlər ki, onlar seçkilərdən dərhal sonra küçələrə çıxıb inqilab etməyə tam hazırdırlar. Ölkəmizdə bu avantüranın baş tutması ehtimalı nə dərəcədə realdır və Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyəti  sabitliyə təhlükə yaratmağa cəhd edəcək qüvvələri zərərsizləşdirməyə qadirdirmi?

 

- Daxili işlər naziri və eləcə də, ölkəmizdə baş verən prosesləri müşahidə edən bir vətəndaş kimi tam məsuliyyətlə deyirəm: Azərbaycanda onların gözlədikləri inqilab olmayacaq! Çünki xalq inqilabı 1993-cü ilin iyununda edib və onu fəlakətə, xaosa sürükləyənlərdən qurtulub, xilaskarını isə hakimiyyətə gətirib. Ümummilli inqilabın bəhrələri, töhfələri bugünkü inkişaf etməkdə olan Azərbaycandır, vətəndaşlarımızın yüksələn rifahıdır, sosial-iqtisadi tərəqqidir, son il yarımda açılan 260 min iş yeridir, insanların təhlükəsiz həyatıdır, Heydər Əliyev ideallarının xalq tərəfindən alternativsiz dövlətçilik modeli kimi qəbul edilməsidir, Prezident İlham Əliyevin daim artan ictimai nüfuzudur!

Əgər bu nailiyyətlər varsa və bu uğurlar xalqımızın tam əksəriyyəti tərəfindən düzgün qiymətləndirilirsə, onda bu inqilab nəyi dəyişə bilər, bu inqilabı kim edəcək və ümumiyyətlə, bu kimə lazımdır?! Sualların doğru cavabını vətəndaşlarımız çox dəqiq anlayırlar. Azərbaycanda «rəngli inqilablar» senarisini gerçəkləşdirmək niyyətində olanlar xalqın 1993-cü ilin iyununda hakimiyyətdən süpürüb atdığı və son 12 ildə keçirilən bütün seçiklərdə tarixin arxivinə gömdüyü qüvvələrdir. Onlar iqtidara gəlmək üçün yeganə qanuni və Konstitusion vasitə olan xalq etimadından məhrum olduqlarını başa düşürlər, ona görə də hər vəchlə qanunsuzluğa əl atmağa, iğtişaş törətməyə, qarışıqlıq yaratmağa cəhd edirlər. Bu gün bizi inqilaba səsləyənlər inqilab pərdəsi altında daha çox milli dəyərlərə, suverenliyimizə, müstəqilliyimizə, ümummilli maraqlarımıza xəyanət siyasəti yürüdürlər. 

     2003-cü ilin 15-16 oktyabr hadisələrinin aqibətini bu qanunsuz aksiyanı törədən qüvvələr gərək heç vaxt unutmasınlar. Həmin iğtişaşların təşkilatçıları və icraçıları anlamalıdırlar ki, onların məkrli niyyətlərinin qarşısında Azərbaycan xalqının tam əksəriyyətinin siyasi iradəsi, qətiyyətli Prezidenti,  həmçinin vətəndaşların təhlükəsiz yaşamaq istəyini gerçəkləşdirməyə hər zaman hazır olan daxili işlər orqanları və digər qurumları dayanıb. 

Əgər kimsə düşünürsə ki, Azərbaycanın daxili işlər orqanları peşə fəaliyyətlərinə səhlənkar, laqeyd yanaşacaq və onlar da bundan istifadə edərək hakimiyyəti zorakı yolla dəişdirəcəklər, böyük səhv edirlər. Qoy onlar özlərini və ətrafındakıları aldadaraq, qeyri-qanuni hərəkətlərə yol verməsinlər.                 Azərbaycan polisi nazirindən sıravi əməkdaşına qədər bütün şəxsi heyəti ilə xalqın siyasi seçimini və dövlətin maraqlarını hər vəchlə müdafiə etməyə, Prezidentin göstərişlərini yerinə yetirməyə hazırdır və Vətən qarşısındakı bu xidməti özümüzə şərəfli peşə borcu kimi qəbul etmişik.

     Bu gün daxili işlər orqanlarının şəxsi heyəti ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan amalına, Prezident İlham Əliyevin uğurlu siyasətinə sadiqdir. Dövlətimizə zərbə vurmaq istəyənlərə, xalqımızın böyük əziyyətlər hesabına əldə etdiyi əmin-amanlığa, sabitliyə təhlükə yaratmaq xülyasına düşənlərə qarşı barışmaz və qətiyyətli olacağıq.    Azərbaycanda sabitliyi qoruyub-saxlamaq həm bizim, həm də hər bir vicdanlı vətəndaşın borcudur. Çünki bu, ölkəmizdəki inkişafın əsas amilidir. İctimai asayişin möhkəmləndirilməsi xalqımızın bizdən əsas istəyidir.     Vətəndaşlarımız əmin olsunlar ki, daxili işlər orqanları onların bizə həvalə etdikləri bu vəzifəni layiqincə həyata keçirəcək. Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqət Azərbaycan polisi üçün ən ali prinsipdir. Dövlətimiz də, müstəqilliyimiz də, Heydər Əliyev ideyaları da sarsılmazdır, dönməzdir!

 

- Ancaq bir məqamı da unutmayaq ki, radikal müxalifət fəaliyyətini «demokratiya uğrunda mübarizə» kimi qələmə verir və polisin xidməti fəaliyyətini insan hüquq və azadlıqlarına maneə kimi dəyərləndirir…

 

-Xalq əsil demokratları da, onların hüquq və azadlıqlarını təmin edənləri də yaxşı tanıyır və son 12 ildə məhz onlara etimad göstərir. Bu günkü radikal müxalifət nə vaxtdan demokrat olub, nə zamandan onlar demokratiya uğrunda mübarizə aparmağa başlayıblar? Bütün bunlar çox qeyri-ciddi və gülünc söhbətlərdir. «Demokratiya» pərdəsi altında 1990-1993-cü illərdə Azərbaycanı böyük müsibətlərə sürükləyən, ölkədə demokratiya bərqərar olmamış onu dəfn edən, dövlətdə anarxiya yaradan məlum qüvvələr vətəndaşlarımızın hüquq və azadlıqlarını hər addamıbaşı pozurdular və indi də pozmağa hazırdırlar. Onların «demokratiyası» ümummilli mənafelərimizin, dövlətçiliyimizin, müstəqilliyimizin inkişafına yox onun zəifləməsinə, tərəqqisinə yox tənəzzülünə xidmət edir. Bu hərəkətlər zora, qana, xaosa söykənən hərəkətlərdir, antikonstitusion fəaliyyətdir. Gözlərini hakimiyyət ehtirası tutmuş bu siyasətbazlar  hətta oğru qanunlarını özləri üçün həyat tərzi seçən qatı cinayətkarları da müdafiə etməkdən belə çəkinmirlər.

Biz heç kəsin hüquq və azadlığını pozmaq niyyətində deyilik, əslində, nə ölkəmizdə bərqərar olan demokratik mühit buna imkan yaradır, nə də daxili işlər orqanları əməkdaşlarının malik olduqları yüksək şəxsi keyfiyyətlər və peşəkar xidməti fəaliyyət buna əsas verir. Biz, əksinə, vətəndaşların rahat, təhlükəsiz yaşamaq, şəxsi əmlakının toxunulmazlığı hüquqlarını qorumaq üçün radikal müxalifətin qanlı senarilərini zərərsizləşdiririk. 2003-cü ilin 15-16 oktyabrında küçədən keçən, marşrut avtobuslarında əyləşən sadə vətəndaşlara qarşı zorakılıq edən, onlara fiziki xəsarət yetirən, şəxsi əmlaklara yüz milyonlarla manat həcmində zərər vuran bu qüvvələr qarşıdakı parlament seçkilərində də yenidən insanların hüquq və azadlıqlarını pozmaq arzusuna düşüblər. Biz belə pozuculuq fəaliyyətinə qarşıyıq və bunun qarşısını hər vasitə ilə alacağıq.

Demokratiya qanunun aliliyinin təmin olunması şəraitində gerçəkləşir. Və bu prinsip artıq Azərbaycanda tam təsbit olunub. Bugünkü nailiyyətləri, gerçəkliyi minnətdarlıqla qəbul edən, sabahının daha uğurlu olacağına əmin olan vətəndaşlarımızı indi düşündürən əsas məsələ ümummilli problemimiz olan Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi,  sabitliyin qorunub saxlanmasıdır. Hər iki sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uğurludur və xalqın dəstəyinə malikdir. Bu reallığı dərk etməyənlər, yaxud da dərk etmək istəməyənlər xalqın iradəsi və qanunun aliliyi ilə qarşılaşmalı olacaqlar.

 

- Azərbaycan polisinin, şəxsən Sizin müxalifətin apardığı «qara piar»ın hədəfində olmağınızın əsas səbəbi məhz bu mövqeyiniz deyilmi? Ümumiyyətlə, daxili işlər orqanlarının fəaliyyətini ciddi-cəhdlə «təftiş» edənlərin «ittihamları»na münasibətiniz?

 

- Sualınızın ilk hissəsinə cavab olaraq bildirim ki, həqiqətən də üzləşdiyimiz «qara piar» dövlətçiliyə və müstəqillyiimizə qənim kəsilən qüvvələrə qarşı Azərbaycan polisinin apardığı qətiyyətli mübarizənin nəticəsi kimi meydana çıxıb. Avantürist ambisiyalarını həyata keçirə bilməyənlər, hakimiyyəti zorakı yollarla mənimsəməyə nail olmayanlar bizə böhtan atmaqla, əleyhimizə qərəzli təbliğat aparmaqla məşğuldur. Bəli, bizə qarşı cılız hisslərdən qaynaqlanan kampaniya aparılır. Nə 10 il öncə, nə də ki indi belə cəhdlər bizi qorxutmayıb, qətiyyətli fəaliyyətimizdən əsla çəkindirməyib, sıralarımızda fikir ayrılığı yaratmayıb. Hansısa bir nöqsanı şişirdərək, onu konteksdən çıxardıb yanlış məcraya yönəltməklə radikal müxalifət heç nəyə nail olmayacaq.

Bəli, bizim fəaliyyətimizdə ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin daim xatırlatdıqları uğurlarla yanaşı, müəyyən səhvlər, xətalar da var. Ancaq harada nöqsan baş verirsə, bu hadisə tərəfimizdən qısa müddət ərzində araşdırılır və müvafiq ölçü götürülür. Son 15 il ərzində ölkəmizin üzləşdiyi ziddiyyətli və mürəkkəb proseslər istər-istəməz hüquq-mühafizə orqanlarının şəxsi heyətinə də sirayət etmiş, bəzi siyasi fitnəkarlar, şəxsi maraqlarını peşə fəaliyyətindən üstün tutan insanlar polis orqanlarına soxulmuşlar. Son on il ərzində belələrinin ifşası DİN-də əsas fəaliyyət prioritetlərindən birinə çevrilmiş və məqsədyönlü işimizin nəticəsində yalnız 2000-2005-ci illər ərzində qanun pozuntularına görə 2 mindən çox, o cümlədən insan hüquq və azadlıqlarını pozduqlarına görə 514 əməkdaş intizam qaydasında cəzalandırılmış, 1338 nəfər isə daxili işlər orqanlarından xaric olunmuşdur. Biz fəaliyyətimizdə rast gəlinən qüsurları aradan qaldırmaqla kifayətlənmirik, həm də neqativ məqamların səbəblərini, mahiyyətini öyrənirik, təhlil edirik və lazımi nəticə çıxarırıq.

Fəaliyyətində xidməti qəbahətə, müxtəlif cinayətlərə yol verən azsaylı əməkdaşlarımız xalqına, dövlətinə şərəflə xidmət edən on minlərlə daxili işlər orqanları əməkdaşının şərəfli adına ləkə gətirə bilməz. Polisin fəaliyyətinin ümumiləşdirilmiş nəticəsi insanların təhlükəsiz yaşayışıdır, cəmiyyətimizdə hökm sürən sabitlikdir.

 

- Son vaxtlar belə məlumatlar yayılır ki, DİN strukturuna aid olan Mühafizə polisində geniş miqyaslı ixtisarlar aparılacaq və bu addım artıq indidən həmin kollektivdə kəskin etirazla qarşılanıb…

 

- Tamamilə yanlış məlumatdır. Bir fakta nəzər salaraq qeyd edim ki, son 10 ildə Azərbaycan əhalisinin sayı bir milyon nəfərdən çox artsa da, şəxsi heyətimizin tərkibi bir nəfər də olsun artmayıb. Bu ondan irəli gəlir ki, ölkədə sabitlik hökm sürür və polisin sayı cinayətkarlığa qarşı mübarizənin real mənzərəsi ilə uyğunlaşdırılır. Mühafizə polisinə gəlincə isə, o dövlət büdcəsindən maliyyələşdirilməyən bir qurumdur. Bu xidmətin əməkdaşları dövlət təşkilatları və özəl sektor təmsilçiləri ilə bağlınmış müqavilə əsasında onların əmlakının mühafizəsini təşkil edir və vəzifə maaşları da buna müvafiq ödənilir.

     Son illərdə özəlləşdirmə prosesinin vüsət alması və sahibkarlığın geniş yayılması mühafizə polisi xidmətinə ehtiyacı da artırmışdır. Biz bu sahədə köklü dəyişikliklər etmək niyyətindəyik. Daha doğrusu, yaranmış vəziyyət, sahənin gələcək inkişaf perspektivi bunu tələb edir. Dünya təcrübəsindən yararlanaraq, məhz mühafizə xidməti sahəsində yaxın iki ildə islahatlar aparmaq niyyətindəyik. İlk əvvəl, təqaüdə çıxan, yaxud müxtəlif səbəblərdən işindən ayrılan, könüllü olaraq mülki mühafizəyə bərabər və üstün məvaciblə başqa işə keçmək istəyənlərin hesabına qeyd etdiyim ixtisarlar aparılacaqdır. Görüləcək tədbirlər nəticəsində, hesab edirik ki, özəl sektorda xidmət aparan 3 minə qədər polis əməkdaşının ştatları boşaldılacaq və işə götürüləcək yeni heyət mülkü mühafizə əməkdaşları olacaq, yəni mülkü şəxs statusu daşıyacaqdır. İstər bu müddət ərzində, istərsə də sonra mühafizə polisinin heç bir əməkdaşının hüququ pozulmayacaq. Ümumiyyətlə, indiyədək nazirlikdə kütləvi ixtisar olmayıb və hesab edirəm ki, gələcəkdə də buna ehtiyac olmayacaqdır.

     İndi bu mövzuda hay-küy sayanların məqsədi heç də mühafizə polisinə qayğı göstərmək deyil, suyu bulandırmaqdır. Bu çirkin kampaniya şəxsi heyətimiz tərəfindən etirazla qarşılanır. Qoy, radikal müxalifət mühafizə polisinin taleyindən «narahat» olmasın. Əslində, bu «narahatçılıq» çox gülünc görünür…

 

-  Cənab nazir, «mətbuat həftəliyində» növbə Daxili İşlər Nazirliyinə çatdı. Rəhbərlik etdiyiniz struktur və şəxsən Siz özünüz KİV-lə münasibətlərinizdən razısınızmı və bu münasibətləri daha da yaxşılaşdırmaq üçün mətbuata hansı tövsiyələriniz var?

 

- Ümumilikdə götürdükdə, DİN və KİV münasibətlərini normal səciyyələndirmək olar. Daxili işlər orqanları kütləvi informasiya vasitələri üçün daim açıqdır və onlarla əməkdaşlığa biz böyük önəm veririk. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin təminatçısı olduğu mətbuat və söz azadlığı mühiti faydalı əməkdaşlıq üçün öz töhfələrini verir, yəni vətəndaşlar fəaliyyətimizlə bağlı yetərincə informasiya alır, aparılan əməliyyat tədbirləri barədə məlumat əldə edə bilirlər.

Digər tərəfdən isə mən KİV-i mahiyyətinə görə şərti olaraq iki qrupa bölərdim. İlk qrupa aid olan qərəzsiz, obyektiv, dövlətçilik, milli mənafe, milli şüurun inkişafı, sırf maarifçilik və informasiya təminatı missiyasını həyata keçirən mətbu orqanlarıyla münasibətimiz normaldır və onlardan çox razıyıq. Ancaq «sarı mətbuat» meyarlarının daşıyıcısı olan, siyasi reketçiliklə qəzetçiliyi səhv salan, cılız qrup maraqlarının, zərərli ambisiyaların ifadəçisinə çevrilən, böhtanı, iftiranı əsas fəaliyyət prinsipi seçən qəzetlərin fəaliyyətindən bütün vətəndaşlarımız kimi mən də narazıyam. Hesab edirəm ki, bu nəşrlər ölkədə süni yollarla qarşıdurma yaratmaq məqsədi güdməklə bərabər, həm də milli-mənəvi dəyərlərə qarşı da məkrli kampaniya aparırlar. Ölkə rəhbərliyi, hökumət üzvləri, ictimai-siyasi xadimlər, elm adamları, ziyalılar barədə ən xəbis yalanları, qərəzli dezinformasiyaları yayan belələri dahi Üzeyir bəyin öz əsərində yaratdığı «Rza bəylərin» prototipinə çevriliblər.

     Mən istərdim ki, mətbuat ölkədə baş verən hadisələrə obyektiv qiymət verməklə yanaşı, həm də cəmiyyətdə hökm sürən problemlər barədə dolğun araşdırmalar aparsın. Məsələn, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hansısa obyektiv tənqid, inanın ki, bizim ümumi işimizə böyük töhfə verə bilər. Yəni, harada çatışmazlıq varsa, hansısa sahədə əməkdaşımız polis adına xələl gətirən əməllə məşğul olursa, bu barədə informasiya həmin nöqsanın aradan qalxmasına səbəb olar. Ancaq təəssüf ki, belə mətbuat orqanlarında fəaliyyətimiz obyektiv tənqidin süzgəcindən keçmir, əksinə, haqsız hücumlar, yalan məlumatlar, şəxsi heyətimizin fəaliyyətini aşağılayan böhtanlar DİN-lə bağlı dərc olunan məqalələrin əksəriyyətini təşkil edir.

Əksəriyyəti radikal müxalifətin nəzarətində olan belə qəzetlər siyasi və pullu sifarişlər əsasında ölkəmizin görkəmli insanlarına şər atır, onların şərəf və ləyaqətlərini alçaldır, ailələrini böhtanlarına hədəf seçir və beləliklə insanların qanunla qorunan hüquqlarını tapdalayırlar. «Bizdən olmayan bizim düşmənimizdir» prinsipinin daşıyıcısı olan bu neobolşevik təfəkkürlülər nəticə etibarilə jurnalist adına ləkə vurur, KİV-lərin nüfuzuna xələl gətirirlər. Ancaq inanıram ki, yaxın gələcəkdə Azərbaycan mətbuatı da bu mənəvi aşınmadan qurtulacaq, onun adına və şərəfinə ləkə olanlardan təmizlənəcək, ümummilli etimadı yenidən qazanacaq. 

     Mən bir oxucu kimi KİV-lərə tövsiyə edərdim ki, fəaliyyətlərində milli mətbuatımızın əsas məramlarına sadiq olsunlar. Dövlət və millət mənafeyi, vətəndaşın şərəf və ləyaqəti onlar üçün toxunulmaz olsun. Ölkədə vətənpərvərlik hisslərinin təbliğində, ümumi düşmənə qarşı mübarizədə psixoloji hazırlığın təminatında fəal olsunlar. Ən nəhayət, informasiya və maarifçilik missiyalarında subyektivlikdən, qrup maraqlarından uzaq dayansınlar, jurnalist məsuliyyətini və bu peşənin mahiyyətini ucuzlaşdıranlara qarşı özləri barışmaz mübarizə aparsınlar. 

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

«Azərbaycan»

 

REDAKSİYADAN: Ölkə Prezidentinin tapşırığı və daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bilavasitə təşəbbüsü ilə son vaxtlar Qarabağ bölgəsində mühüm quruculuq, abadlıq işləri görülür, yeni məktəblər istifadəyə verilir. Lakin nazir təvazökarlıq edərək müsahibə zamanı bu mövzuda söhbət etməyi lazım bilmədi. Ancaq tərəfimizdən qeyd etməyi özümüzə borc bilirik ki, Prezident İlham Əliyevin imzaladığı  «Regionların sosial-iqtisadi inkişafı ilə bağlı» Dövlət Proqramına uyğun olaraq, cənab R.Usubovun təşəbbüsü ilə bu günlərdə Ağdamda  bütün növ maddi-texniki təminatı olan daha bir təhsil ocağı - 340 yerlik Soltanbud kənd orta məktəbi istifadəyə verilib. Bundan əvvəl isə, Bərdədə Zərifə xanım Əliyevanın adını daşıyan 1200 nəfərlik ən müasir məktəb şagirdlərin ixtiyarına verilmişdi. Ümumiyyətlə isə bu proses çərçivəsində Ağdam və Bərdədə indiyədək 10-dan artıq məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Qarqarçay və Tərtərçay üzərində salınmış müasir tələblərə cavab verən üç körpü, 40 km.-dən artıq yolun asfaltlanması, 20-yə qədər artezian quyusunun  istismara verilməsi, onlarla evin dam örtüklərinin əsaslı təmiri, Quzanlı xəstəxanasında müasir avadanlıqlarla təchiz edilmiş rentgen kabinetinin istifadəyə verilməsi və digər bu kimi xeyirxahlıqları general-polkovnik Ramil Usubov ümummilli lider Heydər Əliyevin xalqa, xüsusən də, qaçqın və məcburi köçkün soydaşlarımıza qayğı göstərmək məqsədilə dövlət məmurlarına etdiyi tövsiyənin bəhrəsi sayır. Və hesab edir ki, cənab İlham Əliyevin xalqa xidmətlə bağlı tələbləri, şəxsi nümunəsi hər bir dövlət məmurunun fəaliyyətində başlıc\a prinsip olmalıdır.

Generalın məntiqi əsaslıdır...     

 

 

 

     

 

 

 

 


Ən son press-relizlər