DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_1278059112_02.07.10-cixiw.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

02.07.2010

- 92 il öncə təsis edilən daxili işlər orqanlarının keçdiyi şərəfli, eyni zamanda çətin və fədakar yol tariximizin əlamətdar səhifələrini təşkil edir. Fərqli siyasi quruluşlarda müxtəlif rəsmi adlar daşısa da, daxili işlər orqanlarının qanunun aliliyinə və vəzifə səlahiyyətlərinin məsuliyyətli icrasına yönələn fəaliyyəti daim gərəkli olmuşdur. Cənab nazir, keçilən tarixi yola nəzər salsaq, yeni ildönümünə Azərbaycan polisi hansı əhval-ruhiyyə ilə qədəm qoyur?

- Hər bir xalqın həyatında bayram səviyyəsinə yüksəlmək haqqı qazanmış günlər vardır. Bu haqq, yalnız uzun illərin zəhməti, gərgin əməyi, xalqa və dövlətə sədaqət nəticəsində əldə edilir. Böyük önəm verib qiymətləndirdiyimiz “Polis günü” də ölkəmizdə əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə və vəzifə borcuna sədaqətinin rəmzi, eyni zamanda hər bir Azərbaycan vətəndaşının bayramıdır. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm Cümhuriyyət, həm də Sovetlər birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirmiş, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamış, böyük təcrübə qazanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
Bütün bunlarla bərabər, polisin şanlı tarixinin ən mühüm mərhələləri, sözsüz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi.
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Milli Liderimizin başladığı böyük quruculuq işləri digər sahələrdə olduğu kimi daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı. Əməkdaşlarımız və hərbi qulluqçularımız dahi Heydər Əliyevin rəhbərliyi altında qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində fəal iştirak edərək xidməti vəzifələrin öhdəsindən fədakarlıqla gəldilər.
Ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, mütəşəkkil cinayətkar qrup və dəstələrin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında qətiyyət və peşəkarlıq nümayiş etdirdilər.
Sonrakı dövrlərdə Ulu Öndərin ölkə həyatının bütün sahələrində böyük uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi islahatlar, imzaladığı fərman və sərəncamlar idarəetmədə təkmilləşmənin başlanğıcını qoydu. Nazirlik sistemində yeni struktur qurumlar yaradıldı. Maddi-texniki təminatın yaxşılaşdırılması üçün zəruri tədbirlər görüldü. Şəxsi heyət dövlət qayğısı ilə əhatə olundu.
Bu illərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil. Fəxr edirik ki, xalqımızın xilaskarının Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin qorunub saxlanılması, gələcək inkişafı naminə sabitliyin yaradılması ilə bağlı gördüyü əzəmətli işlərdə şəxsi heyətimizin də layiqli əməyi olmuşdur.
Əgər ötən əsrdə müstəqilliyin bərqərar olması üçün əmin-amanlıq hava-su kimi zəruri idisə, dövlət quruculuğunun bugünki yeni mərhələsində sabitlik Azərbaycanın tərəqqisinin, qazandığı uğurların, dinamik inkişafda liderliyinin rəmzinə və respublikaya beynəlxalq investisiyaların cəlb edilməsinin fundamental faktoruna çevrilmişdir. Bu mənada, Dövlətimizin Başçısı cənab İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər, şəxsi rəhbərliyi ilə müasir Azərbaycanın inkişaf tempinə uyğun aparılan islahatlar Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynamışdır. Möhtərəm Prezidentin xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Əməkdaşların ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradılmış və bu iş davam etdirilir. Qürurla deyə bilərik ki, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verməyə tam qadirdir. Bu gün kriminogen durum fasiləsiz izlənilir, təhlil edilir, baş verən dəyişikliklərlə əlaqədar adekvat tədbirlər görülür. Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə tətbiq edilən çoxsaylı informasiya resursları vasitəsilə hüquq pozuntuları barədə məlumatlara çevik reaksiya verilməsi təmin olunur.
Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş Ulu Öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 33 minə yaxın odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlərin sayı təxminən 7 dəfə azalmışdır. Axtarışda olan 76 minə yaxın təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 4 tondan çox narkotik vasitə çıxarılmışdır.
Son illər isə bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma təmayülü müşahidə olunur. Bu müsbət tendensiya cari ilin ötən dövründə də davam etmişdir. Cinayətlərin dinamikasında qəsdən sağlamlığa ağır zərər vurmalar, hədə-qorxu ilə tələb etmələr, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar, xuliqanlıqlar və s. nəzərəçarpacaq dərəcədə azalmış, adamları girov götürmə cinayətləri qeydə alınmamışdır. Şəxsiyyət əleyhinə olan cinayətlərin, o cümlədən qəsdən adam öldürmələrin, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılma göstəriciləri xeyli yaxşılaşmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 23-24-də Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik toplantısındakı çıxışında dediyi “İnkişaf ancaq sabitlik, asayiş  olan yerdə mümkün olur. Sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz” fikri həm də Zati-alilərinin rəhbərliyi altında ölkədə asayiş keşikçilərinin əməyinə verilən yüksək qiymətdir.
Ancaq bütün bunlar bizdə əsla arxayınçılıq yaratmır. Şəxsi heyətin professionallığının artırılması, gənc əməkdaşların nəzəri biliklərinin, praktiki vərdişlərinin yüksəldilməsi daim önəm verdiyimiz vacib iş prosesidir. Bu istiqamətdə fəaliyyətin səmərəli qurulmasında Nazirliyin Polis Akademiyasının da rolu əhəmiyyətlidir. 1921-ci ildə sıravi milis nəfərləri və komandir heyəti hazırlayan məktəb statusunda yaradılmış bu təhsil müəssisəsi sonradan orta-ixtisas, 1992-ci ildən isə ali təhsil ocağı kimi fəaliyyətə başlamışdır. Akademiya bütün dövrlərdə daxili işlər orqanlarının hüquqşünas kadrlarla təminatında mühüm rol oynamış, minlərlə mütəxəssis hazırlamış və bu nəcib fəaliyyəti uğurla davam etdirir. Əgər 1996-2001-ci illərdə Akademiyanın əyani fakültəsini bitirən 100 müdavimdən yalnız 25-i orta məktəblərin məzunları olmuşdusa, hazırda bu təhsil müəssisəsində 1400-ə yaxın, o cümlədən əyani fakültədə 600-dən çox gənc müdavim təhsil alır. Son illər Akademiyada tədris prosesinin səviyyəsində ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, yeni didaktik metodikalar, təlim formaları hazırlanaraq tətbiq edilir. Pedaqoci heyət arasında elmi dərəcəsi olan əməkdaşların sayı da artır. Hazırda Akademiyada 18 alim fəaliyyət göstərir. Bütövlükdə, bu təhsil müəssisəsi qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir və polis orqanları hər il xüsusi ali təhsilli hüquqşünas kadrlarla zənginləşir. Nəticə etibarı ilə daxili işlər orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1994-cü illə müqayisədə 58,3%-dən 88,5%-dək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3%-dən 76,4%-dək yüksəlmişdir.
Nazirliyin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin də maddi-texniki bazası möhkəmləndirilmiş, xüsusi fənn kabinetləri yaradılaraq zəruri avadanlıqlarla təchiz olunmuş, kitabxana fondu genişləndirilmişdir. Çexiyanın polis hazırlığı təcrübəsi əsasında məktəbin təlim-tədris proqramları yenidən işlənmiş və Avropa standartlarına uyğunlaşdırılmışdır. Məktəbdə müvafiq təsnifat vəzifələrindən olan əməkdaşların zəruri biliklərə yiyələnmə prosesi bir neçə mərhələ üzrə təşkil edilməklə bütün il boyu həyata keçirilir.
Biz xüsusi təhsil müəssisələrimizin fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsinə yüksəldilməsi ilə bağlı görülən işləri və əldə olunmuş nəticələri yüksək dəyərləndirir, onların daha da inkişaf etdirilməsi üçün davamlı iş aparırıq.

- İctimai asayişin təminatında, cinayətkarlığa qarşı mübarizədə və digər sahələrdə hətta bəzən həyatlarını təhlükədə qoyaraq xidmət edən polis əməkdaşlarının peşəkar fəaliyyəti daim təqdir olunub. Elə Araz və Kür çaylarının daşması nəticəsində yaranan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında da daxili işlər orqanları əməkdaşlarının böyük şücaəti diqqətdən yayınmadı...

- Ulu öndərimiz haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta həyatını belə əsirgəməmək məsuliyyətini üzərinə götürür.
Son aylar sel daşqınlarının yaratdığı fəsadların aradan qaldırılmasında, xilasetmə işlərində vətəndaşların yardımına ilk çatan dövlət strukturlarından biri də məhz daxili işlər orqanları oldu. Bu istiqamətdə fəaliyyətimiz yalnız ictimai asayişin təmini və əhalinin təbii fəlakət bölgəsindən çıxarılması ilə məhdudlaşmadı. Müvəqqəti tərk edilmiş yaşayış məntəqələrində və onların ətrafında mühafizə-keşik tədbirlərinin həyata keçirilməsi, vətəndaşların təhlükəli ərazilərdən köçürülməsinə lazımi şəraitin yaradılması, əmlaklarının qorunması, iritutumlu yük maşınlarının, ağır texnikanın fəlakət zonasına ən qısa müddətdə çatdırılması da qarşıda duran əsas vəzifələrdən idi.
Bütün bu işlərə Nazirliyin Daxili Qoşunlarının və polisin üç minədək əməkdaşı cəlb olunmuş və iyirmidən artıq yaşayış məntəqəsində, müvəqqəti çadır şəhərciklərində polis postları yaradılaraq xidmət gücləndirilmiş iş recimində təşkil edilmişdi. Əməkdaşlarımız və hərbi qulluqçularımız Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının işçiləri ilə birlikdə bəndatma, dağılan bəndlərin bərpası, sel axınının qarşısının alınması və s. işlərin görülməsində də əllərindən gələni əsirgəmədi. Onların fədakarlığı və rəşadəti növbəti dəfə sübut etdi ki, daxili işlər orqanlarının Azərbaycanın dövlətçiliyinə və xalqına sədaqətlə xidmət etmək kimi heç bir dövrdə dəyişməyən və sarsılmaz olan bir ənənəsi mövcuddur və bu ənənə daim yaşayacaqdır.

- Bu günlərdə Ali Baş Komandanın rəhbərliyi altında ikinci dəfə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı əməliyyat-taktiki təliminin keçirilməsi vətəndaşlarımızda hədsiz qürur doğurdu. Bu təlimləri daha yaxından izləyən general olaraq Sizin qənaətinizi və fikirlərinizi bilmək oxucularımız üçün də maraqlıdır...

- Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən vahid komandanlıqdan idarə olunan nizami və mütəşəkkil Milli Ordunun yaradılması, onun beynəlxalq standartlara uyğun təkmilləşməsinin möhkəm təməlinin qoyulması ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindəndir. Ulu Öndərin strateji inkişaf kursunu böyük əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illər ordunun döyüş qabiliyyətinin daha da yüksəlməsi, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmlənərək modern texnologiyalara əsaslanması dövlətimizin qüdrətinin təntənəsi, Heydər Əliyev ideyalarına sədaqət və ehtiramın bariz nümunəsidir. Sürətlə inkişaf edən və müasir döyüş standartlarına tam cavab verən Silahlı Qüvvələrimiz istənilən an torpaqlarımızı azad etməyə qadir, Ali Baş Komandanın “Qələbəyə doğru irəli!” əmrinə hazırdır. Bu, artıq ümummilli qənaətdir.
Ötən həftə cənab Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlim bu qənaəti daha da dərinləşdirdi və möhkəmləndirdi. Birgə təlimlər Azərbaycanın ikinci Qarabağ müharibəsində hərbi qələbəsini təmin etmək iqtidarında olduğunu aydın nümayiş etdirdi. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, işğalçı ölkənin bütövlükdə dövlət büdcəsindən artıq olan hərbi büdcəmiz və hərbi təyinatlı məhsulların istehsalının günbəgün genişlənməsi Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib. Azərbaycanın iqtisadi gücü hərbi qüdrəti ilə məntiqi cəhətdən tamamlanır və şübhəsiz ki, bu təcavüzkara yaxşı bəllidir.
Ali Baş Komandan əsgər və zabitlər qarşısındakı nitqində isə birgə təlimin əsas mahiyyətini açıqladı: “Bugünki təlimlər bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətini göstərir. Biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək”.
Onu deyə bilərəm ki, möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin və silahlı birləşmələrimizin bugünki inkişaf səviyyəsi məndə böyük fəxarət doğurur.

- Cənab nazir, yol hərəkəti sistemində son illərdə aparılan islahatlar bütövlükdə ictimaiyyətdə razılıqla qarşılansa da, qaydaların sərtləşdirilməsi ilə bağlı sürücülərdə müəyyən narahatlıqlar var. Belə isə, bu sahədəki islahatlar, o cümlədən qaydaların sərtləşdirilməsi özünü praktikada doğruldurmu, ümumiyyətlə bu istiqamətdə hansı müsbət nəticələr əldə edilib?

- Respublikada avtomobil parkının yüksək sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin effektli təmini, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Bu sahədə bir sıra zəruri islahatlar, eləcə də paytaxtda və respublika əhəmiyyətli avtomobil yollarında müvafiq tikinti-quruculuq işləri aparılmış, qanunvericilik bazası təkmilləşdirilmiş, bazar iqtisadiyyatının tələblərinə cavab verən digər məqsədyönlü işlər görülmüşdür.
Həyata keçirilən tədbirlər, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində Dövlət Yol Polisi xidmətinin maddi-texniki imkanlarının artırılması, elmi-texniki vasitələrdən daha geniş istifadə etməsi, İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliklər hərəkətin təhlükəsizliyinin təmini işinə müsbət təsir göstərmişdir. Şübhəsiz ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi, ilk növbədə, profilaktik məqsəd daşıyır. Digər tərəfdən, müvafiq xətalara görə cərimələrin məbləğinin artırılmasının konkret obyektiv səbəbləri də vardır.
Belə ki, 2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar fəslində sanksiyaların artırılması ilə əlaqədar dəyişikliklər üç il bundan əvvəl, yəni  2007-ci ildə edilmişdir. Göründüyü kimi Məcəllənin qəbulundan sonra 7 il keçmişdi. Bu dövr ölkəmiz üçün davamlı tərəqqi dövrü olmuş, Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxmışdır. Ötən illər ərzində dövlət büdcəsi 8 dəfədən çox artmışdır. Əlbəttə ölkənin sürətli sosial-iqtisadi inkişafı əhalinin ümumi rifahının,  o  cümlədən gəlirlərinin də artmasına səbəb olmuşdur. Məcəllədə nəzərdə tutulan cərimə tənbeh tədbirlərinin əvvəlki illərin tələbləri həddində saxlanılması və müasir dövrün tələblərinə cavab verməməsi, yəni inzibati xətaların törədilməsindən çəkindirmək funksiyasını itirməsi yol hərəkəti qaydalarına riayət olunması sahəsində intizamın ciddi şəkildə zəifləməsinə səbəb olurdu. Qanunvericilik isə, daim ölkədə gedən proseslərə müvafiq olmalıdır. Bu səbəblərdən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bütün sanksiyalar, o cümlədən yol hərəkəti qaydalarının pozulması əleyhinə olan inzibati xətaların sanksiyaları təftiş olunmuş və müvafiq dəyişikliklər edilmişdi.
Eyni zamanda, onu da qeyd edim ki, sanksiyalar artırıldıqdan sonra belə, ölkəmizdə yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləği, əksər Avropa dövlətlərində tətbiq edilən analoji tənbeh tədbirlərinin məbləğindən dəfələrlə azdır. Məsələn, svetoforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsinə görə cərimənin məbləği Azərbaycan Respublikası  İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulanla müqayisədə Norveçdə - 16 dəfə, İspaniyada - 7 dəfə, Almaniya və Danimarkada - 5 dəfə, Belçika, İsveçrə, Yunanıstanda - 4 dəfə, Böyük Britaniya, Avstriya, İtaliyada - 3 dəfə, Fransa, Niderland, İrlandiyada - 2 dəfə çoxdur.
Aparılan təhlil və ümumiləşdirmələrlə müəyyən olunmuşdur ki, əvvəlki dövrlə müqayisədə sanksiyalar sərtləşdirildikdən sonra həm törədilən inzibati xətaların, həm də yol hərəkəti qaydalarının pozulması nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzalarının sayı əhəmiyyətli dərəcədə azalmışdır. Xilas edilən bir insan həyatı da polis orqanlarının gündəlik ağır zəhmətinin ən arzulanan qarşılığı və ən yüksək qiymətidir. Başlıca istəyimiz hər bir ölkə vətəndaşının qanunvericiliyin tələblərinə ciddi riayət etməklə özünü, həyat və sağlamlığını qorumasıdır. Lakin yol-nəqliyyat qəzalarının təhlili göstərir ki, bu sahədə sürücülərin intizamı və sürücülük mədəniyyəti hələ də istənilən səviyyədə deyildir. Bir çoxlarının ötmə və manevr etmə qaydalarını pozmaları, avtomobili yüksək sürətlə və sərxoş vəziyyətdə idarə etmələri, ara məsafəsini saxlamamaları kimi inzibati xətalar törətmələri səbəbindən təkcə ötən il 930 nəfərin ölümü və 3040 nəfərin yaralanması ilə nəticələnən 2792 yol-nəqliyyat hadisəsi baş vermişdir.
Bəzən yol-patrul xidməti əməkdaşlarının sürücünün görüntü dairəsindən kənarda xidmət aparması, həmçinin sürətölçən radarların bir hissəsinin stasionar xarakter daşımaması halları barədə Nazirliyə şikayətlər də daxil olur. Təcrübə göstərir ki, avtomobili yüksək sürətlə idarə edən, qarşıdan gələn nəqliyyatın hərəkəti istiqamətinə çıxmaqla qəza şəraiti yaradan əksər sürücülər yol-patrul xidməti postlarına yaxınlaşdıqda hərəkət sürətini azaldır, lakin bununla yalnız özlərini aldatmış olurlar. Sürücülük intizamına və mədəniyyətinə riayət etməyən belə şəxslər, əslində özlərinin və başqalarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradırlar. Qanunvericiliyə zidd olan bu cür hərəkətlər çox vaxt ağır nəqliyyat qəzalarına, ən yaxşı halda vətəndaşların əmlakına böyük zərərin vurulmasına gətirib çıxarır. Hesab edirəm ki, hər bir şəxs yol hərəkəti qaydalarına şüurlu şəkildə riayət etməyə borcludur. Əgər bunu etmirsə, yol-patrul xidməti əməkdaşlarının da sürücünün gözləmədiyi yerlərdə qanun pozuntusunu aşkarlaması yalnız zərurətdən irəli gələn, eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmininə yönəlmiş və vətəndaşlarımıza fayda gətirən bir vasitə kimi qiymətləndirilməlidir.

- Polis-vətəndaş münasibətləri, ictimaiyyətlə qarşılıqlı əlaqələrin hazırki vəziyyəti Sizi qane edirmi?

- Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdır. Bu baxımdan, cinayətkarlığın profilaktikası çox vacib və daim gündəmdə olan məsələlərdən olmaqla ilk növbədə insanların hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edir. Çünki profilaktik iş aparılmazsa daha ağır cinayətlərin törədilməsinə şərait yarana bilər. Cinayətkarlığın geniş vüsət alması isə dövlətin və cəmiyyətin təhlükəsizliyinə təhdidlər yaratmış olar. Odur ki, polis orqanlarında aparılan islahatların əsas istiqamətlərindən biri də məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması, bu sahədə mövcud olan problemlərin həllidir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir. Odur ki, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi sahəsində  bütün lazımi işlər görülür və bu sahədə fəaliyyət gələcəkdə də davam etdiriləcəkdir.
Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması baxımından yaradılmış 102 Xidməti fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu işə  mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə və s. vacib məqsədlərə xidmət edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə video nəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə sistemi də yaradılmışdır. Nazirlikdə fəaliyyət göstərən “Qaynar xətt”, elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.
Eyni zamanda, əhali ilə mütəmadi ünsiyyətdə olan bayır xidmətlərində köklü institusional dəyişikliklər aparılmaqla polis sahə inspektorlarının xidməti beynəlxalq təcrübəyə uyğun “sahə rəisi” statusunda qurulmuşdur. Azərbaycan Respublikası Prezidentinin yaxından dəstəklədiyi bu yenilik 2009-cu ilin may ayında qanunvericilikdə bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə nəticələnmişdir. Məlumat üçün qeyd edim ki, “sahə rəisi” - tabeliyində 3-4 polis sahə inspektoru, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor və post-patrul xidməti əməkdaşları olan və 10 min nəfərədək əhalinin yaşadığı xidməti əraziyə (sahəyə) təhkim olunmuş polis zabitidir. Hər bir inzibati sahədə cəmiyyətin fəal təbəqsini təmsil edən ictimai şuralar da fəaliyyət göstərir. Şura üzvləri gündəlik həyata keçirilən ümumi və fərdi profilaktika tədbirlərində iştirak edir, əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələr, sərxoşluğa, narkotik vasitələrə meyllilər və digər risk qruplarına aid şəxslər ətrafında iş aparırlar. Sahə rəisi İnzibati Xətalar Məcəlləsinin 29 maddəsi üzrə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir.
Bu yenilik sahə rəisinin hüquqpozmalara dərhal adekvat reaksiya vermək və onları aradan qaldırmaq imkanlarını genişləndirməklə bərabər, ən başlıcası, əhali ilə əlaqələrinin möhkəmlənməsinə, sosial funksiyaları daha effektli yerinə yetirməsinə xidmət edir.
Araşdırmalarla məlum olmuşdur ki, bu institutun fəaliyyəti vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Keçirdiyimiz sonuncu rəy sorğusu əhalinin 67%-dən çoxunun polisə etimad bəslədiyini göstərmişdir. Vətəndaşların daxili işlər orqanları ilə bağlı əsas narahatlığı isə ayrı-ayrı əməkdaşların ünsiyyətdə kobudluğa yol vermələridir. Bu kimi halların tam aradan qaldırılması üçün tərəfimizdən daxili nəzarət qaydasında davamlı tədbirlər aparılır.
Bütövlükdə respublikamızda gedən sürətli iqtisadi inkişaf - fəaliyyətə şəffaflıq və sosial yönümlülük verilməsinə, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərmişdir. Dövlətimizin Başçısının bilavasitə diqqət mərkəzində olan bütün bu tədbirlər həm də insanların polisdə gedən demokratikləşmə prosesinə, ictimai təhlükəsizliyin təmin edilməsi işinə daha fəal cəlb olunmasına yönəlmişdir.

- Cənab nazir, müsahibənin əvvəlində şəxsi heyətin polisin yaranmasının növbəti ildönümünü mübariz əhval-ruhiyyədə qeyd etdiyini söylədiniz. Ölkə Prezidenti tərəfindən bir qrup əməkdaşın dövlət təltiflərinə və ali xüsusi rütbələrə layiq görülməsi yəqin ki, bu ovqatı daha da yüksəldir...

- Qeyd etmək istərdim ki, xoş əhval-ruhiyyə, yüksək ovqat daxili işlər orqanları əməkdaşlarını daha məsuliyyətli və fədakar fəaliyyətə səfərbər edir. Peşə bayramı ərəfəsində bir qrup əməkdaşın dövlət təltiflərinə və ali xüsusi rütbələrə layiq görülməsi möhtərəm Prezidentimizin daxili işlər orqanlarına yüksək etimadının növbəti əyani ifadəsi, xalqa, Vətənə sədaqətli xidmətinə verdiyi əvəzsiz dəyərdir.
Hər birimizin üzərinə böyük məsuliyyət qoyan bu ali diqqət bütün şəxsi heyəti dövlətin hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qorunması kimi mühüm funksiyaların icrasında daha önəmli nailiyyətlərə ruhlandırır. Eyni zamanda, cənab Prezidentin iyunun 8-də İstanbulda jurnalistlərə müsahibəsində səsləndirdiyi: “Biz elə etməliyik ki, hər birimiz öz sahəsində, gündəlik həyatda ölkəmizin qüdrətini artıraq, müstəqilliyimizi möhkəmləndirək və Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına çalışaq” çağırışına da cavab olaraq müstəqil respublikamızın tərəqqisinə daha böyük töhfələr vermək əzmindəyik.

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ

Ən son press-relizlər