DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

2 iyul Azərbaycan polisinin peşə bayramıdır

01.07.2005



Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin peşə bayramı münasibətilə "Azərbaycan" qəzetinin müxbirinə müsahibə vermişdir.Müsahibənin 1 iyul 2005-ci il tarixli sayında dərc edilmiş tam mətni:

Azərbaycan polisi Prezidentin və xalqın etimadını daim doğruldacaq.


Daxili işlər naziri,general-polkovnik Ramil Usubov:
"Ölkədəki inkişafın əsas təminatı olan ictimai sabitlik Heydər Əliyev kursununən böyük uğuru, Prezident İlham Əliyevin fədakar fəaliyyətinin nəaliyyət göstəricisidir."
Azərbaycan polisi fəaliyyətinin 87-ci ildönümünü qeyd edir. Dövlətçiliyimizin möhkəmlənməsində, müstəqilliyimizin əbədiliyinin təmin olunmasında müstəsna xidmətləri olan daxili işlər orqanlarının şəxsi heyəti respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündəki fəaliyyətində də böyük nailiyyətlər qazanmışdır. Daha effektiv xidmət, xalqa sıx bağlılıq, dövlətə sadiqlik peşə bayramını qeyd edən polisimizin indi əsas xidmət göstəricisidir. Bu gün Azərbaycan vətəndaşlarının tam əminliklə «Mənim polisim məni qoruyur» - deməyə əsasları var.
Müsahibimiz Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov da bildirir ki, polis Vətənə, xalqa, Prezidentə daim sadiq qalacaq və dövlətimizin qüdrətlənməsinə daha çox töhfə verəcəkdir.

- Cənab nazir, Azərbaycan polisi 87-ci ildönümünü hansı əhvali-ruhiyyə və uğurlarla qarşılayır?
- Ümumiyyətlə, son illərdə bütün ölkə vətəndaşlarının, eyni zamanda, polisin də yüksək olan əhvali-ruhiyyəsi böyük nikbinliklə müşaiyət olunur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində misilsiz bəhrələrini görən xalqımız hər sahədə öz əksini tapmış tərəqqidən qürur duyur. Tariximizin əlamətdar anı olan «Bakı-Tbilisi-Ceyhan» əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi mərasimi həm indiyədək qazanılmış nailiyyətlərin parlaq rəmzi, həm də bundan sonra əldə ediləcək daha böyük uğurların təminatçısı oldu. Hörmətli Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat qüdrətli dövlət, əhalinin yüksək sosial müdafiəsi, insanların daha yaxşı rifahı deməkdir. Son bir il ərzində biz dəfələrlə şahid olduq ki, dövlət başçımızın bu ifadəsi ölkəmizin güclənməsi və xalqımızın günü-gündən yaxşılaşan güzaranı timsalında ardıcıl şəkildə gerçəkləşir. 
Daxili işlər orqanlarının şəxsi heyəti də peşə bayramını ölkəmizdəki hərtərəfli inkişafın fonunda yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Xidməti fəaliyyətdə qazandığımız nailiyyətlər də xüsusi qeyd edilməlidir. Son 10 il ərzindəki uğurlarımız cari ilin birinci yarısında da davam etmiş, Azərbaycan polisinin effektiv fəaliyyət göstərdiyinin əyani təzahürü olmuşdur. Bütün bu uğurları  xatırlayarkən, dahi rəhbərimiz Heydər Əliyevin əbədiyaşar xatirəsini hörmətlə yad edirəm. Məhz bu böyük şəxsiyyətin fədakarlıqları, yuxusuz gecələri, tükənməz zəhməti nəticəsində respublikamızda ictimai asayiş bərpa edilmiş, cinayətkarlığa qarşı mübarizə gücləndirilmiş, kriminogen durum tam nəzarətə götürülmüşdür. Bu siyasət indi də layiqincə davam etdirilir. Ölkə əhalisinin təhlükəsizliyinin təminatçısı olan Prezident İlham Əliyev həm polis orqanlarına diqqət və qayğı göstərir, həm də xidmətimizə təkmil nəzarət mexanizmi tətbiq etməklə, fəaliyyətimizin istənilən səviyyədə olmasına tam şərait yaradır. 
Daxili işlər orqanlarının, polisin əsas təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziiki və hüquqi şəxslərin qanuni  mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.   2005-ci ilin ötən dövründə də  qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə həyata keçirilmiş, möhtərəm Prezidentimizin qarşımızda qoyduğu tələblərin öhdəsindən şərəflə gəlməyə çalışmışıq.
 
- Bu gün ölkədəki ictimai durum, kriminogen vəziyyət necədir və bu vəziyyət əvvəlki illərlə müqayisədə nə qədər dəyişib?
- İndi respublikamızda ictimai asayişin durumu, kriminogen vəziyyət, əvvəlki illərdə olduğu kimi, tamamilə nəzarət altındadır. Bunun  bariz göstəricisi odur ki, Azərbaycan nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı, sabitliyin mükəmməl və etibarlı təminatı baxımından  ən yaxşı göstəriciyə malik ölkələrdən biridir. Şübhəsiz ki, bu uğurun şəriksiz müəllifi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. 1993-cü ildə əbədiyaşar öndərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra ölkədə xaosdan qurtuluşa keçidin əsası qoyuldu və ictimai-siyasi vəziyyətdə, kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. Hüquq-mühafizə orqanları məhz ulu öndərimizin rəhbərliyi altında ölkədə tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyllərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu fəaliyyət göstərmişlər.
Ötən illər ərzində Azərbaycan Respublikasında cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən dəyişikliklərin mükəmməl göstəricisidir. Son 12 il ərzində, yəni 1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 68,7 faizdən 94.2 faizə qədər yüksəlmişdir.  Bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 7.5 dəfə, ümumi cinayətkarlıq 25.1 % azalmışdır. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 2.8 dəfə, quldurluq və soyğunçuluq 3.8 dəfə, oğurluqlar 4.7 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 18.3 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10.1 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2 dəfə, yol nəqliyyat hadisələri 21.6 faiz (eyni zamanda, bu hadisələrdə ölənlərin sayı 35.9 faiz, xəsarət alanlar isə 19.4 faiz) azalmışdır. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3.7 dəfə, götürülmüş narkotik vasitələrinin miqdarı 3.4 dəfə artmışdır. Son 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidən 30 mindən artıq silah yığılmış, hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdir.
Yeni dövrdə daha geniş miqyas alan beynəlxalq terrorizm, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya, eləcə də transmilli cinayətlərin  digər növlərinə qarşı mübarizə uğurla təşkil olunmuşdur. Böyük ictimai rezonans yaradan vətənə xəyanət, ölüm hadisələri, quldurluq, soyğunçuluq, adam oğurluğu, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi cinayətlər törədən yüzlərlə cinayətkar digər hüquq-mühafizə orqanlarının birgə səyləri ilə müəyyənləşdirilərək ifşa edilmişlər.
Böyük öndərimiz Heydər Əliyev Azərbaycan polisinə xitabən, «Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram» - söyləmişdi. Doğrudan da, indi hər bir Azərbaycan vətəndaşının həyatı, sağlamlığı, hüquq və azadlıqları, qanuni mənafeləri və mülkiyyəti hüquqazidd əməllərdən etibarlı qorunur. Ölkəmizdə sabitliyin saxlanılması ilə bağlı görülən işlər öz töhfələrini sosial-iqtisadi tərəqqidə, milli təhlükəsizliyimizdə, siyasi həmrəylikdə, vətəndaş birliyində, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun yüksəlməsində dolğun əks etdirir. Bu isə son illər ərzində ictimai asayişin və krminogen durumun müsbət istiqamətdə nə dərəcədə dəyişməsinin ən real göstəricisidir.

- Daxili işlər orqanlarına dövlət qayğısı son illər ərzində də davam etdirilib. Şəxsi heyətinizin sosial müdafiəsinin yüksəldilməsinə yönəlmiş bu addımlar arzuolunan səviyyədədirmi?
- Son 12 il ərzində dövlət daxili işlər orqanları əməkdaşlarının sosial durumunun qayğısına daim qalmış və onların daha yaxşı yaşamaları üçün lazımi tədbirləri həyata keçirmişdir. Ümummilli liderimiz bu sahəyə xüsusi diqqət ayırırdı. Heydər Əliyevin 11 mart 1996-cı il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1.2 dəfə, 25 iyul 1997-ci il tarixli sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1.5 dəfə, 30 may 1998-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 3,5  dəfə, 17 may 2000-ci il tarixli sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları 1.5 dəfə, 30 iyun 2003-cü il tarixli sərəncamla isə daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə və rütbə maaşları 1.5 dəfə artırılmışdır. Bu dövrdə həm xidməti iş şəraiti, həm maddi-texniki baza xeyli yaxşılaşdırılmışdır.
Təqdirəlayiq haldır ki, bu siyasət ulu öndərimizin  layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Dövlət başçısı Azərbaycanın daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, bu sistemdə çalışan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mühüm qərarlar qəbul etmişdir. Ötən il peşə bayramımız  ərəfəsində ölkə rəhbəri polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramını təsdiq etmiş, vəzifə maaşlarının artırılması, zabitlərə ali xüsusi rütbələrin verilməsi, əməkdaşların dövlət mükafatları ilə təltif olunması ilə bağlı  dörd sərəncam və iki fərman imzalamışdır. Bu silsilədə Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Sənəddə 2008-ci ilə qədər daxili işlər orqanları əməkdaşlarının maaşlarının bir neçə dəfə artırılması, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması,  demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin genişlənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlərin həlli nəzərdə tutulur.
Bundan əlavə, daxili işlər orqanlarına aid olan mühüm infrastrukturların yenidən qurulması, abadlaşdırılması işi də böyük vüsət alıb. Dövlət başçımızın xüsusi diqqət və qayğısı nəticəsində Daxili İşlər Nazirliyi sisemində müxtəlif təyinatlı yeni obyektlər inşa olunmuş, bir çoxları isə əsaslı şəkildə yenidən qurularaq istismara verilmişdir. Təsadüfi deyil ki, son iki ildə təkcə Polis Akademiyasında yeni obyektlərin tikintisinə dövlət büdcəsindən 11 milyard manatdan çox vəsait ayrılaraq ən müasir tələblər səviyyəsində yeddi mərtəbəli tədris korpusu, 1000 (min) yerlik yeməkxana, 200 nəfərlik beşmərtəbəli yataqxana binaları inşa edilmiş, aparılmış əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir idman kompleksi, kompüterləşdirilmiş, zəruri texniki və əyani vasitələrlə tam təchiz olunmuş siniflər, fənn kabinetləri, mühazirə zalları istifadəyə verilmişdir. Eyni zamanda Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə  Əlahiddə Polis Taborunun, DİN-nin Mərkəzi Arxivinin inzibati binaları inşa edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binası əsaslı təmir olunmuşdur. Çevik Polis Alayının isə ən müasir tələblərə cavab verən xidməti inzibati binasının açılışına hazırlaşırıq. Bu quruculuq işləri rayon, şəhər polis idarələrində də davam etdirilir, xidməti iş yerlərinin yaxşılaşdırılıması sahəsində mühüm addımlar atılmışdır. Daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi yönümündə görülən işlər də xüsusi qeyd olunmalıdır. Təkcə Dövlət Yol Polisinə Azərbaycan Prezidenti cənab lham Əliyevin birbaşa tapşırığı ilə ayrılmış 20 milyard manat vəsait hesabına dünyanın aparıcı şirkətlərinin istehsalı olan «Wolksvagen», «Mersedes», «BMW» markalı 222 ədəd müasir keşik avtomobilləri alınaraq şəxsi heyətə təqdim olunmuşdur. Bakı şəhərində hərəkətin Avtomat İdarəetmə Sisteminin yaradılması ıistiqamətində isə işlər gedir. DİN-in rəsmi internet saytı da artıq vətəndaşlarla nazirliyimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Ayrılmış  büdcədənkənar vasaitlər hesabına  əməliyyat-axtarış tədbirlərində və digər xidmət növlərində yeni alınmış daha müasir texniki vasitələrdən istifadə mümkün olmuşdur.
Şəxsi heyətimizin sosial müdafiəsinin yüksəldilməsinə yönəlmiş addımların arzuolunan səviyyədə olub-olmamasına gəlincə isə, qeyd edim ki, əlbəttə, bu sahədə görülmüş işlər nə qədər genişmiqyaslı olsa da, hələ lazımi səviyyəyə uyğun deyil. Əslində, elə hörmətli Prezidentimiz İlham Əliyev özü də qeyd edib ki, ölkə vətəndaşlarının məvacibləri dəfələrlə artırılsa da, istənilən səviyyəyə hələ çatmayıb. Bir çox mülki fəaliyyət növlü icra strukturlarında, nazirliklərdə çalışan vəzifəli şəxslərin, mütəxəssislərin, dövlət qulluqçularının maaşları daxili işlər orqanlarında, mərkəzi aparatda analoji vəzifə tutan kadrların məvacibindən xeyli çoxdur. Bizim sistemdə çalışan əməkdaşların gərgin iş reimini, risqli fəaliyyətini, bundan irəli gələn böyük çətinliklərini nəzərə alsaq, bu fərq daha qabarıq görünər. Odur ki,  şəxsi heyətin vəzifə maaşlarının artırılması arzuolunandır. Əminik ki, Azərbaycanı Heydər Əliyevin uğurlu strateji xətti ilə böyük nailiyyətlərə aparan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın vaxtlarda büdcədən maliyyələşən işçilərin, demək həm də polisin vəzifə maaşları yenidən artırılacaq.

- Son vaxtlar daxili işlər orqanları sistemində aparılan təmizləmə, saflaşma prosesi cəmiyyətdə müsbət qarşılanıb. Lakin bu yönümdəki işlər bəzi dairələrdə qərəzlə şərh edilir, bütünlüklə polis əməkdaşlarının peşə fəaliyyətinə kölgə salınır…
- Mən deməzdim ki, bizim sistemdə saflaşma prosesi yalnız son illərdə aparılıb. Bu işlər ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında 1994-cü ildən etibarən başlanıb. O vaxt şəxsi heyətin tərkibini araşdırarkən müəyyən etdik ki, müstəqilliyin ilk illərindəki başıpozuqluqdan, dövlət aparatındakı xaosdan istifadə edən fırıldaqçılar, qeyri-peşəkarlar siyasi partiyaya mənsub olma prinsipi ilə daxili işlər orqanlarına işə götürülmüş, bunun əvəzində isə öz işini dərindən bilən mütəxəsislər, layiqli kadrlar sistemdən uzaqlaşdırılmışdılar. Hətta iş o yerə çatmışdı ki, saxta sənədlərlə 100-dən artıq adam DİN-də zabit vəzifələrinə irəli çəkilmişdi. Peşəkarların yenidən orqanlara qayıtması, mütəxəssislərin daha məsul vəzifələrə irəli çəkilməsi, həmçinin peşə hazırlığının yüksəldilməsi üçün çox köklü islahatlar aparılmışdır.
Ümummiyyətlə, son 10 ildə xidməti qəbahətlərə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, vəzifə səlahiyyətləri ilə bir araya sığmayan hərəkətlərə yol verən, müxtəlif cinayətlər törətmiş, yaxud da cinayətkarları himayə etmiş 5600-dən çox əməkdaş daxili işlər orqanlarından uzaqlaşdırılmışdır.
Heydər Əliyevin öyrətdiyi, Prezident İlham Əliyevin tələb etdiyi kimi şəxsi heyətin daim qayğısına qalmağı nazirliyin bütün rəhbər heyəti özünə şərəf borcu sayır. Şəxsi heyətimizin mütləq əksəriyyəti bu qayğıya layiqdir və ona öz əməli, müsbət işləri ilə cavab verir. Lakin eyni zamanda fəaliyyəti daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan əməkdaşlara qarşı barışmazıq və ədalətlə, qanuna uyğun tədbirlər əsasında onların öz hərəkətlərinə cavab vermələrinə nail oluruq. Qeyd edim ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi daxili işlər orqanlarında da şəffaf mühitin, sağlam ab-havanın yaradılması ilk növbədə ölkə Prezidentinin tələbidir və bu tələbin yerinə yetirilməsi Daxili İşlər Nazirliyinin, şəhər-rayon polis orqanları rəhbərlərinin birbaşa vəzifəsidir.   Daxili işlər orqanı əməkdaşı adını daşıyan, lakin fəaliyyətində xidməti qəbahətə, müxtəlif cinayətlərə yol verənlər xalqına, dövlətinə şərəflə xidmət edən on minlərlə polisin adına ləkə gətirə bilməz.
Bu mövzu radikal müxalifət partiyaları və onların sifarişlərini yerinə yetirən siyasiləşmiş yazarlar tərəfindən  qərəzlə şərh edilir, polis adının ictimaiyyətdə şübhə obyektinə çevrilməsi üçün uğursuz cəhdlər göstərilir. Əsas məqsəd aydındır: Müstəqil Azərbaycanda sabitliyin yaranmasında və onun daimi olmasında, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində xüsusi rolu olan daxili işlər orqanlarına, onun şəxsi heyətinə psixoloji təzyiqlər etməklə məkrli niyyətləri həyata keçirmək. Əməkdaşlarımız iftiralara, böhtanlara, şaiyələrə əsla uymurlar və dövlətə, xalqa, Prezidentə sədaqətlə xidmətlərini həmişəki kimi yüksək əzimkarlıqla davam etdirirlər. Bu gün daxili işlər orqanlarında reallıq məhz belədir.   
El misalı var: «Yalan ayaq tutar, yeriməz». Cəmiyyətə dağıdıcı ruh, bədbin əhvali-ruhiyyə, qan, iğtişaş gətirmək istəyən məlum qüvvələr bir neçə neqativ faktı şişirdərək, qərəzlə təftiş edir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda sıralarından yüzlərlə əməkdaşı şəhid vermiş bir orqanı iftira atəşinə tuturlar. Bütün bu kimi şərəfsiz kampaniyalara ən layiqli cavab Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin 2005-ci ilin mart ayının 12-də Daxili Qoşunların şəxsi heyəti ilə keçirdiyi görüşdə fəaliyyətimizə verdiyi qiymətdir: «Bəziləri şəxsi, yaxud da siyasi maraqlarını təmin etmək üçün daxili işlər nazirinə qarşı bir kampaniya başlamaq istəyirlər. Biz buna imkan verməyəcəyik. Mənfi hadisələr  başqa təşkilatlarda da baş verə bilər. Bu hadisələr Daxili İşlər Nazirliyi  tərəfindən bu günə qədər görülmüş işlərin üstündən xətt çəkməməlidir. Daxili İşlər Nazirliyi Azərbaycanda çox mühüm işlər görür. Onların çox mühüm funksiyaları vardır. Azərbaycanda qanunun keşiyində duran qurumdur və mən keçmişdə görülmüş bütün işləri yüksək qiymətləndirirəm. Yenə də deyirəm, mən imkan verməyəcəm ki, bu, kampaniyaya çevrilsin və bundan kimsə öz şəxsi, yaxud da siyasi maraqları üçün istifadə edərək bütün orqana böhtan atsın».
Daxili İşlər Nazirliyi bu gün öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza sadiq olan, yüksək sədaqət  nümunəsi göstərən mühüm strateji dövlət qurumudur. Bizim üçün əsas odur ki, həm xalqımız, həm də ümummilli etimada malik olan rəhbərimiz cənab İlham Əliyev bizə inanır, etimad bəsləyir. Xalqın və Prezidentin inamı fəaliyyətimizə verilən ən ali qiymətdir!

- Radikal müxalifət mətbuatının əsas diqqət mərkəzində olan mövzulardan biri də guya ki, DİN-də çalışan yüksək vəzifəli şəxslər arasında mürəkkəb münasibətlərin olmasıdır. Bu, nə dərəcədə əsaslıdır?
- Mən daxili işlər naziri kimi əsas vəzifəmi ilk növbədə, Konstitusiyaya, mövcud qanunlarımıza, ölkə Prezidentinin respublika daxilində sabitliyin qorunması, cinayətkarlığa qarşı uğurlu mübarizənin aparılması, ictimai təhlükəsizliyin təmin olunması barədə tapşırıqlarının həyata keçirilməsində görürəm. Bunun icrasını təmin etmək üçün müvafiq rəhbər kadrların seçilib-yerləşdirilməsi isə mən və nazirliyin kollegiya üzvləri, DİN-nin müxtəlif strukturları, şəhər-rayon polis orqanlarının rəhbərləri tərəfindən həyata keçirilir. DİN-nin rəhbər işçiləri arasında münasibətlərin gərginləşdirilməsi və yaxud da müəyyən ixtilafların yaradılması cəhdlərinin müəllifləri Azərbaycan dövlətçiliyinə düşmən kəsilən, Prezidentin uğurlu fəaliyyəti ilə razılaşmayan, bu nailiyyətləri qısqanan, iqtidarın qazandığı ümummilli etimaddan qorxan radikal müxalifət, eləcə də, üzdə özünü iqtidar mənsubu adlandırıb, əslində, düşmən dəyirmanına su tökməklə məşğul olan bəzi karyerist, korporativ maraqlar güdən şəxslərdir.
Daxili işlər orqanları sistemində mərkəzi aparatdan yerli strukturalara qədər hər bir yerdə möhkəm nizam-intizam hökm sürür. Bir nazir kimi, fəaliyyətində intizamsızlığa yol verən, xidməti işi ilə bir araya sığmayan hərəkətlərlə məşğul olan hər bir əməkdaş barəsində həmişə prinsipial ölçü götürmüşəm və qətiyyətimi bundan sonra da davam etdirəcəyəm. Mən dövlətin çox mühüm icra strukturunun rəhbəri kimi ölkə Prezidenti qarşısında hesabat verir və daxili işlər orqanlarında normal fəaliyyətin təmin olunması üçün məsuliyyət daşıyıram. Qanunla həmçinin nəzərdə tutulub ki, nazirdən aşağı vəzifə tutan əməkdaşın fəaliyyət dairəsi məhz bu strukturun rəhbəri tərəfindən müəyyən edilir. Son 10 ildə idarəçilikdə bizim fəaliyyətimizə çətinlik yarada biləcək əsaslı, köklü maneəyə rast gəlməmişik və buna gələcəkdə də imkan verməyəcəyik.
DİN-də məndən aşağı vəzifə tutan şəxslərlə münasibətimdə heç bir problemim yoxdur. Əksinə, onların tam əksəriyyəti qarşımızda duran məsul vəzifələrin yerinə yetirilməsində çox böyük bacarıq, qətiyyət və peşakarlıq nümayiş etdirirlər. Lakin, on minlərlə şəxsi heyəti birləşdirən bir qurumda xidməti işlə bağlı bəzən narazılıqlar, müxtəlif fikirlər meydana gələ bilər. Bunların bir qismi konstruktiv xarakter daşıyır və buna müsbət baxırıq. Bəzi narazılıqların kökündə isə əsası olmayan iddialar durur. Əməkdaşın vəzifə iddiasının təmin olunması onun xidməti bacarığı, professionallığı, təcrübəsi, yüksək idarəçilik qabiliyyəti, rəhbər işçiyə xas olan digər keyfiyyətlərlə üst-üstə düşməlidir. İddia ilə imkan biri-birini tamamlamayanda isə kimlərinsə etirazı meydana çıxır. 11 illik nazir fəaliyyətimdə daxili işlər orqanlarının çoxminli heyətinə daim minnətdar olmuşam ki, belə neqativ meyllər kütləvi xarakter daşımayıb. Arzuolunmayan iddialarla yaşayan əməkdaşları bizim sistemdə barmaqla saymaq olar və onlar nə qədər çalışsalar da, polis nüfuzuna nəinki kölgə salır, heç ictimaiyyətdə də konkret şəxslər haqqında mənfi fikir formalaşdıra bilmirlər.
Mən sualınıza cavab olaraq dövlət başçımızın bir fikrini misal gətirmək istərdim. Ötən il dekabr ayının 7-də hökumət üzvləri ilə görüşündə Prezident İlham Əliyev bütün hakimiyyət mənsublarına ciddi xəbərdarlıq etdi: «Hər bir məmur ona tapşırılan vəzifəni vicdanla, ləyaqətlə, peşəkarlıqla icra etməlidir. Məmur öz işi ilə məşğul olmalıdır. Hesab etmirəm ki, hansısa başqa kürsülər bir-birinin işinə verilən qiyməti səsləndirmək üçün məqbul yerdir. Xeyr, elə deyildir. Bu, bəlkə də hansısa bir siyasətçi üçün, deputat üçün, ictimai xadim üçün mümkündür və ola bilər. Amma məmurun öz çərçivələri var. Belə hallar, ümumiyyətlə, cəmiyyətə çox yanlış bir mesaj göndərir. Biz, Azərbaycan iqtidarı seçkilərdən əvvəl də, seçkilərdən sonra da vahid bir komanda kimi fəaliyyət göstəririk. Bizim gücümüz, bütün başqa amillərlə yanaşı, o cümlədən bizim birliyimizdədir. Əgər indi daxildə hansısa bir ziddiyyət baş verirsə, prezident kimi mən məcburam ki, bunu istənilən yolla aradan götürəm. Ona görə bir daha deyirəm ki, belə hadisələrin baş verməsi məni qane etmir. Təbii ki, bu, əks-reaksiya doğurur. Kimsə açıq, kimsə gizli formada müəyyən hallarda bəzi kütləvi informasiya vasitələrini də bu işlərə cəlb edərək bir-biri ilə mübarizə aparmaq istəyirlər. Mübarizə aparmaq istəyirsinizsə, buna çox gözəl qanuni yol var. O da ki, siyasətə qoşulmaq, vəzifədən getməkdir. Burada da heç bir faciə yoxdur. Kim istəyir, bu yol açıqdır. Kim siyasətlə məşğul olmaq istəyir, məşğul olsun, görək, necə məşğul olacaq. Məmur düşünməlidir ki, prezidentin etimadını necə doğrultsun. Öz fəaliyyətimizlə, işimizlə, xalqa xidmətimizlə, Vətənə xidmətimizlə bu etimadı hər birimiz doğrultmalıyıq. Başqa cür ola bilməz». Prezidentin bu münasibəti bizim üçün ən düzgün tövsiyə və həm də inzibati göstərişdir. Dövlət başçısının tapşırığı isə müzakirə və şərh olunmur, icra edilir!
Son olaraq xatırlatmaq istərdim ki, ölkəmizdəki radikal müxalifət hakim komanda daxilində monolitliyin pozulmasını, yuxarı eşalonda qarşıdurma yaranmasını, birliyimizin laxlamasını arzulayır. Niyyəti də odur ki, yaranmış şəraitdən istifadə edərək, Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyətlərini icra etməyə fürsət qazansın. Onların son illərdə əsas taktikaları məhz dövlət rəhbərliyində təmsil olunan şəxsləri qarşı-qarşıya qoymaq, müxtəlif böhtanlarla süni narazılıq meylləri yaratmaqdır. Bu cəhdlər uğursuz olacaq. Çünki İlham Əliyev komandasının üzvləri Heydər Əliyev siyasi kursunun sədaqətli əsgərləri və Prezidentin sınanılmış məmurlarıdır. Bizim birliyimiz Azərbaycanın daha uğurlu gələcəyinin təminatıdır!
Daxili İşlər Nazirliiynin rəhbərliyi gələcəyə nikbinliklə, böyük inamla baxır, şəxsi heyətin potensialına, imkanlarına, peşəkarlığına arxalanır, güvənir və bu da mənə bir nazir kimi deməyə tam əsas verir ki, xalqımız və Prezidentimiz qarşısında polis, həmişə olduğu kimi, gələcəkdə də alnıaçıq və üzüağ olacaq.

- Son vaxtlar radikal müxalifət partiyalarının rəhbərləri parlament seçkilərinin nəticələrindən asılı olmayaraq, ölkədə inqilabın baş verəcəyini və bu inqilabın silahlı qarşıdurmaya çevriləcəyini bəyan edirlər. Sizcə, bu ehtimallar nə dərəcədə əsaslıdır və Azərbaycan polisi ölkədə ictimai sabitliyə təhlükə yaratmağa cəhd edəcək qüvvələri zərərsizləşdirməyə tam hazırdırmı?
- Son 10 il ərzində Azərbaycanda keçirilən bütün seçkilər ərəfəsində radikal müxalifət daim boş hay-küy salıb, hakimiyyət dəyişikliyi üçün yerli və xarici dəstəyə malik olduğunu deyib, hətta silahlı üsyana hazırlaşdığını da bəyan edib. Ancaq nəticə hamıya bəllidir. Bütün seçkilər radikal müxalifətin sarsıdıcı məğlubiyyəti, onlara yerli və xarici dəstəyin olmaması ilə sona çatıb. Ona görə də, bu gün bir qrup siyasətbazın dedi-qodusuna ciddi əhəmiyyət verməyə əsas görmürəm.
İnqilab məsələsinə gəlincə isə, xatırlatmaq istərdim ki, bu, əsasən, iki istiqamədə olur: Təkamül yolu ilə olan inqilab, yaxud da ölkəyə və xalqa faciə gətirən qarşıdurma. Xalqın arzuladığı mütərəqqi inqilab Azərbaycanda 1993-cü ilin iyun ayında olub və millətimiz də bu prosesə Qurtuluş adını verib. Bu xalq inqilabına hansısa rəng də rəmz kimi seçilməmişdi. Üçboyalı bayrağımızın altında, hər üç rəngin amalı ətrafında düzgün seçimimizi, inkişaf yolumuzu müəyyənləşdirdik.
12 il öncə xalqın hakimiyyətdən süpürüb atdığı bir ovuc şəxs indi inqilab eyforiyasına qapılıb. Onlar inqilabla nəyi dəyişmək istəiyrlər? Bəlkə, il yarım ərzində 217 min yeni iş yerinin açılmasından, yüzlərlə müəssisənin istifadəyə verilməsindən, əhalinin sosial rifahının artmasından, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsindən, Qarabağ probleminin həllinə münbit şəraitin yaradılmasından, ölkədə demokratik ab-havanın möhkəmlənməsindən və daha neçə belə böyük  nailiyyətlərimizdən narazıdırlar?! Yəqin ki, belədir! Onlar gəlib nəyi dəyişdirəcəklər? Yoxsa, yenədəmi Azərbaycanı 1993-cü ilin acınacaqlı ğünlərinə sürükləmək niyyətindədirlər? Axı, bütün bu məsələlərdə əsas meyar xalqın seçimidir. Xalq bu siyasi qüvvələrin idarəçilik bacarığını yaxşı xatırlayır. 1992-1993-cü illərin faciələrini, xaosu, əhalinin çörəyə möhtac olmasını, kriminogen durumun hüquq-mühafizə orqanlarının nəzarətindən çıxmasını, ölkəni bürüyən separtizm və vətəndaş müharibəsi təhlükəsini, rayonlarımızın biri-birini ardınca işğal edilməsini insanlar hələ də unutmayıblar. Onların səriştəsizliyi üzündən torpaqlarını itirərək qaçqın və məcburi köçkünə çevrilmiş həmvətənlərimiz məhz mövcud iqtidarın dövründə yeni mənzillərlə təmin olunmuş, sosial durumları dövlətin nəzarətinə götürülmüş, sabaha ümidləri, doğma yurdlarına qayıtmağa əminlikləri artmışdır.    
Bu gün mövcud iqtidara xalqın böyük inamı var. Vətəndaşlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyətini bəyənir, ona güvənir. Bir misal çəkim. ABŞ-ın nüfuzlu «Gellap» mərkəzinin üç Qafqaz respublikasında keçirdiyi sorğunun nəticələrinə görə, dövlətimizin rəhbəri Qafqaz bölgəsinin şəriksiz lideri statusunu almışdır. Azərbaycan, Gürcüstan və Ermənistan əhalisinin siyasi mövqeyinin ABŞ-dan elan edilən yekun rəyinə görə, Prezident İlham Əliyev digər qafqazlı həmkarlarından daha çox - 76 faiz səslə irəlidə olmuşdur. Hakim komandanın digər üstünlüyü odur ki, bütün postsovet məkanının «məxməri inqilablar» dalğası ilə çalxalandığı bir dövrdə Azərbaycan əhalisinin yalnız 17 faizi ölkəmizdə bu tipli dəyişiklikləri gözlədyini bildirmişdir, onların da yarısı, bu inqilabın olacağını təxmin etsələr də, bu təxribatı  dəstəkləməyəcəklərini söyləmişlər. Göründüyü kimi, artıq beynəlxalq miqyasda da Azərbaycanın real durumu aydın nəzərə çarpır və xalqımızın öz rəhbərinə böyük inamla yanaşması bütün səviyyələrdə qəbul olunur.
Özünüz düşünün, belə olan halda «inqilab»ın arxasınca kimlər gedəcək? Hansı vicdanlı vətəndaş belə bir antimilli avantürada iştirak edə bilər? Əvvəlki dövrlərdə okeanın o tayından tərəfdarlarına zəng edərək, «inqilab qurban tələb edir, ona görə də 10-15 nəfərin ölümü məqsədəuyğun olardı» - göstərişini verənlər yəqin ki, indi də hansısa qanlı ssenari üzərində baş sındırırlar. Ancaq onların əsil mahiyyətini xalq və elə öz tərəfdarları da yaxşı görür. Bu partiyaların üzvləri acı təcrübələrindən bilirlər ki, «liderlər» onları meydana istiqamətləndirib, polislə iğtişaşa və dövlətin konstitusion quruluşuna qarşı çıxmağa yönəltsələr də, özləri çox zaman, necə deyərlər, sudan quru çıxır, ədalət mühakiməsindən kənarda qalırlar. Eyni ilə 2003-cü ilin oktyabr hadisələrində olduğu kimi. 
Bu gün Azərbaycanın inkişafından, qüdrətlənməsindən, xalqın firavan yaşayışından xoflanan iki qüvvə var: Xarici təcavüzkarlar və ölkəmizdəki radikal müxalifət. Ərazilərimizin 20 faizdən çoxunu işğal etmiş, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmış təcavüzkar Ermənistanın əndişəsi aydındır. Düşmən dövlət ölkəmizin güclənməsinin nəticə etibarilə onun təklənməsinə və acı məğlubiyyətinə gətirib çıxaracağını anlayır və bundan böyük narahatçılıq keçirir. Azərbaycan pasportunu daşıyan bəzi bədxah həmvətənlərimizin ölkəmizin inkişafından qorxmasının əsas səbəbi isə, kimin-kim olduğunu aydın dərk edən xalqın artıq Heydər Əliyev siyasi kursuna alternativ görməməsi, Prezident İlham Əliyevi özünün yeganə güvənc ünvanı kimi qəbul etməsidir. Daxili işlər orqanlarının bütün şəxsi heyəti bu reallığı ali həqiqət kimi qəbul edir.

- Sabah Azərbaycan polisinin peşə bayramıdır. Şəxsi heyətə, polisə inamla, güvənc yeri kimi baxan insanlara arzularınız?
- Azərbaycan polisinin yaranmasının 87-ci ildönümü münasibətilə bütün əməkdaşlarımızı, hörmətli veteranlarımızı, şəhid olanların ailə üzvlərini, eyni zamanda daxili işlər orqanlarının çətin və şərəfli xidmətini layiqincə dəyərləndirən insanların hamısını ürəkdən təbrik edir, möhkəm cansağlığı, səadət arzulayıram! Mən bütün xalqımıza, bizə bu çətin, lakin şərəfli peşəni yerinə yetirməkdə köməklik göstərən hüquq-mühafizə orqanlarının, digər qurumların əməkdaşlarına təşəkkür edirəm.
Xalqımız, dövlətimizin rəhbəri cənab İlham Əliyev əmin ola bilərlər ki, Azərbaycan polisi bundan sonra da Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin işıqlı, müqəddəs ideallarına sədaqətlə xidmət edəcək, ictimai sabitliyin, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcəkdir.

                                                       İxtiyar Hüseynli,
                                                         "Azərbaycan"               

                      


Ən son press-relizlər