DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun "Azərbaycan" qəzetinə müsahibəsi

09.05.2006



Heydər Əliyev xatirələrdə daim əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider kimi yaşayacaq

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov:
"Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin daha uğurlu gələcəyinin təminatıdır."

Əbədiyaşar liderimiz Heydər Əliyevin doğum günü Azərbaycanın hər bölgəsində, bütün sosial təbəqə tərəfindən böyük sevgi ilə anılır. Fədakar həyatı ilə «Dünyanın ən böyük azərbaycanlısı» adını qazanmış ümummilli liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər sözdə öz əksini tapır. Heydər Əliyevlə bağlı dilə gələn hər bir xatirə, yaddaşlara xoş duyğularla yazılan səmimi anlar bu böyük insanın dühasını, bənsərsiz ömür yolunu bir daha bizlərə agah edir, Heydər Əliyev qüdrətini təsdiqləyir.
Bu əlamətdar gün ərəfəsində Heydər Əliyev komandasının üzvlərindən biri, xaosdan qurtuluşa doğru tarixi keçid prosesində ulu öndərimizin fəal yardımçılarından olmuş daxili işlər naziri, general-polkovnik Ramil Usubovla həmsöhbət olduq. General Usubov özünə MÜƏLLİM, ÖRNƏK saydığı DÖVLƏTÇİLİK SƏRKƏRDƏSİ Heydər Əliyev barədə xatirələri bölüşməyi böyük məsuliyyət sayır. Çünki söhbət adi dövlət xadimindən yox, dünyanı öz xarizması və əzəməti ilə fəth edən qüdrətli ŞƏXSİYYƏTDƏN gedir...

- Cənab nazir, ümummilli liderimiz Heydər Əliyevi anım günləri xalqın böyük ehtiramı ilə qeyd edilir. Bu əlamətdar tarixdə Heydər Əliyevi yaxından tanıyanların, onun komandasında uğurla çalışanların bu BÖYÜK ŞƏXSİYYƏTLƏ bağlı xatirələri xalqımız tərəfindən xüsusi maraqla qarşılanır. Uzun illər ulu öndərimizin rəhbərliyi altında çalışan bir insan kimi, şübhəsiz ki, Sizin də çoxlu xatirələriniz var…

- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev barədə danışmaq həm asan, həm də çətindir. Çünki bu dahi insanın bütün həyatı, Azərbaycanın tərəqqisinə həsr edilən titanik fəaliyyəti xalqımızın gözləri önündə keçib və hər birimizin ulu öndərlə bağlı xoş, səmimi xatirələrimiz var. Hər ötən gün bizə Heydər Əliyevin necə uzaqgörən insan olduğunu, Azərbaycana qarşıdakı onilliklər boyu rifah, yüksəliş bəxş edəcək planları düzgün müəyyənləşdirməsini bir daha təsdiqləyir. Ancaq nəzərə alsaq ki, bu dahi şəxsiyyət həm də bölgənin şəriksiz siyasi lideri idi və dünyanın ən görkəmli dövlət xadimləri sırasında öz adını əbədi həkk etdirmişdir, ulu öndər barədə danışmaq daha çox məsuliyyət tələb edir.
O zamanki Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olarkən - 1969-cu ilin iyul ayında belə bir məlumat eşitdim ki, Azərbaycana yeni rəhbər təiyn olunub və bu insan əvvəlki dövrdə ölkə DTK-na rəhbərlik etmiş general rütbəli Heydər Əliyevdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə artıq hər yerdə Heydər Əliyev haqqında xoş sözlər eşidilir, onun əvvəlki rəhbərlərə bənzəməyən iş metodları barədə çoxsaylı xəbərlər dolaşırdı. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin qətiyyəti və prinsipiallığı  barədə ən çox danışılan, daha doğrusu, bu əzmkarlığı daha çox hiss edən bölgələrdən biri də məhz ermənilərin kompakt şəkildə yaşadığı Dağlıq Qarabağ idi. O dövrədək faktiki olaraq, rəsmi Bakının təsirindən, belə demək mümkünsə, kənarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan Dağlıq Qarabağın şovinist erməni rəhbərləri və qeyri-rəsmi qurumları burada separatizm üçün münbit şərait formalaşdıra bilmişdilər. Lakin Heydər Əliyevin rəhbərliyə başladığı elə ilk dövrlərdən etibarən bu dözülməz vəziyyət dəyişməyə başladı və bir neçə ildən sonra Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Muxtar Vilayətdə şovinist ruhlu qüvvələrin hakimi-mütləqliyi dəf edildi, yerli azərbaycanlı əhali bütün sahələrdə hiss etdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və burada onların da maraqları təmin olunmalıdır.

Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı azərbaycanlılara qaytardı. Təsadüfi deyil ki, bu gün Dağlıq Qarabağa Ermənistanın əsassız iddialarına, bölgə ətrafında baş verən hadisələrin başlanmasına təkan da məhz ulu öndərimizin Moskvada tutduğu yüksək dövlət vəzifəsindən istefaya göndərilməsindən sonrakı dövrə təsadüf edir. 
Ümummilli liderimizlə ilk canlı təmasım da Dağlıq Qarabağda olmuşdur. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Qeyd edim ki, Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı.  Yeri gəlmişkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdıranlara qarşı qətiyyətli mövqeyinə, bütövlükdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər.
Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, Hərbi Komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşu qaldırıb düz yerdə qoyduq. Bununla bir növ qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz də oldu. Mən artıq Heydər Əliyev böyüklüyünü daha dərindən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyətin öz vətəninə, xalqına necə bağlı olduğunu görürdüm.
Tale bizi bir də 11 il sonra görüşdürdü. AXC-Müsavat hakimiyyəti dövründə Daxili İşlər Nazirliyində idarə rəisi vəzifəsindən azad edilmişdim və bölmə rəisi işləyirdim. O zamanki iqtidar mənsublarının özbaşınalıqları, haqsızlıqlar, DİN-dəki çəkişmələr, qanun pozuntuları məni hətta o vəziyyətə gətirmişdi ki, həmin ərəfədə daxili işlər orqanlarından tərxis olunmaq üçün yazdığım raportu nazirliyin rəhbərliyinə təqdim etmək istəyirdim. Lakin qəbula düşə bilmirdim, deyirdilər ki, nazir əvəzinin vaxtı olanda qəbul edəcək. Belə bir vaxtda, 1993-cü il iyulun 2-də DİN-in Qərargah rəisi mənə dedi ki, cənab Heydər Əliyev səni nazirin kabinetində telefona çağırır. Xatırladım ki, artıq ulu öndərimiz Prezident səlahiyyətlərini həyata keçirirdi. Bu xəbərdən çox həyacanlandım. Telefonla danışdıq. Mənə dedi ki, Naxçıvanda vəziyyət olduqca gərginləşib. Sən orada daxili işlər naziri işləmisən, şəxsi heyət arasında nüfuzun var. Gedib vəziyyətə nəzarət edilməsi üçün tədbirlər gör. Heydər Əliyev kimi bir dühadan belə bir etimadı qazanmağın məsuliyyətini anlayaraq, təcili Naxçıvana getdim.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri əvəzi, sonra isə nazir təyin olundum. Çox böyük çətinliklərlə, hətta sui-qəsdlə, terrorla üzləşdim. Lakin Heydər Əliyevin tapşırığını yerinə yetirmək üçün bütün qüvvələri səfərbər etdik və bir müddətdən sonra bölgədə kövrək də olsa sabitliyi bərpa edə bildik. Naxçıvandakı durumla bağlı müntəzəm olaraq cənab  Heydər Əliyevə məruzə edir, ondan müvafiq göstərişlər, məsləhətlər alırdım.
 
- Bəs, respublikanın daxili işlər naziri vəzifəsinə təyinatınız necə baş verdi?

- Sözün düzü, bu təyinat da mənim üçün gözlənilməz oldu. 1994-cü il  aprelin 29-da Prezidentin yanında DİN-in məsul işçilərinin müşavirəsi keçiriləcəkdi. İclasdan bir neçə saat əvvəl Prezident məni qəbul etdi, Naxçıvandakı vəziyyətlə, xidmət və həyat yolumla maraqlandı. İclasın gedişində isə nazirliyin o zamanki rəhbərliyinin işi kəskin tənqid olundu və daxili işlər orqanlarının fəaliyyətində ciddi dönüşün yaradılması tələb edildi. Sonda Heydər Əliyev gözləmədiyim halda bildirdi ki, məni ölkənin daxili işlər naziri təyin edir. Ümummilli liderimiz onu da qeyd etdi ki, Ramil Usubova tam inanıram, Prezident kimi ona etimad göstərirəm və bir də hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Bu sözlər mənim üçün ən böyük etimad və dəstək idi. Beləliklə, mən Heydər Əliyevlə birgə işləmək, onun rəhbərliyi altında dövlət quruculuğu prosesində iştirak etmək imkanı qazandım.
Sonrakı 9 ildən də artıq zaman kəsiyində Heydər Əliyevin möhtəşəmliyini daha geniş miqyasda gördüm. Bütün dövrlər üçün ən ali ÖRNƏK ÜNVANIMIZ kimi qəbul ediləcək böyük vətəndaş, dahi şəxsiyyət, qüdrətli lider yalnız xalqın rifahı, dövlətin qüdrətlənməsi, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə yaşayırdı. Bütün həyatını xalqına fəda edən Heydər Əliyev Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi və təminatçısı olmuşdur. Ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili, ümumilikdə isə ictimai-siyasi sabitliyin təminatı kimi taleyüklü məsələlərin həlli ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət, atdığı düzgün addımlar nəticə etibarilə, Azərbaycan dövlətçiliyinin güclənməsinə çox ciddi təkan verdi.
Heydər Əliyevlə bağlı xatirələrim saysız-hesabsızdır. Onunla hər görüş, verdiyi tövsiyyə və tapşırıqlar yaddaşıma işıqlı bir xatirə kimi həkk olunub. Ancaq ümummilli liderimizlə son görüşümüzü - 2003-cü ilin 8 iyulunda keçirilən Təhlükəsizlik Şurasının iclasında aldığım təəssüratı indi də həyəcanla xatırlayıram. Müalicə üçün Türkiyəyə gedəcək Prezident bizə məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətini, müstəqilliyimizi göz bəbəyi kimi qorumağı, xalq qarşısında daşıdığımız məsuliyyətə, öhdəliyə sadiq olmağı, vətəndaşlarımızın qeydinə qalınmasını, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformada olmasını tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yenə də öz sağlamlığını yox, məhz həyatından çox sevdiyi xalqını düşünmək hissi, hətta yumor duyumu belə əvvəlki kimi güclü idi. 
2003-cü il aprelin  21-də Respublika sarayında keçirilən tədbirdə çıxış edərkən aldığı xəsarətdən yaranan ağrılara baxmayaraq, yenə də tribunaya qayıdıb, öz yenilməzliyini, qətiyyətli, dönməz SƏRKƏRDƏ qüdrətini bütün dünyaya nümayiş etdirən Heydər Əliyev mənim nəzərimdə daim zirvələrdə olan və bu yüksəklikdən heç zaman enməyəcək dahi İnsan obrazını qətiləşdirdi. Budur mənim tanıdığım və həyat örnəyi kimi qəbul etdiyim ULU ÖNDƏR!

- Heydər Əliyevin liderlik keyfiyyətindən danışarkən, ulu öndərimizin 70-80-ci illərdə Dağlıq Qarabağ probleminə olan həssas münasibətinə də toxundunuz. Həmin illərdə Heydər Əliyevin "Qarabağ siyasəti"nin əsas məğzi nə idi?

- Bu siyasətin əsas məramı o idi ki, Dağlıq Qarabağda şovinist, separatçı erməni təsiri yox edilsin, vilayətdə xalqımızın tarixi təbii haqqı bərpa olunsun, yəni şovinistlərin zorən Dağlıq Qarabağı müharibə cəbhəsinə çevirmək arzuları gözlərində qalsın, bölgə sülh, əmin-amanlıq şəraitində inkişaf etsin və Vətənimizin bu ayrılmaz tərkib hissəsinin Azərbaycandan qoparılması cəhdlərinə birdəfəlik son qoyulsun.
Vilayətdə yaşayan bir vətəndaş kimi 60-cı illərdəki acınacaqlı vəziyyəti ürək ağrısı ilə xatırlayıram. Həmin dövrdə Yerevandan idarə olunan məkrli qüvvələr Dağlıq Qarabağda torpaq iddiaları ilə millətlərarası münasibətləri kəskinləşdirir, eyni zamanda ölkə rəhbərliyinin passiv mövqeyi, separatizm meyillərinə çevik müdaxilə edilməməsi Xankəndində və vilayətin digər yaşayış məntəqələrində yuva qurmuş daşnak ünsürlərin əl-qolunu açır, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alırdı. Özbaşınalıq, cəzasızlıq şəraiti o həddə gəlib çatmışdı ki, vilayətdə, eləcə də onun mərkəzi Xankəndində həyatları daim təhlükədə qalan azərbaycanlılar hətta doğma dillərində belə ehtiyatla danışırdılar.
Lakin 1969-cu ildən  Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda qol-budaq açmış erməni millətçiliyinə sipər çəkdi. Moskvadakı yüksək siyasi dairələrin təzyiqinə baxmayaraq, muxtar vilayət cinayətkar ünsürlərdən təmizləndi, erməni və Azərbaycan xalqları arasında ədavət toxumu səpən daşnak tör-töküntüləri cinayət məsuliyyətinə cəlb olundular, partiya, sovet, hüquq-mühafizə, o cümlədən dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi, yüksək vəzifələrə azərbaycanlı kadrlar da təyin olundu. Bir əhəmiyyətli məqamı xüsusi vurğulamaq istərdim ki, görülmüş belə ciddi tədbirlər yerli erməni əhalisinin əksəriyyəti tərəfindən də rəğbətlə qarşılanırdı.
Bir sözlə, 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərliyi Dağlıq Qarabağda yaşayan azərbaycanlılar üçün yeni dövrün başlanğıcını qoydu. Dağlıq Qarabağ azərbaycanlıları özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar. Həmin illərdə vilayətdə azərbaycanlılar hətta demoqrafik vəziyyətə görə də əvvəllərlə müqayisədə yüksək göstəricilər nümayiş etdirmişdilər. Bölgənin sosial-iqtisadi həyatında böyük uğurlar əldə olunur, mühüm infrastrukturlar istifadəyə verilirdi. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmiryol xəttinin çəkilişində Heydər Əliyevin həm də məqsədi o idi ki, Dağlıq Qarabağın iqtisadiyyatının Azərbaycanın digər regionları ilə tarixi bağlılığı möhkəmlənsin, daha da sıx olsun. Vilayətin hətta ən ucqar kəndlərinin yolları da abadlaşdırılır, yaşayış məntəqələrinin elektrik enerjisi və qazla təminatı yüksəlirdi.
Ulu öndərimizin vilayətdə yaşayan azərbaycanlıların təhsil məsələlərinə də xüsusi önəm verirdi. 70-80-ci illərdə bölgədə onlarla müasir tipli məktəb istifadəyə verildi. 1973-cü ildə isə Xankəndində Pedaqoji İnstitutun açılması ilə vilayətdə milli ziyalı kadrların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artdı. Pedaqoji İnstitutun fəaliyyəti Dağlıq Qarabağda azərbaycanlı ziyalıların formalaşması prosesinə güclü təkan verdi.  
Heydər Əliyev adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin geniş yayılmasına xüsusi diqqət ayırırdı. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalisinin kompakt yaşadığı bu şəhərin bölgənin mədəni, siyasi mərkəzinə çevrilməsi prosesi də məhz ulu öndərimizin xeyir-duası ilə həyata keçirilməyə başlamışdı.
Ümummilli liderimizin 1969-1983-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müddətdə erməni millətçiləri bir dəfə  də olsun torpaq iddiasını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmədi.
Təəssüf ki, 80-ci illərin sonlarında ölkəmiz Dağlıq Qarabağ faciəsini yaşamalı oldu. Həm də təkcə bu faciəni yox. Lakin ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Sonrakı addımlar respublikamızın dirçəlişi və qüdrətlənməsi üçün münbit şərait yaratdı. Heydər Əliyev tərəfindən yaradılan bu sağlam bünövrə eyni zamanda xalqımızda Dağlıq Qarabağ probleminin ədalətli həllinə inam formalaşdırdı.

- Cənab nazir, Heydər Əliyev daxili işlər orqanlarına da daim böyük qayğı və diqqət göstərmişdir… 

- Daxili işlər orqanlarının fəaliyyətinə əbədiyaşar liderimiz Heydər Əliyev daim yüksək qiymət vermiş, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün mühüm addımlar atılmışdır. Hələ hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, "Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır".
Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların daha yaxşı yaşamaları üçün lazımi tədbirlərin həyata keçiriləcəyini deyirdi. Sonrakı illərdə bu istiqamətdə ümummilli liderimiz həqiqətən də böyük işlər gördü və bütün vətəndaşların, o cümlədən daxili işlər orqanları əməkdaşlarının himayədarı olduğunu konkret qərarları ilə sübut etdi. Prezident Heydər Əliyevin 11 mart 1996-cı il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1.2 dəfə, 25 iyul 1997-ci il tarixli sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1.5 dəfə, 30 may 1998-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 3,5  dəfə, 17 may 2000-ci il tarixli sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları 1.5 dəfə, 30 iyun 2003-cü il tarixli sərəncamla isə daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə və rütbə maaşları 1.5 dəfə artırılmışdır. Bundan başqa, DİN əməkdaşlarının ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmələri barədə Heydər Əliyev tərəfindən bir neçə dəfə fərmanlar imzalanmışdır.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir çox mühüm qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» fərmanı, eyni zamanda, müvafiq beynəlxalq qurumların, Avropa ekspertlərinin   rəyləri nəzərə alınmaqla qəbul edilmiş yeni Cinayət-Prosessual Məcəlləsi, «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlar, «Daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamə bu sahədə mükəmməl qanunvericilik bazası yaratmış, onların uğurla icrası isə Azərbaycanda qeyd etdiyim nailiyyətlərin əldə olunması üçün hüquqi zəmin rolunu oynamışdır.
Ulu öndərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu mübarizəyə başladılar. İctimai-siyasi proseslər, həmçinin kriminogen durum tamamilə nəzarət altına alındı. Bunun bariz göstəricilərindən biri o oldu ki, Azərbaycan nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, sabitliyin mükəmməl və etibarlı təminatı baxımına görə ən yaxşı göstəriciyə malik ölkələrdən birinə çevrildi.
Cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. 1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94.2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4.6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10.8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz (eyni zamanda, bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz) azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3.6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3.4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi.
Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçlik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: Daxildən saflaşan, təmizlənən Azərbaycanın daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu.

- Ümummilli liderimizin daxili işlər orqanlarına himayədarlıq siyasəti bu gün necə davam etdirilir?
-Böyük minnətdarlıq və fərəh hissi ilə qeyd etmək istərdim ki, bu siyasət ulu öndərimizin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçısı Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, bu orqanlarda çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm qərarlar qəbul etmişdir. 2004-cü ildə peşə bayramımız ərəfəsində ölkə rəhbəri polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramını təsdiq etmiş, vəzifə maaşlarının artırılması, zabitlərə ali xüsusi rütbələrin verilməsi, əməkdaşların dövlət mükafatları ilə təltif olunması ilə bağlı iki fərman və dörd sərəncam imzalamışdır. Dövlət Proqramında 2008-ci ilə qədər daxili işlər orqanları əməkdaşlarının maaşlarının bir neçə dəfə artırılması, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi mühüm əhəmiyyətli məqamlar əks olunmuşdur. Məlumat üçün deyim ki, Dövlət Proqramında nəzərdə tutulan müddəaların vaxtında və Prezidentimizin tələb etdiyi səviyyədə həyata keçirilməsi təmin olunur.

- Cənab nazir, Prezident İlham Əliyevin fəaliyyət prinsipləri ilə Heydər Əliyev idarəçilik ənənələri arasında hansı uyğunluq var?

- Burada hər hansı bir uyğunluq axtarmaq düzgün deyil. Çünki Prezident İlham Əliyevin fəaliyyət prinsipləri məhz Heydər Əliyev idarəçilik ənənələrinin uğurlu davamıdır. Ulu öndərimizin əsasını qoyduğu milli inkişaf konsepsiyası bu gün dövlət başçısı tərəfindən uğurla reallaşdırılır və bütün sahələr üzrə böyük nailiyyətlər əldə edilir. Mən də Prezident İlham Əliyevin bölgələrə səfərlərində iştirak edirəm. Şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Heydər Əliyevə böyük güvənc, inam yeri kimi baxan vətəndaşlarımız bu dəstəyi indi cənab İlham Əliyevin şəxsində tapıblar və ona ümid yeri kimi yanaşırlar. İnsanlar ölkə başçısına müraciət edərkən əmindirlər ki, onları narahat edən, həlli mümkün olan problemlər tezliklə öz həllini tapacaq. Xalq Prezident İlham Əliyevi qayğıkeş lider, özlərinə yaxın dost, çətinlikləri aradan qaldırmağa qadir olan  qətiyyətli, bacarıqlı dövlət başçısı, humanist şəxsiyyət kimi qəbul edir.
Ulu öndərimiz Heydər Əliyevin xalqa son müraciətindəki müdrik mövqeyini, uzaqgörənliyini cənab İlham Əliyev öz uğurlu fəaliyyəti ilə bir daha təsdiqlədi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev ba¬şa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Prezident İlham Əliyev həm ulu öndərimizin, həm də bütün xalqın ümidlərini doğrultdu. Hələ 2003-cü ilin 15-16 oktyabr hadisələrində, eləcə də ötən ilin oktyabrında bəzi məmurların siyasi məkrlərinin ifşası zamanı ölkə rəhbərinin nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq, eyni zamanda, təmkin və əzmkarlıq əsl Heydər Əliyev nümunəsi idi. Cənab İlham Əliyev də ulu öndərimiz kimi sübut etdi ki, dövləti inkişaf etdirmək, onu qorumaq sarsılmaz siyasi iradə və qətiyyət tələb edir. 
Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin təminatıdır. Ölkə rəhbərinin ABŞ-a səfəri zamanı vətəndaşlarımızın qənaəti həm də dünyanın ən nüfuzlu siyasətçilərinin, dövlət xadimlərinin, beynəlxalq ekspertlərin mülahizələri ilə üst-üstə düşdü: İlham Əliyev dünyanın fövqəldövləti olan ABŞ tərəfindən Cənubi Qafqaz bölgəsinin ən nüfuzlu dövlət xadimi kimi qəbul edilir və mühüm, etibarlı tərəfdaş sayılır! Bu həqiqəti vaxtilə Heydər Əliyevə aid edirdilər. Demək, Azərbaycan rəhbəri yenə də yüksək şəxsi nüfuza sahibdir və bu nüfuz dövlətin, xalqın problemlərinin həllində mühüm xarizma kimi əlahiddə rol oynayır. Prezident Corc Buşun Azərbaycanlı həmkarı cənab İlham Əliyevə xitabən söylədiyi, "Mən Sizin rəhbərliyinizi yüksək qiymətləndirirəm!" - fikri isə həm də bu həqiqəti görmək istəməyənlərə ünvanlanmış mesajdır.
Ölkəmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev fəaliyyətinin əsas məğzini belə bəyan edib: "Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi.  Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin".
Xalqımız əmindir ki, bu saf niyyət, Azərbaycanın yüksəlişinə hesablanan ülvi məqsəd uğurla gerçəkləşəcək və Heydər Əliyev idealları Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əbədi xoşbəxtliyini təmin edəcəkdir. Bu müqəddəs vəzifənin həyata keçməsində Azərbaycanın daxili işlər orqanlarının və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların şəxsi heyəti öz Prezidentinin, Ali Baş Komandanının ən sadiq silahdaşlarından olacaq, ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.

Müsahibəni apardı:
İxtiyar Hüseynli,
"Azərbaycan" 09 may 2006


Ən son press-relizlər