DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

02.07.2009

"SABİTLİYİN, İCTİMAİ ASAYİŞİN VƏ QANUNÇULUĞUN QORUNMASI ƏSAS VƏZİFƏMİZDİR" SƏRLÖVHƏLİ MÜSAHİBƏSİ


- Cənab nazir! Yaranmasının 91-ci ildönümünü qeyd edən polis orqanları şərəfli tarixə, dövlətə və xalqa layiqli xidmət salnaməsinə malikdir.
Həyatının 40 ilindən artıq bir dövrünü bu mühüm dövlət strukturunda xidmət edən şəxs kimi, polisin fəaliyyətində hansı ən əlamətdar məqamları qeyd edərdiniz?

- Polisin fəaliyyətinin ən əlamətdar məqamlarını bütünlüklə əks etdirmək, sözsüz ki, bir müsahibənin mövzusu ola bilməz və nə qədər müfəssəl təsvir etsən də, yenə də tam və əhatəli olmayacaqdır. Çünki vəzifəsindən və rütbəsindən, eləcə də xidmət etdiyin ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanın daxili işlər orqanlarının hər bir əməkdaşının fəaliyyəti onun üçün müstəsna əhəmiyyət kəsb edən və əlamətdar hadisələrdən xali deyildir. Həm də, bizlər, sadə vətəndaş üçün maraqlı və cəlbedici görünən xidmətimizi heç vaxt əlahiddə tutmur, başqa ixtisaslardan fərqləndirmir, gündəlik funksiyalardan, vəzifə borcundan, peşə andından irəli gələn öhdəliklər kimi qəbul edirik. 

Ulu öndərimiz haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta canını da fəda etmək məsuliyyətini şüurlu şəkildə üzərinə götürür. Əməkdaşlarımız tarixən dövlətin və xalqın ən çətin anlarında vətənin müsəlləh əsgərləri olmuş, Xalq Cümhuriyyəti dövründə erməni daşnak dəstələrinə qarşı döyüşlərdə, faşizmə qarşı mübarizədə fəal iştirak etmişlər. Qanlı Qarabağ savaşında da ön cəbhədə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü mərdliklə qorumuşlar. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş bütün əməkdaşlarımızın xatirəsi bizim üçün çox əzizdir və bu əlamətdar gündə onların hər birini böyük ehtiramla yad edirik.

Bir neçə gün öncə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə və Daxili İşlər nazirliklərinin,  Dövlət   Sərhəd Xidmətinin    irimiqyaslı  Birgə  Əməliyyat-Taktiki  Təlimi  keçirildi.

Dörd min nəfərdən çox şəxsi heyətin, yüzlərlə tank, zirehli döyüş maşını, artilleriya sistemləri, döyüş təyyarəsi və vertolyotun cəlb olunduğu bu möhtəşəm tədbir dövlətimizin hərbi qüdrətinin, eyni zamanda günbəgün artan iqtisadi potensialının əyani təzahürü idi. Ali Baş Komandanımız əsgər və zabitlər qarşısında - “Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək” - bəyanatını verəndə müşahidə etdim ki, əsgərlərimizin döyüş ruhu olduqca yüksəkdir, Milli Ordunun və silahlı birləşmələrin şəxsi heyəti Ali Baş Komandanın “İrəli!” əmrini icra etməyə, Vətən torpağını düşməndən təmizləməyə tam hazırdır.

Bir daha vurğulamaq istərdim ki, 91 illik tariximizin hər bir səhifəsi, hər bir anı əlamətdar olaraq vətənə və xalqa sədaqət missiyasını, daxili işlər orqanlarının peşəkarlığını əks etdirir.

- Bəs şəxsi heyətin peşəkarlıq səviyyəsi, müasir fəaliyyət metodlarına yiyələnmələri Sizi qane edirmi?

- Şəxsən mənim üçün peşəkarlıq yalnız fərdi qabiliyyətlərin və təcrübi fəaliyyətin birgə nəticəsi demək deyildir. Peşəkarlıq - məşğul olduğun sahədə işi yüksək səviyyədə təşkil etmək, lazımi biliklərə, nəzəri və praktiki hazırlığa malik olmaq, problemləri görmək və onları aradan qaldırmağı bacarmaq, həlli vacib olan məsələləri dəqiq müəyyənləşdirib yerinə yetirmək, müasir iş metodlarına yiyələnmək və onları praktiki fəaliyyətdə tətbiq etmək, xidməti vəzifələrin icrasına vicdanla, böyük məsuliyyətlə yanaşmaqdır. Bu baxımdan, şəxsi heyətin peşəkarlığının artırılması daim diqqət mərkəzində saxladığımız əsas məsələlərdəndir. Əslində, peşəkarlıq olmayan yerdə uğurlu fəaliyyətdən də danışmaq mümkün deyildir.

Hazırda xidmətin müasir standartlar səviyyəsində təşkilinə yönəlmiş islahatlar və inkişaf dövrünü yaşayan daxili işlər orqanları üçün ictimai qaydanın, qanunun aliliyinin təmin edilməsi, insan faktoru, cinayətkarlığa qarşı mübarizənin uğurla aparılması əsas prioritetlərdir. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilir, o cümlədən müasir və təkmil yeniliklər tətbiq edilir, əməkdaşların həm peşəkarlıq səviyyəsinin artırılması, həm də mənəvi yetkinləşməsi üçün müvafiq tədbirlər görülür. Əlbəttə, fəaliyyətin elə istiqamətləri də var ki, orada bu məsələyə daha həssas yanaşmaq və qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmək xüsusilə vacibdir.

Məsələn, müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab vermək üçün ilk növbədə informasiya-analitik işin, habelə transmilli mütəşəkkil cinayətkarlığın təzahürlərinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə, qeyri-leqal miqrasiyaya qarşı əməliyyat-axtarış fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tərəfimizdən beynəlxalq təcrübədə özünü doğrultmuş tədbirlər həyata keçirilir. Digər tərəfdən, cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin tutulmasında, bütövlükdə əməliyyat-axtarış fəaliyyətində elmi-texniki tərəqqinin son nailiyyətləri geniş tətbiq edilir.

Son illər ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişaf etməsi artıq faktdır. Əldə olunan uğurlar isə bizdə nəinki arxayınçılıq yaratmır, əksinə, onların qorunub saxlanılması və artırılması yönümündə şəxsi heyət böyük səylə çalışır. Qarşıda duran məqsədlərə nail olmaq üçün kifayət qədər potensialımız, peşəkar kadr heyətimiz, mükəmməl maddi-texniki bazamız vardır.

- Cənab nazir, bəs Azərbaycan polisinin yeni nəsli öz sələflərini layiqincə əvəz etməyə hazırdırmı? Ümumiyyətlə gənc polislərimizin  hazırlıq prosesi necə təşkil olunub və onlarda, əsasən, hansı fərdi keyfiyyətləri daha qabarıq görmək istərdiniz?

- Qazanılan hər bir müsbət təcrübə, əldə olunan nailiyyət hökmən gələcək nəsillərə ötürülməli, onilliklər ərzində yaranmış şanlı ənənələr yaşadılmalıdır. Sözsüz ki, nə mən, nə də ki, nazirliyin rəhbər heyəti, generallar elə bu rütbələrdə, bu vəzifələrdə daxili işlər orqanlarında xidmətə başlamamışıq. Ən kiçik vəzifələrdə və rütbələrdə illər boyu peşə andımıza, vəzifə borcuna məsuliyyətlə yanaşmışıq. Daim öyrənmişik, yenilikləri mənimsəmişik, inamla inkişafa, təkmilləşməyə doğru getmişik. Bu gün isə elə bir dövrdə yaşayırıq ki, artıq həm də öyrətməliyik.Gənc əməkdaşlara yalnız rəis, yaxud komandir kimi deyil, böyük həyat və iş təcrübəsi əldə etmiş bir müəllim olaraq da yanaşmalıyıq. Bu mənada, hamiçilik işi daxili işlər orqanları rəhbərliyinin daim diqqət mərkəzindədir  və   biz müvafiq  sahədə  işin formal aparılmasına qətiyyən yol verə bilmərik. Peşəkar əməkdaşlar öz təcrübələrini gənc mütəxəssislərə öyrətməklə yanaşı, işdə və davranışda onlara nümunə olduqlarını da unutmurlar. Təcrübəli əməkdaşların bilik və bacarığı ilə gənclərin həvəs və enercisi harmonik şəkildə uzlaşmış, yüksək professionallığa malik kadr özəyi yaranmışdır.

Bu mühüm istiqamətdə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində Nazirliyin Polis Akademiyası da çox mühüm rol oynayır. Yüksək ixtisaslı hüquqşünas kadrlar hazırlayan bu təhsil müəssisəsində beynəlxalq standartlar səviyyəsində hərtərəfli islahatlar aparılmış, zəngin fondu, elektron kataloqu olan kitabxana yaradılmışdır. Akademiyanın Bayrağı, habelə təhsildə fərqlənən və intizamı ilə seçilən müdavimlər üçün "Heydər Əliyev" təqaüdü təsis edilmişdir. Akademiyanın qarşısında duran əsas vəzifə mükəmməl biliyə, yüksək  mənəvi-psixoloci keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və qətiyyətə malik polis zabitləri hazırlamaqdır. Mənim Akademiyanın rəhbərliyindən və pedoqoci kollektivindən əsas tələbim də budur ki, müdavimlərdə zabit qüruru, saf mənəviyyat formalaşdırmaq üçün xüsusi səy göstərsinlər, tədris prosesində ən mükəmməl, praktikada özünü doğruldan metodlar tətbiq edilsin, qətiyyət, vətənpərvərlik, humanizm kimi dəyərlər aşılansın.

Şəxsə heyətin sıralarına daha hazırlıqlı və bacarıqlı gəncləri cəlb etmək üçün kadr seçiminə də xüsusi həssaslıqla yanaşırıq. Qanunçuluğa uyğun olaraq, xidmətə qəbul şəffaflıq və müsabiqə prinsipləri əsasında həyata keçirilir. Son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən test imtahanlarının nəticələrinə görə orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsili olan yüzlərlə gənc qəbul edilmişdir. Sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul da şəffaflıq şəraitində aparılır, fiziki hazırlıqlı, ekstremal vəziyyətdə düzgün və adekvat qərar qəbul etmək bacarığına malik gənclər seçilir. 

Əməkdaşlarımızın xarici dövlətlərdə təhsil almalarına da önəm veririk. İndiyədək yüzlərlə əməkdaşımız dünyanın ən məşhur ali məktəblərində müvafiq ixtisas üzrə biliklərini təkmilləşdirmiş, təhsildə yüksək nəticələr göstərmişdir. Bu gün Türkiyənin, Rusiya Federasiyasının, Çin Xalq Respublikasının, Böyük Britaniyanın və digər ölkələrin nüfuzlu universitet və akademiyalarında təhsilini davam etdirən onlarla əməkdaşımız vardır. Böyük əksəriyyəti gənclərdən ibarət olan şəxsi heyət BMT, NATO, Avropa İttifaqı və Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq təşkilatları, GUAM, MDB və s. beynəlxalq qurumlar tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə iştirak edir, təcrübə qazanır.

Gənc  əməkdaşlarla keçirilən hər bir görüşdə qarşılarında duran mühüm vəzifələri izah edirik. Nədir bu vəzifələr? Ən əsası və vacibi - müstəqilliyimizi,  dövlətçiliyimizi,  ictimai-siyasi  sabitliyi, qanunçuluğu, xalqın  əmin-amanlığını  etibarlı qorumaqdır. İkincisi, hər bir əməkdaş bilməlidir ki, daxili işlər orqanları insanların, vətəndaşlarımızın güvənc yeridir. Hakimiyyətin nümayəndəsi olan polis qanunçuluğa riayət etməli, mədəniyyəti, nəzakətli davranışı ilə nümunə olmalı, xalqın dəstəyini qazanmalı, hər bir hərəkətinin arxasında dövlətin nüfuzunun, imicinin dayandığını dərk etməlidir. Xidməti borca sadiq olmalı, əzm və fədakarlıqla çalışmalı, cəmiyyətdə polisin nüfuzunun, ona olan inamın artırılması üçün biliyini, qüvvə və bacarığını əsirgəməməlidir. Daim axtarışda olmalı, öz üzərində işləməli, təcrübəli əməkdaşlardan öyrənməli, qanunvericilik aktlarını, cinayətkarlıqla mübarizəyə dair beynəlxalq sənədlərin tələblərini dərindən bilməlidirlər. 

Vətəndaşlar da əmin olmalıdırlar ki, onlar lazım olan anda kömək və qayğını məhz polisdə tapacaqlar. Bizim üçün isə ən böyük, ən dəyərli və obyektiv qiymət xalqın inamıdır: hər bir əməkdaşa və bütövlükdə Nazirliyə olan inam.

Hesab edirəm ki, daxili işlər orqanlarının gənc əməkdaşları bu gün onlarda görmək istədiyimiz bilik və bacarığa, xüsusi hazırlıq səviyyəsinə malikdirlər. Müasir iş metodlarını həvəslə mənimsəyirlər, xidmətdə özlərini doğruldurlar. Bir sözlə, polisin fədakar və nəcib missiyasını davam etdirməyə qadirdilər. Biz, belə demək mümkünsə, Azərbaycan polisinin şərəf bayrağını daşımağı onlara etibar edə bilərik və edirik də.  

Sualınızın ikinci hissəsinə gəldikdə isə, mən hər bir gənc əməkdaşı cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi görmək istərdim. Bu xüsusda ulu öndərin  heç bir zaman unutmadığım, gənc əməkdaşlarımıza isə dönə-dönə xatırlatdığım çox dəyərli bir tövsiyəsini  yada salıram: “Özünü polis peşəsinə həsr edən insan, hüquq mühafizə orqanlarında işləyən hər bir şəxs birinci növbədə mənəviyyatca saf olmalıdır. Bütün başqa çatışmazlıqları, nöqsanları bağışlamaq olar, onlara dözmək də olar. Amma bu nöqsanı, - əgər buna nöqsan demək olarsa, - bağışlamaq, bu hallara dözmək olmaz”. Dahi Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi bu meyar bütün polis əməkdaşlarının, o cümlədən xidmətə yeni başlayan, yaxud daxili işlər orqanlarında xidmət etmək arzusunda olan gənclərimizin həyat amalına çevrilməlidir. 

- Cənab nazir, son dövrlər dövlət başçısının da açılışında iştirak etdiyi çoxsaylı infrastrukturlar, sözsüz ki, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Mümkünsə, bu barədə bir qədər ətraflı məlumat verərdiniz.

- Ölkə həyatının bütün sahələrində əldə olunmuş misilsiz nailiyyətlər nəticəsində Azərbaycan beynəlxalq aləmdə sosial-iqtisadi inkişaf dinamikası və aparılan islahatların səmərəliliyi baxımından lider dövlətlərdəndir. Eyni zamanda, bu uğurlar hər bir vətəndaşın gündəlik həyatında, rifah halında öz əksini tapır. Həyata keçirilən böyük quruculuq işləri daxili işlər orqanlarınının fəaliyyətinə, onun çoxminli şəxsi heyətinin sosial müdafiəsinə də müsbət təsirini göstərir.

Ümumən, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldiyi ilk günlərdən şəxsi heyət xüsusi diqqət və qayğı ilə əhatə olundu, vəzifə və rütbə maaşları, digər təminat xərcləri ardıcıl olaraq artırıldı, maddi-texniki təchizatın yaxşılaşdırılması üçün xeyli iş görüldü. Ümummilli liderin qayğıkeşlik ənənələrini böyük fəallıqla davam etdirən möhtərəm Prezident İlham Əliyev də daxili işlər orqanlarında fəal inkişaf tempinin saxlanılması, xidmət şəraitinin, əməkdaşların və hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli üçün bütün lazımi şəraiti yaratmışdır. Ölkə rəhbərinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı isə xidməti fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əvəzsiz rol oynamışdır. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük önəm daşıyan xüsusi texnika, avadanlıq və vasitələrlə təchizat mükəmməl səviyyəyə çatmış, yeni informasiya sistemlərinin tətbiqi intensiv xarakter almışdır. Demək olar ki, əksər struktur qurumlar üçün yeni inzibati binalar inşa edilmiş və ya müasirləşdirilmişdir. Nazirliyin təşkilati strukturunda əhəmiyyətli yeri olan Daxili Qoşunlar nümunə göstərilə biləcək, yüksək döyüş hazırlığına malik mobil hərbi birləşməyə çevrilmişdir. Hərbi hissələrdə əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, müasir standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, təlim şəhərcikləri və s. tikilmişdir. 

Təkcə  cari  ilin  ötən  dövründə   möhtərəm  Prezidentimizin açılışında iştirak  etdiyi  tədbirləri  sadalamaqla  daxili  işlər  orqanlarına dövlət səviyyəsində göstərilən  diqqətin  və  dəstəyin   miyqasını   əhatə   etmək     olar.

Fevral ayının 24-də Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika hospitalının və "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə mərkəzinin yeni binalarının, martın 2-də Bərdə rayonunda Daxili Qoşunların "N" saylı hərbi hissəsi üçün inşa olunmuş şəhərciyin, mayın 25-də Gəncədə şəhər polis idarəsinin yeni inzibati binasının və Daxili Qoşunların "N" saylı hərbi hissəsində zabit yataqxanasının açılışında iştirak edən Prezident İlham Əliyev bu obyektlərin tikintisini ölkədə uğurla aparılan sosial-iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirmişdir.

Dövlətimizin Başçısı qeyd etmişdir ki, Nazirliyin hospitalı müasir avadanlıqlarla təchizatına, binasının görünüşünə və daxili dizaynına görə ən yüksək standartlarına cavab verir və bəlkə də inkişaf etmiş ölkələrdə mövcud olan xəstəxanaları qabaqlayır. Bununla bərabər, "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemini dünyanın ən modern informasiya resursu kimi səciyyələndirən ölkə rəhbəri bu qurumun paytaxtda təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında əhəmiyyətliliyini, əməliyyat şəraitinə müsbət təsir göstərəcəyini, habelə baş verən qanunazidd hallara çevik reaksiya verilməsini köklü şəkildə yaxşılaşdıracağını xüsusi qeyd etmişdir. Regionların sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində istifadəyə verilən digər obyektlər də Dövlət Başçısının rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərinin tərkib hissəsi olaraq fəaliyyətimiz üçün əvəzsiz töhfələrdir.

İki gün öncə cənab İlham Əliyevin açılışını keçirdiyi Bakı Baş Polis İdarəsinin, habelə İdman Cəmiyyətinin yeni inzibati binalarının istifadəyə verilməsi də dövlət qayğısının növbət əyani təzahürüdür. Cəmiyyətin böyük idman zalında gənc idmançılar və Olimpiya oyunlarının mükafatçıları qarşısında çıxış edən möhtərəm Prezident Daxili İşlər Nazirliyinin bütün infrastrukturunun yeniləndiyini, Azərbaycan dövlətinin öz polisinə, polis işçilərinə diqqət və qayğını bundan sonra da davam etdirəcəyini, habelə cinayətkarlığa qarşı mübarizənin ön cəbhəsində olan polis orqanlarının Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin  yüksək səviyyədə qorunması işində çox böyük zəhmətinin olduğunu və polis işçilərinin işini çox yüksək qiymətləndirdiyini vurğulamışdır. Zati-alilərinin fəaliyyətimizə verdiyi bu ali qiymət sözsüz ki, hər bir əməkdaşı, hər bir hərbi qulluqçunu böyük nailiyyətlərə ruhlandırmaqla bərabər, onların üzərinə daim səylə çalışmaq, göstərilən inam və etimadı doğrultmaq məsuliyyətini qoyur. 

- Azərbaycanın uğurlarından danışarkən hər zaman ictimai asayişi və respublikamızda baş verən cinayətlərin digər ölkələrlə müqaiysədə azlığını xüsusilə qeyd edirik. Bu fakt ölkədəki kriminogen durumu qənaətbəxş saymağa əsas verir. Cinayətkarlığın vəziyyətinin son illər üzrə müqayisəli təhlili konteksində hansı müsbət və mənfi tendensiyaları qeyd edərdiniz?

- Son 15 ildə cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın təmin edilməsində, vətəndaşların, ölkədə olan əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb fəaliyyət göstərməsində əldə olunmuş nailiyyətlərin banisi məhz ümummilli liderimizdir. Respublikada cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» fərmanından ötən 15 il ərzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 30 minə yaxın odlu silah yığılmış və qeyd olunan illərdə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 7 dəfə, habelə qəsdən adam öldürmələr, quldurluqlar, soyğunçuluqlar və s. xüsusilə ağır cinayətlər 3 dəfə azalmışdır. Bu müddətdə axtarışda olan 70 mindən artıq təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 3 tondan çox narkotik vasitə çıxarılmışdır. Son illər bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı qanun pozuntularının baş verməsi isə proqnozlaşdırılan çərçivədən kənara çıxmır.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında respublikanın digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə məqsədyönlü tədbirlər bu gün də ardıcıllıqla davam etdirilir.

Ölkəmizdə kriminogen durumun vəziyyəti ilə bağlı göstəriciləri əks etdirən rəsmi statistika barədə ictimaiyyət müntəzəm məlumatlandırılır. Əldə olunan nəticələri isə bir faktla ümumi şəkildə qeyd edərdim. Artıq uzun illərdir ki, Azərbaycan əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə, o cümlədən əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.

-Daxili işlər orqanlarında vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin vəziyyəti hansı səviyyədədir?

- Vətəndaşların qəbulu  və  onların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən olmaqla bu sahəyə nazir kimi şəxsən özüm nəzarət edirəm. Daxil olan ərizə, təklif və şikayətlər xüsusi diqqət və həssaslıqla araşdırılır, ümumiləşdirilir, təhlil olunur. Bu işin nəticələri idarəçilik qərarlarının qəbul edilməsində, ictimai asayişin təmini prosesində nəzərə alınır.

Ötən il Nazirliyin rəhbərliyi  tərəfindən respublikanın 10 regionu üzrə 300-ə yaxın vətəndaş qəbul edilərək qaldırdıqldarı problemlərin əksəriyyəti yerində həll edilmiş, bir qisim şikayətlər üzrə araşdırmalar aparılaraq təşəbbüskarlara yazılı cavablar verilmişdir. Ümumilikdə isə Daxili İşlər Nazirliyinin aparatında 4714 vətəndaş qəbul edilmişdir. Bu müddətdə 19.605 şəxsdən 28.299 ərizə və şikayət  daxil olmuşdur. Müraciətlərin təhlilindən bir tendensiya aşkar görünür: onların müəyyən hissəsi eyni məzmunlu və ya təkrar xarakterli olur, yaxud da qaldırılan məsələlər DİN-in səlahiyyətlərinə aid olmur. Sonuncu halda müraciət aidiyyəti üzrə göndərilir. Amma bilavasitə daxili işlər orqanlarının fəaliyyəti ilə əlaqədar olanlar nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülərək baxılır və öz qanuni həllini tapır. Bütövlükdə 2008-ci ildə Daxili İşlər Nazirliyində araşdırılmış 45.583 müraciətdən 48,5 %-də qaldırılan məsələlər  təsdiqə yetmiş, 29,2 %-i əsassız olmuş, 7,5 faizi aidiyyəti dövlət orqanlarına, 3,4 %-i tabeli qurumlara göndərilmişdir.

2009-cu ilin ötən dövründə isə Nazirliyin rəhbərliyinin ünvanına 7476 vətəndaşdan 10.745, elektron poçtuna 483 vətəndaşdan 598 müraciət daxil olmuş, tərəfimdən 35 vətəndaş qəbul edilərək qaldırdıqları məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi təmin olunmuşdur.

- Cənab nazir, polis-vətəndaş münasibətlərinin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi istiqamətində hansı işlər görülür?

- Hüquq-mühafizə fəaliyyətinin yeni iqtisadi və sosial münasibətlərə uyğun qurulması cəmiyyətin Daxili İşlər Nazirliyinə olan tələblərini də əhəmiyyətli dərəcədə artırır, üzərinə düşən vəzifələrin dairəsi genişlənir. İnsan hüquq və azadlıqlarının qorunması başlıca funksiyalardan birinə çevrilir. Möhtərəm Prezidentimizin "Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır" tələbi rəhbər tutularaq sosial funksiyaları effektli yerinə yetirməyə imkan verən, zamanın tələbinə və dünya təcrübəsinə uyğun müasir iş metodları tətbiq edilir.

Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi məqsədilə yaradılmış "102" Zəng Mərkəzi - post-patrul naryadlarının və istintaq-əməliyyat qruplarının çevikliyini, işinin səmərəliliyini xeyli artırmaqla fəaliyyətin məhz insan meyarı kimi ali prinsiplər üzərində qurulmasına xidmət edir. Kompleks xarakter daşıyan «Təhlükəsiz şəhər» sistemi də əməliyyat şəraitinə öz müsbət təsirini göstərir və yaxın vaxtlarda fəaliyyət dairəsinin genişləndirilməsi planlaşdırılır. Onun tətbiqi küçələrdə və ictimai yerlərdə törədilən cinayətlərin qarşısının alınmasını, açılmasını, inzibati hüquqpozmalara və yol-nəqliyyat hadisələrinə çevik reaksiya verilməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. İnkişaf etmiş dövlətlərin təcrübəsi əsasında «sahə rəisi» institutunun tətbiqi ilə bağlı keçirilmiş eksperiment də öz müsbət nəticələrini göstərmiş və hazırda bu işin ölkənin bütün ərazisində tətbiqinə başlanılmışdır. Məqsəd - polisin bayır xidmətlərinin əhaliyə maksimum yaxın olmasını təmin etmək, yaşayış yerlərində və ailələrdə profilaktiki tədbirlərin effektivliyini artırmaq, narkomaniyanın, alkoqolizmin, uşaq baxımsızlığının, məişət xuliqanlığı və zorakılığının  qarşısını vaxtında almaq, hüquqi təbliğat və izahat işlərini ünvanlı şəkildə aparmaqdır.

Əhali tərəfindən müsbət qarşılanan bu tədbirlər, o cümlədən eksperiment qaydasında həyata keçirilən "İctimai Polis" və "Sahə rəisi" layihələri vətəndaşların  onların daxili işlər orqanlarında gedən demokratikləşmə proseslərinə və ictimai təhlükəsizliyin təmin edilməsi işinə fəal cəlb olunmalarına xidmət edir. Nazirliyin rəhbərliyinin prinsipial mövqeyi - polisin fəaliyyətinin şəffaf, cəmiyyət üçün açıq və sosial yönümlü olmasıdır. Odur ki, əhalinin bütün qrup və təbəqələri, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə iş aparılır. Vətəndaşların polisə münasibətinin öyrənilməsi diqqət mərkəzində saxlanılmaqla onun mahiyyəti, cinayətkarlığa qarşı mübarizənin nəticələri barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. 

Müsahibənin sonunda xalqımızı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi şəxsi heyət adından əmin edirəm ki, ölkədəki sabitliyin, əmin-amanlığın əsas təminatçılarından olan daxili işlər orqanları bundan sonra da  cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, asayişi və daxili təhlükəsizliyi etibarlı şəkildə qoruyacaq, qanunvericilik aktlarından, dövlət başçısının fərman, sərəncam və göstərişlərindən irəli gələn vəzifələri yüksək peşəkarlıqla və əzmlə yerinə yetirəcək, dövlətçiliyin və müstəqilliyin keşiyində ayıq-sayıq dayanacaqdır.

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ

Ən son press-relizlər