DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

23.02.2010

- Cənab nazir, artıq geridə qalan 2009-cu il Sizcə, bütövlükdə ölkəmizin və təbii ki, daxili işlər orqanlarının fəaliyyətində nələrlə əlamətdardır?

- 2009-cu il Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatının inkişafı, mühüm dövlət proqramlarının uğurlu icrası, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, bütövlükdə ictimai həyatın bütün sahələrində müsbət nəticələrin əldə edilməsi ilə əlamətdardır. Azərbaycanın qlobal maliyyə böhranının təsirinə ən az məruz qalan ölkələrdən olması və hətta belə mürəkkəb şəraitdə iqtisadi və sənaye istehsalı artımına nail olunması - məhz ulu öndər Heydər Əliyevin uzun illərə hesablanmış dəqiq strateji siyasət kursunun möhtərəm Prezidentimiz tərəfindən xalqın və dövlətin maraqlarına uyğun həyata keçirilməsinin məntiqi nəticəsidir.
Ötən ilin mühüm hadisələri sırasında iyun ayında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin irimiqyaslı Birgə Əməliyyat-Taktiki Təliminin keçirilməsi xüsusilə yaddaqalandır. Dörd min nəfərdən çox şəxsi heyətin, yüzlərlə tank, zirehli döyüş maşını, artilleriya sistemlərinin, döyüş təyyarələri və vertolyotların cəlb olunduğu bu möhtəşəm tədbir dövlətimizin hərbi qüdrətinin, günbəgün artan iqtisadi potensialının əyani təzahürü idi. Ali Baş Komandanımız silahlı birləşmələrin şəxsi heyəti qarşısında - "Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək" - bəyanatını verməklə bizi növbəti dəfə Vətən torpağını düşməndən təmizləməyə tam hazır olmağa səfərbər etdi.
Daxili işlər orqanlarına gəldikdə isə, 2009-cu il respublikamızda davamlı şəkildə gedən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan amillərdən olan hüquq qaydasının, ictimai asayişin, sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi ilə səciyyəvidir. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi həyatında son illər müşahidə olunan yüksək dinamizm və inkişaf hər bir vətəndaşın gündəlik həyatında, rifah halında öz əksini tapdığı kimi, daxili işlər orqanlarında fəaliyyətin təkmilləşməsində, şəxsi heyətin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılmasında, struktur qurumların müasir texniki vasitələrlə təminatında və digər mühüm məsələlərin həllində əhəmiyyətli rol oynamışdır.
Ötən il 37 yeni infrastruktur obyekt tikilib istismara verilmiş, zəruri texniki vasitələr və avadanlıqlar alınmışdır. Dövlətin və onun rəhbərinin bu ali diqqət və qayğısının miqyasını göstərmək üçün 2009-cu il ərzində Nazirliyin Respublika Hospitalının və "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sisteminin, İdman Cəmiyyətinin və Bakı Şəhər Baş Polis İdarəsinin, Gəncə Şəhər Polis İdarəsinin yeni inzibati binalarının, Daxili Qoşunların Bərdə və Zaqatala rayonlarında yeni hərbi şəhərciklərinin, "N" saylı hərbi hissəsində zabit yataqxanasının açılışını xatırlatmaq istərdim.
Qeyd etdiyim tədbirlərin əksəriyyətində iştirak edən Prezident İlham Əliyev, bu obyektlərin tikintisini ölkəmizin ilbəil artan iqtisadi potensialının, sürətli inkişafının məntiqi nəticəsi kimi qiymətləndirmişdir. Peşə bayramımız ərəfəsində "polisin, polis orqanlarının hər bir ölkə üçün çox böyük əhəmiyyətini, asayişin qorunması işində, cinayətkarlığa qarşı mübarizədə polis işçilərinin ön cəbhədə dayanmasını, Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar edilməsi və asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının çox böyük xidmətlərinin və zəhmətinin olmasını" vurğulayan dövlətimizin başçısı fəaliyyətimizi yüksək dəyərləndirməklə şəxsi heyəti xidməti vəzifə borcunun icrasına daha da ruhlandırmışdır.
Qeyd edim ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində əvvəlki illərin müsbət nəticələri 2009-cu ildə də qorunub saxlanılmış və inkişaf etdirilmişdir. Respublikada 22.830 cinayət qeydə alınmışdır ki, təsnifatı baxımından onların 88,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,7 faizi ağır və xüsusilə ağır cinayətlərdir. Ötən dövrdə cinayətlərin açılması 87,7 faiz təşkil etmiş və 2008-ci illə müqayisədə əlavə 1718 cinayətin açılması təmin olunmuşdur. Yeni informasiya texnologiyalarının tətbiqi sahəsində tədbirlər də uğurla davam etdirilmişdir. Hazırda cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər sahələr üzrə nazirlikdə 12 informasiya resursu fəaliyyət göstərir.
Hüquq qaydasına riayət edilməsinin videomüşahidə vasitəsilə fasiləsiz izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarını yerinə yetirən "Təhlükəsiz şəhər" xidmətinin əhatə dairəsinin genişləndirilməsinin ikinci mərhələsi üzrə işlər başa çatmaq üzrədir.
Artıq uzun illərdir ki, daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyəti müsbət nəticələrlə müşayiət olunur. Lakin əldə edilən uğurlar heç kimdə arxayınçılıq yaratmır, əksinə, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üçün şəxsi heyət daha böyük səylə çalışır. Çünki müasir dövrün çağırış və təhdidləri baxımından qarşımızda hələ çox mühüm vəzifələr durur.

- Cinayətkarlığa qarşı mübarizənin müxtəlif istiqamətləri üzrə əldə olunan müsbət nəticələri qeyd etdiniz. Bəs, əvvəlki illərlə müqayisədə vəziyyət necədir?

- Bu baxımdan da ötən ilin göstəricilərini qənaətbəxş hesab etmək olar. Məsələn, 2009-cu ildə respublikada adamları girov götürmə və banditizm cinayətləri ümumiyyətlə baş verməyib. Qəsdən adam öldürmələr 2,4 faiz, soyğunçuluqlar 4,1 faiz, quldurluqlar 8,9 faiz, hədə-qorxu ilə tələb etmələr 48 faiz, avtonəqliyyat vasitələrinin oğurlanması 13,6 faiz azalmışdır. Respublikada avtomobillərin sayının 75 mindən çox artması fonunda yol-nəqliyyat hadisələri 6 faiz, qəzalarda ölənlərin sayı 11,6 faiz, yaralananların sayı 5,8 faiz azalmışdır. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin açılma göstəriciləri bütövlükdə 4,5 faiz yaxşılaşmışdır. Xidməti fəaliyyətin önəmli məqamlarından biri də prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə son 15 il ərzində bağlı qalmış 376 cinayətin açılmasıdır.
Müxtəlif cinayətlərə görə 15.217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmiş, yerli və dövlətlərarası axtarışda olan 2.441, o cümlədən MDB üzvü olan dövlətlərdə və digər ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulmuşdur. İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpol tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilmişdir. Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə də sistemli xarakter daşımışdır. Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz saxlanılan 1.115 odlu silah və 166 mindən çox güllə götürülmüşdür.
Narkotrafikə və insan alverinə qarşı mübarizə üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz dövriyyədən 2008-ci illə müqayisədə 372 kiloqram çox - 1 ton 23 kiloqram narkotik vasitə çıxarılmış, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. 2008-ci illə müqayisədə narkotiklərin satışı ilə bağlı cinayətlərin aşkarlanması 12,6 faiz yaxşılaşmış, habelə 400 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilməsinin qarşısı alınmışdır. İnsan alverinə qarşı mübarizədə məqsədyönlü şəkildə davam etdirilən tədbirlərlə 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunmuş, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilmiş, bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilmişdir. Həmçinin, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı qeydə alınmış 245 cinayət üzrə 205 nəfər məsuliyyətə cəlb olunmuşdur.
Bəlkə də bəzi insanlar bu statistik göstəriciləri adi və quru rəqəmlər kimi qəbul edirlər. Amma unutmamalıyıq ki, hər bir cinayətin qarşısının alınması və açılması daxili işlər orqanları əməkdaşlarının böyük zəhməti və gərgin səyləri, bəzən də hətta həyatları bahasına başa gəlir. Yeri gəlmişkən, ötən il xidməti vəzifələrin icrası zamanı 159 əməkdaşımız xəsarət almış, 7 nəfər isə həlak olmuşdur.

- Daxili işlər orqanlarında aparılan islahatlar da ictimaiyyətin diqqət mərkəzindədir. Bu islahatlar, məsələn, elə ötən il təsis edilmiş "Polis sahə rəisi" institutu gözlənilən nəticəni verirmi?

- Daxili İşlər Nazirliyində aparılan islahatlar ümumilikdə respublikada həyata keçirilən müvafiq institusional dəyişikliklərin tərkib hissəsidir. Bu tədbirlər, həm də, əhali ilə gündəlik təmasda olan xidmət sahələri üzrə aparılır. Qeyd edim ki, hələ 2007-ci ilin 12 mart tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalanaraq polis sahə inspektorlarının işinin müasir, beynəlxalq təcrübəyə uyğun təşkili, onlar üçün zəruri xidmət şəraitinin yaradılması, əhali və vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi barədə tapşırıqlar verilmişdi.
Bu baxımdan ötən müddətdə ABŞ, Kanada, İngiltərə, Almaniya, Türkiyə, Yaponiya, İsrail və başqa ölkələrin müvafiq təcrübəsi öyrənilərək polis sahə inspektorlarının xidməti fəaliyyəti Nərimanov, Mingəçevir və Xaçmaz şəhər, rayon polis orqanlarında eksperiment qaydasında "polis sahə rəisi" statusunda təşkil edildi. Bir müddət sonra isə eksperimentin nəticələri üzrə aparılmış təhlil və ümumiləşdirmələr qarşıya qoyulmuş məqsədin, ələlxüsus polisin xalqa xidmət, sosial funksiyalarını daha effektli yerinə yetirəcəyini göstərdi. Azərbaycan Respublikası Prezidentinin yaxından dəstəklədiyi bu yenilik 2009-cu ilin may ayında inzibati qanunvericilikdə bir sıra əlavə və dəyişikliklərlə, o cümlədən müvafiq məcəllənin 29 maddəsi üzrə sahə rəislərinin inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin müəyyən edilməsi ilə nəticələndi. Eyni zamanda, məsələ nazirliyin kollegiya iclasının müzakirəsinə çıxarılaraq qarşıda duran perspektiv vəzifələr müəyyənləşdirildi, habelə sahə rəislərinin fəaliyyətini tənzimləyən müvafiq hüquqi-normativ sənədlər təsdiqlənib icraya yönəldildi.
Məlumat üçün qeyd edim ki, qanunvericilikdə edilmiş dəyişikliklərə müvafiq olaraq inzibati sahələrdə hüquq qaydasının təmini üzrə İctimai Şuralar da fəaliyyət göstərir. Onların tərkibinə inzibati sahədə yerləşən dövlət, yerli idarəetmə, qeyri-hökumət təşkilatlarının və müəssisələrinin nümayəndələri, yaşayış yeri üzrə nüfuzlu şəxslər, o cümlədən 18 yaşı tamam olmuş digər vətəndaşlar daxil edilir. Şura üzvləri gündəlik həyata keçirilən ümumi və fərdi profilaktika tədbirlərində iştirak edir, əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələr və digər risk qruplarına aid şəxslər ətrafında iş aparırlar. Bütün bunlar sahə rəisinin hüquqpozmalara dərhal adekvat reaksiya vermək və onları aradan qaldırmaq imkanlarını genişləndirməklə bərabər, əhali ilə əlaqələrinin möhkəmlənməsinə, sosial funksiyalarını daha effektli yerinə yetirməsinə xidmət edir.
Təhlil və keçirilən sorğular da göstərir ki, sahə rəislərinin və ictimai şuraların fəaliyyəti əhali tərəfindən rəğbətlə qarşılanır. Ümumilikdə daxili işlər orqanları ilə vətəndaşlar arasında əlaqələrin, inamın və etimadın möhkəmlənməsinə, polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, həmçinin inzibati sahənin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir. Bu institutun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işləri davam etdiririk.

- Son dövrlər postsovet məkanında, xüsusən də Rusiyada daxili işlər orqanlarının fəaliyyətində, səlahiyyətlərində, işə qəbul prosedurunda, əməkdaşların daşıdıqları hüquqi məsuliyyət normalarında köklü dəyişikliklər həyata keçirilmiş və davam etdirilir. Sizcə, buna Azərbaycanda da zərurət varmı? Ümumiyyətlə, ölkəmizdə daxili işlər orqanlarının fəaliyyətinin hansısa istiqamətləri üzrə əsaslı islahatların, yaxud dəyişikliklərin aparılmasına ehtiyac görürsünüzmü?

- Belə bir məqamı unutmamalıyıq ki, hər ölkənin özünəməxsus inkişaf yolu, dövlət strukturlarının isə spesifik fəaliyyət prinsipləri var. Postsovet məkanındakı respublikalar, o cümlədən Rusiya ilə Azərbaycan həm ərazisi, həm də dövlət quruluşu forması və xüsusən onun xarakterini, məzmununu və strukturunu əhəmiyyətli dərəcədə müəyyənləşdirən əlamətlər baxımından fərqli ölkələrdir. Həmin amillər, eləcə də milli maraqlar və konstitusiyasında bəyan etdiyi niyyətlər nəzərə alınmaqla hər bir dövlət özünün inkişaf istiqamətlərini, daxili və xarici siyasətini müəyyənləşdirir, qanunlar, qərarlar qəbul edir, islahatlar həyata keçirir. Bu mənada, başqa bir ölkədə aparılan islahatların respublikamızda analoji tətbiqini gözləmək əsla düzgün olmazdı. Dövlətin hüquq-mühafizə orqanları - onun milli qanunvericilik aktları, fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramları əsasında, beynəlxalq öhdəlikləri və mütərəqqi təcrübə nəzərə alınmaqla təkmilləşir, inkişaf edir və formalaşır.
Azərbaycanda 90-cı illərin ikinci yarısından başlayaraq dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, daxili işlər orqanlarında da zəruri islahatlar həyata keçirilir və bunlar da artıq öz müsbət nəticələrini vermişdir. Qısaca deyim ki, daxili işlər orqanlarının ölkənin qanunvericilik aktları ilə müəyyən edilmiş statusu, funksiyaları, vəzifələri və hüquqları cinayətkarlığa qarşı mübarizənin səmərəli aparılması, ictimai asayişin etibarlı təmini, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması üçün kifayət qədər əhatəli və qarşıda duran məqsədlərə uyğundur. Ötən dövrdə əməliyyat-xidməti fəaliyyətinin effektli təşkili, qarşıda duran proqram vəzifələrin, xalqa xidmət funksiyalarının müasir tələblər səviyyəsində yerinə yetirilməsi üçün mükəmməl hüquqi baza da formalaşdırılmışdır.
Şübhəsiz, islahatlar ərəfəsində digər ölkələrin təcrübəsi də öyrənilir, nəzərə alınır. Ümumən, bütün dünya ölkələri müsbət təcrübədən bəhrələnir və bu çox vacib bir faktordur. Lakin islahatlar təqlidçilik və kampaniya xarakteri daşımamalı, davamlı olmalı, yerli şəraitə uyğunlaşdırılmalı, konkret nəticələrə hesablanmalıdır. Bu baxımdan, Azərbaycanın daxili işlər orqanlarında aparılan islahatların da əsas qayəsi - fəaliyyətin təkmilləşməsi, müasirləşməsi, milli maraqlara xidmətdir. Biz hər bir islahatı və ya dəyişikliyi hazırlayarkən mütəxəssislərimiz onu dərindən öyrənir, nəticələrini proqnozlaşdırır, zərurət yarandıqda eksperiment keçirir və yalnız bundan sonra təkliflərlə çıxış edirlər.
Hazırda cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin tutulmasında, bütövlükdə əməliyyat-axtarış fəaliyyətində elmi-texniki tərəqqinin son nailiyyətlərinin daha geniş tətbiqi istiqamətində davamlı iş aparılır.

- Bir sıra dünya dövlətlərində, o cümlədən qonşu ölkələrdə tez-tez qanlı terror və təxribatlar törədilir. Bu baxımdan Azərbaycanda əmin-amanlığın olması sevindiricidir. Xahiş edirik, bir məqama aydınlıq gətirəsiniz: belə vəziyyət daha çox güc strukturlarının səmərəli xidməti və preventiv tədbirləri ilə bağlıdır, yoxsa başqa səbəblər də var?

- Bir məsələni hökmən nəzərə almalıyıq ki, bu gün bütövlükdə cinayətlərdən, o cümlədən terrordan heç bir dövlət sığortalanmayıb. Müasir dövrdə terror elə bir qlobal və mütəşəkkil forma alıb ki, o, ən sabit və təhlükəsiz cəmiyyəti belə təhdidə məruz qoya bilər. Bu kontekstdə Azərbaycanı da "terror təhlükəsindən tam uzaq ölkə" kimi səciyyələndirmək düzgün olmazdı.
Doğrudur, bu gün Azərbaycan terror və təxribatlarla üzləşmir. Şübhəsiz ki, bu böyük nailiyyətdir və onun əsas səbəbi dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdir. Öz növbəsində Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları da ehtimal olunan terror hadisələrinin qarşısını almaq, onları vaxtında aşkar etmək, belə cinayətləri doğuran səbəb və şəraiti müəyyən edib aradan qaldırmaq, belə ağır cinayətləri planlaşdıran subyektləri zərərsizləşdirmək və lazımi əks tədbirlər görmək üçün birgə, məqsədyönlü fəaliyyət göstərir.
Bu istiqamətdə fəaliyyət birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi nəzarətindədir. Amma mövcud sabitlik bizi əsla arxayınlaşdırmamalı, hər bir terror təhdidinə və çağırışlara daim hazır olmalıyıq. Əsas vəzifələrimizdən biri də cinayətlərin qarşısının vaxtında alınmasıdır. Çünki cinayətkarlığın profilaktikası vacib məsələlərdən olmaqla insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Profilaktik iş aparılmazsa, təsirsiz və ya formal olarsa, daha ağır cinayətlərə yol açılar, nəticədə isə dövlətin və cəmiyyətin təhlükəsizliyinə təhdidlər yaranmış olar. Əlbəttə, baş verən cinayətlərin açılmasının, o cümlədən cinayətə görə cəzanın labüdlüyünün təmin edilməsinin də ən təsirli profilaktik vasitə olması danılmazdır. Məhz bu mühüm amilləri, həmçinin dövlət başçısının müvafiq tələb və göstərişlərini rəhbər tutan hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən yüzlərlə analoji cinayətin qarşısı vaxtında alınmışdır. İnanıram ki, bu dövlət qurumlarının sıx və faydalı əməkdaşlıq əlaqələri Azərbaycanda sabitliyə və ictimai asayişə yönəlmiş təhdidlərə qarşı möhkəm sipər olmaqla vətəndaşların təhlükəsizliyinə və milli maraqlara bundan sonra da layiqincə xidmət edəcəkdir.

- Cənab nazir, həyatınızın 40 ildən çox bir dövrünü daxili işlər orqanlarında xidmətə həsr etmisiniz. Bu sahədə zəngin təcrübəsi olan şəxs kimi Sizcə, polis əməkdaşına vəzifə səlahiyyətlərini uğurla icra etməsi üçün mənəvi və peşəkarlıq baxımından hansı keyfiyyətləri mənimsəmək vacibdir? Həmçinin, Azərbaycan polisinin bu gün cəmiyyətdə tutduğu mövqeyi, onun nüfuzunu yetərli saymaq olarmı?

- Öncə qeyd etməliyəm ki, bu gün ölkəmizin daxili işlər orqanlarında qanunla müəyyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı, yüksək professionallığa malik kadr potensialı var. Bu sahədə də həyata keçirilən kompleks tədbirlər nəticəsində peşəkar özək formalaşmış və onun daha da möhkəmlənməsi üçün məqsədyönlü iş davam etdirilir. Məsələn, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən hüquqşünasların xüsusi çəkisi son 15 ildə iki dəfəyədək artaraq cari ilin əvvəlinə 74 faiz təşkil etmişdir. Ötən müddət ərzində Türkiyənin, Rusiya Federasiyasının, Çin Xalq Respublikasının və digər dövlətlərin Polis və Hərbi akademiyalarını 298 polis əməkdaşı və 270 hərbi qulluqçu bitirmiş və 117 nəfər təhsilini davam etdirir. 2009-cu ildə də qabaqcıl təcrübənin öyrənilməsinə geniş yer verilərək 1400-ə yaxın əməkdaş BMT-nin, NATO-nun, Avropa strukturlarının, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq təşkilatlarının, GUAM-ın, MDB-nin və digər beynəlxalq qurumların keçirdiyi müxtəlif tədbirlərdə iştirak etmişdir.
Bunlar fakt və reallıqdır. Məsələnin sırf mənəvi tərəfinə gəldikdə isə, qeyd edim ki, daxili işlər orqanı əməkdaşı peşəsini ürəkdən sevməli, xalqa, Azərbaycan Respublikasına xidmət etməyi özünə şərəf bilməli, fiziki cəhətdən sağlam, mənən saf olmalıdır. Fəaliyyətinin cəmiyyət və vətəndaşlarımız üçün nə qədər gərəkli olduğunu dərk etməli, xidmətin çətinliklərinə sinə gərməyi bacarmalıdır. Polis əməkdaşı cəsur, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, eyni zamanda, insanlarla münasibətdə diqqətli, davranışında nəzakətli olmalıdır. Ulu öndər Heydər Əliyevin çox dəyərli tövsiyəsini əməkdaşlarımıza dönə-dönə xatırladıram: "Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim olasınız, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər".
Bu müdrik nəsihətin hər bir əməkdaşın həyat amalına çevrilməsi üçün bir an belə dayanmadan lazımi iş aparırıq. Digər tərəfdən, ümummilli liderin müəyyən etdiyi və qarşımızda bir tələb kimi qoyduğu ən vacib məsələlərdən biri də peşəkarlıqdır. Bu məqsədlə özündə yaxın 5 il üçün əlavə konseptual tədbirləri əks etdirən xüsusi əmr və proqram da hazırlanıb icraya yönəldilmişdir. Çünki peşəkarlıq olmayan yerdə uğurlu fəaliyyətdən danışmaq da mümkün deyil. Daxili işlər orqanı əməkdaşının peşəkarlığının göstəricisi - lazımi biliklərə, nəzəri və praktiki hazırlığa malik olması, müasir iş metodlarını bilməsi və fəaliyyətdə tətbiq etməsi, ekstremal vəziyyətlərdə operativ və düzgün qərar verməyi bacarması, xidməti vəzifələrin icrasına vicdanla, böyük məsuliyyətlə yanaşmasıdır. Hər bir əməkdaşın Azərbaycan dövlətçiliyinə və xalqa sədaqətli olması isə Azərbaycan polisinin mənəviyyat göstəricisidir.

- Azərbaycan oxucusu üçün maraqlıdır: hansısa bir polis əməkdaşının, istər sıravi, istərsə də yüksək rütbəli vəzifə sahibi olsun, - fəaliyyətindən narazılıq, onun barəsində edilən şikayət cavabsız qalmayacaq ki? Bu baxımdan, daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə vətəndaşların münasibətinin monitorinqi aparılırmı?

- Möhtərəm Prezidentimiz qarşımızda konkret vəzifə qoyub: "Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır". Bu tələblərə cavab verməyən əməkdaşın daxili işlər orqanlarında xidmət etməyə nə hüquqi, nə də mənəvi haqqı var. Sıralarımızın təsadüfi adamlardan təmizlənməsi, rast gəlinən neqativ halların aradan qaldırılması üçün ictimai təşəbbüslərə və cəmiyyətin obyektiv rəyinə də ehtiyac duyuruq.
Bir daha qeyd etmək istərdim ki, Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən ünvanlanan hər bir müraciət - şikayət, ərizə və təklif diqqətlə öyrənilir, araşdırılır və müvafiq ölçülər götürülür. Bu proses tərəfimizdən vətəndaşların qəbulu, müraciətlərin öyrənilməsi və yerlərdə monitorinqlərin aparılması vasitəsi ilə də həyata keçirilir.
Məsələn, ötən il ərzində nazirliyin rəhbərliyi, baş idarə və idarə rəisləri tərəfindən 3.600-ə yaxın, ərazi strukturları da nəzərə alınarsa 10 mindən çox vətəndaş qəbul edilmiş, onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində müsbət həll olunmuşdur. Əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülməklə araşdırılmış, nəticələri barədə təşəbbüskarlara yazılı cavablar verilmiş, hüquqları izah edilmişdir.
Eyni zamanda, elektron poçt ünvanına daxil olan 1.802 müraciət öyrənilmiş və qısa müddətdə cavablandırılmışdır. 2009-cu ildə daxili işlər orqanlarının fəaliyyəti və şəxsi heyətlə bağlı ümumi müraciətlərin sayı 2,6 faizədək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş şikayətlərin sayı 13 faiz azalmışdır.
Ümumən, şəffaflıq və sosial yönümlülük, həmçinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi sahəsində görülən işlər xidməti fəaliyyətdə qanunçuluğun möhkəmlənməsinə öz müsbət təsirini göstərmişdir. Nəticədə, daxili işlər orqanları üzrə qanun pozuntularının sayı 2008-ci illə müqayisədə 7 faiz, bu əsasda məsuliyyətə cəlb edilənlərin sayı 10,7 faiz azalmışdır. Ümumiyyətlə, nazirlik bütün neqativ təzahürlərə qarşı barışmazlıq və prinsipial münasibət göstərir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır. Təəssüflə də olsa, qeyd edim ki, həyata keçirilən tədbirlərə baxmayaraq, ayrı-ayrı, xüsusən bayır xidməti əməkdaşlarının xidməti fəaliyyətində müxtəlif qanun pozuntularına, nöqsan və çatışmazlıqlara hələ də rast gəlinir. Təkcə son 3 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə və digər müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 614 nəfər cəzalandırılmışdır. Onlardan 16-sı cinayət məsuliyyətinə cəlb edilmiş, 85-i xidmətdən xaric olunmuş, 66-sı tutduğu vəzifədən azad edilmiş, 5-nin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 442 nəfər barəsində digər intizam tədbirləri görülmüşdür.
İctimaiyyətin daxili işlər orqanlarının xidməti fəaliyyətinə münasibətini mütəmadi olaraq apardığımız monitorinqlərlə də müəyyənləşdiririk. Bu proses nazirliyin rəhbərliyi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Monitorinqlər vasitəsilə fəaliyyətimizdəki çatışmazlıqları, əhalinin narazı olduğu məqamları müəyyən edir və lazımi nəticələr çıxarırıq. Cəmiyyətin münasibətini öyrənməkdə ən səmərəli vasitələrdən biri də rəy sorğularının keçirilməsidir.
Müvafiq ictimai qurumlarla bağladığımız müqavilələr əsasında onları mütəmadi olaraq ictimai rəyi öyrənməyə cəlb edirik. Məsələn, sonuncu sorğunun nəticəsi göstərmişdir ki, rəyi soruşulanların 80 faizə qədəri respublikada cinayətkarlığa qarşı mübarizənin hazırkı vəziyyətindən razıdır. Digər məlumat mənbəmiz isə kütləvi informasiya vasitələrində dərc olunan obyektiv və qərəzsiz tənqidi yazılardır. Bu materiallar da tərəfimizdən diqqətlə araşdırılır və lazımi ölçülər götürülür.
Mənim bir nazir kimi prinsipial mövqeyim budur ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq və sosial yönümlü olmalıdır. Bu məqsədlə əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır, vətəndaşların polisə münasibətinin öyrənilməsi diqqət mərkəzində saxlanılır və öz növbəsində cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyət də mütəmadi məlumatlandırılır.
Vətəndaşlarımız əmin olmalıdırlar ki, onlar təhlükəsizliklərinin, hüquq və azadlıqlarının, qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması ilə bağlı yardımı məhz polisdə tapacaqlar. Biz isə öz növbəmizdə xalqın bu inamını, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək etimadını doğrultmaq, ulu öndərimizin ideallarına sadiq olmaq üçün daha məsuliyyətlə, səylə çalışacaq, ictimai asayişin mühafizəsi sahəsində qətiyyətli fəaliyyətimizi, xalqa və dövlətə xidmət missiyamızı davam etdirəcəyik.

Ən son press-relizlər