DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının dekabrın 24-25-də Moskva şəhərində keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun çıxışı

24.12.2004



 
 Hörmətli Rəşid Qumaroviç!

Hörmətli iclas iştirakçıları!

Hər şeydən əvvəl, Rusiyanın gözəl paytaxtı Moskva şəhərində  MDB  üzvü olan  ölkələrin  Daxili  İşlər  Nazirləri  Şurasının   (DİNŞ)   iyirmi səkkizinci növbədənkənar iclasının təşkilatçılarına,  qonaqpərvərliyə, səmimi qəbula, nümayəndə heyətləri üçün hərtərəfli  hazırlanmış  səfər proqramlarına, səmərəli fəaliyyət üçün əla şəraitin yaradılmasına görə  hörmətli  Rəşid  Qumaroviçə  dərin   minnətdarlığımı   bildirmək istəyirəm.

Birlik   üzvü   olan   dövlətlərin   DİN-ləri   arasında    əlaqələrin möhkəmləndirilməsini zaman özü diqtə  edir  və  qəti  əminəm  ki,  bu, nəinki ölkələrimizin maraqlarına, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın,  beynəlxalq  terrorizmin  təhlükə   və   təhdidlərinə adekvat cavab verilməsində səylərin birləşdirilməsinə  dair  ümumdünya tendensiyasına da xidmət edir.

Heç şübhəsiz ki, bugünkü görüşümüz bu  istiqamətdə  gedən  proseslərlə həmahəngdir. O, DİNŞ-in cari ilin sentyabrında Kiyev  şəhərində  qəbul olunmuş qərarına uyğun olaraq keçirilir və bizə elə gəlir ki, Birlik üzvü olan ölkələrin  dövlət  başçılarının  Astana  sammitində  qarşıya qoyduqları  vəzifələrin  həlli  yolunda  mühüm  addım  olacaqdır.  Biz Rusiya DİN-nin rəhbərliyinə, şəxsən Rəşid Qumaroviç  Sizə  belə  mühüm forumun   keçirilməsi   missiyasını   üzərinizə   götürdüyünüzə   görə minnətdarıq.

Hörmətli həmkarlar!

Qlobal  təhlükəsizliyin  təmin  edilməsi  işində  beynəlxalq  birliyin səylərinə hər bir dövlətin töhfəsi hər şeydən  əvvəl  milli  səviyyədə həyata  keçirilən  müvafiq  tədbirlərin   səmərəliliyindən   asılıdır. Bununla   əlaqədar   iclas   iştirakçılarını     ölkəmizdə     ictimai təhlükəsizliyin  təmini  və  cinayətkarlıqla  mübarizənin  vəziyyətinə dair qısaca məlumatlandırmaq istərdim.

Azərbaycan Respublikasının  Daxili  İşlər  Nazirliyi  öz  fəaliyyətini ictimai təhlükəsizliyin  təmini,  cinayətkarlığın  xəbərdar  edilməsi, qarşısının alınması, insan və vətəndaş hüquq və  azadlıqlarına  riayət edilməsinə  dair   ümumdövlət   prioritetlərinə,   qanunun   aliliyinə söykənən   milli   strategiya   əsasında   qurur.     Qanunvericiliyin humanistləşdirilməsi,     sosial-hüquqi     nəzarətin     səviyyəsinin artırılması şəraitində fəaliyyətinin səmərəliliyinin  yüksəldilməsinə, habelə kriminogen duruma təsir göstərilməsi  mexanizminə,  vasitələrin keyfiyyətcə  yenidən  qurulmasına  dair  proqram   sistemli   şəkildə, ardıcıllıqla  həyata  keçirilir.  Qanunçuluğun,   xidməti,   icra   və uçot-qeydiyyat       intizamının,        daxili        təhlükəsizliyin möhkəmləndirilməsi,   şəxsi   heyətin   peşəkarlığının     artırılması məqsədilə  zəruri  tədbirlər  görülür.   İnformasiya-analitik   işinin təkmilləşdirilməsi  dinamik  şəkildə  gedir.  İctimaiyyətlə,   kütləvi informasiya  vasitələri,  qeyri-hökumət  təşkilatları  ilə  qarşılıqlı faydalı əlaqələr genişlənir. Vətəndaş cəmiyyətinin müdafiəsi  durmadan artır.  Digər   hüquq-mühafizə   orqanlarıyla   sıx   təmasda   özündə terrorizmə,  zorakı  cinayət  hallarına,  qanunsuz   silah   alverinə, narkotik  vasitələrin  qeyri-qanuni  dövriyyəsinə,   insan   alverinə, idarəolunmaz miqrasiyaya qarşı xüsusi tədbirləri ehtiva edən cinayətkar qəsdlərin mütəşəkkil formaları  ilə  strateji,  taktiki  və kompleks mübarizə tədbirləri həyata keçirilir. Kriminogen  durum  daim izlənilməklə  nəzarətdə  saxlanılır.  Əməliyyat  mövqelərinin,    məxfi informasiyanın dərindən işlənilməsi və reallaşdırılmasının gücləndirilməsi  yoluyla  onun  dəyişməsinə   qabaqlayıcı,   preventiv reaksiya göstərilməsi təmin edilmişdir.

Cinayətkar aləm demokratik  dəyərlərə  xələl  gətirilmədə  daim  artan hüquq-mühafizə   təzyiqini    hiss     etməkdədir.     Aparılan  iş proqnozlaşdırılan nəticələri gətirir.  Son  illər  ərzində  Azərbaycan Respublikasında cinayətkarlığın azalması müşahidə edilir. Ağır cinayətlərin,  qəsdən  adamöldürmələrin,  quldurluqların,   azyaşlılar tərəfindən  törədilən  hüquq  pozuntularının  sayı  aşağı   düşmüşdür. 1993-cü ildən indiyədək təxminən 30 min ədəd müxtəlif odlu silah götürülmüşdür  ki,  bu  da  odlu  silahla  törədilən  cinayətlərin  10 dəfədən çox azalmasıyla  nəticələnmişdir.  Cinayətlərin  açılması  son illər 90 faizdən yüksək olaraq qalmaqdadır.  Respublikamızda  əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayı  beş  ildə  orta  hesabla 200 cinayət faktı təşkil etmişdir.  Müsbət  təmayüllər  cari  ildə  də qorunub-saxlanılmışdır.

Bununla belə biz beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, təcavüzkar separatizmin təhdid və  tühlükələrinə  qarşı daim cavab verməyə  hazır  olmağın  zəruriliyini  yaxşı  dərk  edirik. Beynəlxalq terrorizm bütün dünya birliyinə meydan  oxuyur,  cəmiyyətdə sabitlik, dövlətlərin təhlükəsizliyi, bütün bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə  yaradır.  Terrorçuların  hücumları  getdikcə  daha tez-tez,  qanlı,  amansız  və  qəfil  olur.  MDB  dövlət  başçılarının sammitində qeyd olunduğu kimi, bu, beynəlxalq  terrorizmin  təhdid  və təhlükəsinə daim adekvat cavab verməyə hazır olmağımızı diqtə edir.

Azərbaycan  Respublikası  terrorizmlə   mübarizəyə   dair   beynəlxalq konvensiyaların   və   protokolların    iştirakçısıdır,     antiterror koalisiyasına lazımi köməklik göstərir, BMT Təhlükəsizlik Şurasının göstərilən sahəyə dair məlum qətnamələrinin  yerinə  yetirilməsi  üçün müvafiq tədbirlər görür.

Azərbaycan dövlətinin prinsipial mövqeyi ondan  ibarətdir  ki,  terror bazaları, təşkilatları harada yerləşməsinə, hansı motivlər,  bəhanələr altında gizlənməsinə baxmayaraq,  mövcud  dünya  düzəninə,  sabitliyə, bəşəriyyətin inkişafı prosesinə  real  ciddi  təhlükə  yaratdığı  üçün beynəlxalq birliyin sərt cavabıyla, birgə müqavimətiylə  üzləşməlidir. Bu, tam  mənada  beynəlxalq-hüquqi  sahədən  kənarda  yerləşən,  işğal etdikləri ərazilərdən mütəşəkkil transmilli cinayətkar birliklərin  və beynəlxalq  terrorizmin  maraqları  üçün   istifadə   edən   separatçı rejimlərə də aiddir. Biz terrorizmin antibəşəri, vəhşi mahiyyətini öz üzərində hiss etmiş bütün ölkələrlə həmrəyik.

Ölkəmizdə  terrorçuluğun  qarşısının  alınması,  terrorizmlə  mübarizə sahəsində digər dövlətlərin müvafiq orqanlarıyla informasiya, o cümlədən operativ xarakterli informasiya mübadiləsinin  daimi  təmini, terror   aktlarının   maliyyələşdirilməsi,   yaxud     dəstəklənməsinə aidiyyatı olan cinayət təqibiylə əlaqədar hər cür yardım  göstərilməsi istiqamətində   tədbirlər   məqsədyönlü,   ardıcıl   şəkildə    həyata keçirilir. Son beş ildə  Azərbaycanın  milli  təhlükəsizlik  orqanları Daxili İşlər Nazirliyi, digər hüquq-mühafizə strukturlarıyla  birlikdə "Əl-Cihad"  və  "Qafqaz  İslam  Ordusu"  kimi  terror   təşkilatlarına aidiyyatı olan təxminən 30 nəfər ifşa  edilərək  yaxalanmış,  qanunsuz silahlı birləşmələrin 20-dən artıq üzvü məhkəməyə verilmişdir.

Rusiya ərazisində terror  aktları  törədilməsində  iştirakçı  olan  və Azərbaycanda gizlənməyə  cəhd  etmiş  14  şəxs  Rusiya   Federasiyasına ekstradisiya olunmuşdur.

Özlərini xeyriyyə qurumları kimi qələmə  verən,  terrorçulara  maliyyə vəsaitinin  yığılmasında  və   çatdırılmasında   şübhəli   bilinən   6 təşkilatın fəaliyyətinə xitam verilmiş,  belə  təşkilatlara  aidiyyatı olan 43 nəfər ölkə hüdudlarından kənara çıxarılmışdır.

BMT   Təhlükəsizlik   Şurasının    qətnamələrinə     uyğun     olaraq, hüquq-mühafizə  və  xüsusi   xidmət   orqanlarının   birgə   səylərilə Azərbaycan ərazisindən istifadə edilməklə  xarici  dövlətlərdə  terror aktları törədilməsinin qarşısının alınması məqsədilə  kompleks  hüquqi və digər tədbirlər ardıcıllıqla həyata keçirilmişdir. Sərhəd  nəzarəti və   sənədlərin   verilməsinə   nəzarət   gücləndirilmişdir.    Terror təşkilatlarına  aidiyyatı  olan  şəxslərin  ekstradisiyasına  hər  cür yardım  göstərilir.  Belə  şəxslərə  sığınacaq,   hər   hansı   vəsait verilməsinin qarşısı tamamilə alınmışdır. Terrorizmlə bağlı  şəxslərin və təşkilatların pul, maliyyə vəsaitlərinin və iqtisadi sahədə digər gəlirlərinin  dondurulması  üçün  tədbirlər  görülür.   Daxili   İşlər Hazirliyi öz fəaliyyəti çərçivəsində hüquq-mühafizə  orqanları,  digər dövlət qurumlarıyla sıx  əlaqədə  bu  işdə  fəal  iştirak  edir.  Eyni zamanda, digər müvafiq xidmətlər təhlükəsizliyin  təmini,  transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizənin  ümumi  kontekstində  bu  öncül istiqamətə  xüsusi  diqqət  yetirirlər. 
Terrorizm   və   ekstremizmlə mübarizədə əməkdaşlığın hüquqi-normativ  bazasının  möhkəmləndirilməsi məqsədilə ölkəmizdə məqsədyönlü iş  gedir,  fəal  şəkildə  informasiya mübadiləsi aparılır. Terror aktlarının, terrorçu  və  ekstremist  qrup və  təşkilatların  fəaliyyətinin  xəbərdar  edilməsi   və   qarşısının alınması,  onlara  maliyyə   və   digər   yardımların   daxil   olması kanallarının bağlanması,  terrorçu,  ekstremist  fəaliyyətə  aidiyyatı olan şəxslərin tutulması  və  axtarışına  dair  birgə  razılaşdırılmış operativ-profilaktik,  əməliyyat-axtarış,   digər   xüsusi   tədbirlər mütəmadi olaraq həyata keçirilir.

MDB üzvü  olan  ölkələrin  Daxili  İşlər  Nazirləri  Şurası  dəfələrlə terrorizm və ektremizmin digər təzahürlərinə qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə baxmışdır. Bu müddət ərzində   terrorizmlə   mübarizədə   DİN   orqanlarının     səylərinin birləşdirilməsinə kömək edən bir sıra mühüm  qərarlar  qəbul  olunaraq həyata keçirilmişdir. Bu istiqamətdə Birlik üzvü olan bir sıra ölkələrin   daxili   işlər   nazirliklərindən   olan   həmkarlarımızla qarşılıqlı  fəaliyyətimizdə  müsbət  təcrübə  toplanmışdır.  Fürsətdən istifadə   edərək   burada   iştirak   edən   nümayəndə   heyətlərinin rəhbərlərinə qarşılıqlı inama, birgə əməkdaşlıq məsələlərinin  həllinə konstruktiv  şəkildə  yanaşdıqlarına  görə  minnətdarlığımı  bildirmək istəyirəm.

Təcrübə göstərir ki, birgə səylərlə xeyli uğurlar qazanmaq   mümkündür. Şübhəsiz   ki,   bu   zaman   əsas    şərt     qarşılıqlı     yardımın möhkəmləndirilməsi,   mühüm   operativ   informasiyanın    qabaqlayıcı mübadiləsi, onun hərtərəfli, dərindən təhlili və  məqsədyönlü  şəkildə istifadəsi,  birgə  razılaşdırılmış  tədbirlərin  həyata  keçirilməsi, sorğuların keyfiyyətli icrası, bu və ya digər  kriminogen  proseslərin dəqiq   proqnozlaşdırılması   işbirliyinin,   əməkdaşlığın   dəfələrlə sınaqdan çıxmış formalarıdır. Zənnimcə, bugünkü müzakirələrimiz gələcəkdə həmin istiqamətlərdə də müəyyən irəliləyişin olmasına  kömək edəcəkdir. heç şübhəsiz ki,  terrorizmin  qarşısının  alınmasına  dair MDB üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının 2005-ci il üçün Planının reallaşdırılması da bu prosesə  yeni  təkan  verəcəkdir. Azərbaycan   Respublikası   DİN-nin     təmsilçiləri     bu     Planın hazırlanmasında yaxından  iştirak  etmiş  və  bizim  mövqeyimiz  həmin sənəddə öz əksini tapmışdır.

Biz bu sənədin ideologiyasını qəbul edirik, bölüşürük,  orada  nəzərdə tutulmuş   tədbirlərin   məqsədəmüvafiqliyini   dəstəkləyirik.   Lakin sənədin preambulasında  biz  terrorizmlə  mübarizə  məsələlərinə  dair BMT-nin  Konvensiyasına  və  Təhlükəsizlik   Şurasının   qətnamələrinə istinad edilməsini istərdik. Zənnimizcə, beynəlxalq terrorizmlə  birgə mübarizənin  insan,  vətəndaş  hüquq  və  azadlıqlarına  ciddi  riayət olunmaqla, demokratik dəyərlərə hörmət  edilmək  şərtilə  aparılmasını qeyd etmək çox vacibdir.

Son  illər  ərzində  həyata  keçirilən  "Sərhəd-Sipər"   əməliyyatının mövcudluğu şəraitində "Astana"  adlı  analoji  yeni  xüsusi  əməliyyat tədbirlərinin hazırlanaraq reallaşdırılması  zərurəti  şübhə  doğurur.
Ymumən, müəyyən düzəlişlər, o cümlədən redaktə  xarakterli  düzəlişlər aparılmaqla biz həm Planın, həm  də  Qərar  layihəsini  dəstəkləyirik, onların imzalanmasına və sonradan həmin sənədlərin  reallaşdırılmasına daim hazırıq.

Diqqətinizə görə minnətdaram!
 
 
 


Ən son press-relizlər