DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVUN VƏ BAŞ PROKUROR ZAKİR QARALOVUN “LİDER” TELEVİZİYASINA MÜSAHİBƏSİ

18.10.2005



Daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov oktyabrın 17-nə keçən gecə “Lider” televiziyasına eksklüziv müsahibə vermişdir.

Axşamınız xeyir cənab nazir, cənab Baş prokuror. Bu gün artıq oktyabrın 17-si gecə saat 3-ə qalır. Sizdən müsahibə almağımızın bir neçə səbəbi var. Bir qədər bundan əvvəl məlumat aldıq ki, bu gecə bir neçə uğurlu əməliyyat keçirilib və bu əməliyyatlar nəticəsində müəyyən qanun posucuları tutulublar. Onların arasında keçmiş maliyyə naziri Fikrət Yusifov da var.

Ümumiyyətlə, cənab nazir, son günlər bəzi radikal qüvvələr ölkəmizdə vəziyyəti yenə də gərginləşdirmək istəyirlər. Əvvəlki illərdə olduğu kimi, bəlkə bir az da canfəşanlıqla istəyirlər ki, ölkədə xaos, anarxiya yaransın. İnsanların fikrini çaşdırmaq, ölkədə gərginlik yaratmaq istəyirlər. Bu barədə sizin fikrinizi bilmək tamaşaçılarımız üçün maraqlı olardı.

RAMİL USUBOV: Ölkəmizdə ümumi vəziyyət, kriminogen durum tamamilə nəzarət altındadır, sabitdir. Lakin siz dediyiniz kimi, bəzi radikal qüvvələr və onlara müəyyən dərəcədə mənəvi dayaq olmaq istəyən ayrı-ayrı qüvvələr həqiqətən də ölkəmizdə vəziyyəti gərginləşdirməyə cəhdlər göstərirlər. Bunu seçkiqabağı və məqsədli edirlər. Bildirdiyim kimi, məlumatlar daxil olurdu ki, radikal müxalifətin adamları insanları qanunsuz hərəkətlərə təhrik etmək yoluna düşüblər. Müəyyən adamları pul vasitəsilə ələ almaqla polisə, hüquq mühafizə orqanlarının qüvvələrinə qarşı güc tətbiq etmək üçün planlar cızıblar. Bunlar mövcuddur. Daxil olmuş məlumatlar əsasında artıq bir neçə saatdır ki, əməliyyatlar keçirilir. Bu əməliyyatda daxili işlər orqanlarının, Milli Təhlükəsizlik Nazirliyinin və Respublika Prokurorluğunun, Bakı şəhərinin müvafiq polis, prokurorluq orqanlarının əməkdaşları iştirak edirlər.

Bu saata Bakı şəhərində 26 nəfər saxlanılıbdır. Alınan məlumatlara görə, bir neçə yerdə silah olması ehtimalı ilə bağlı axtarışlar keçirilir. Məlumat üçün bildirirəm ki, saxlanılanlar arasında Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev də vardır. Eyni zamanda bizdəki əməliyyat məlumatlarından görünürdü ki, qanunsuz aksiyaların keçirilməsi üçün maliyyə yardımını birbaşa təşkil edən sabiq maliyyə naziri Fikrət Yusifovdur.

Fikrət Yusifovla bağlı daxil olmuş məlumatlar yoxlanıldı. Keçirilən əməliyyat zamanı Fikrət Yusifovun üstündən “Makarov” tipli tapança, evinin axtarışı zamanı isə 100 min avro və 60 min ABŞ dolları aşkar edilərək götürülmüşdür. Axtarış zamanı həmçinin müxtəlif qəbzlər götürülmüşdür və indi bunlar araşdırılır. Yəqin ki, istintaqla bağlı olduğuna görə, hörmətli Baş prokurorumuz özü ətraflı məlumat verər.

Araşdırmalar, əməliyyat-axtarış tədbirləri davam edir. Müxtəlif siqnallar daxil olur ki, Bakı şəhərinə respublikanın ayrı-ayrı rayonlarından adamlar gətirilir. Bizdə olan məlumata görə, artıq onlar bağlarda yerləşdiriliblər. Bu gün haradasa, 10-11 radələrində aeroport istiqamətində polisin qanuni tələblərinə tabe olmayaraq, onların müqavimətini qırmaqla hava limanına yaxınlaşmaq üçün cəhdlər ediləcəkdir. Yəni bu, planlaşdırılır. Bəzi məlumatlar var ki, ayrı-ayrı yerlərdə silah-sursat var. Bununla bağlı əməliyyat qrupları həmin yerləri yoxlayır.

Müdafiə Nazirliyindən axşam bir məlumat da verildi ki, avtomatla silahlı bir əsgər qaçıbdır. Bütün bu gözlənilə biləcək ağır hadisələrin qarşısını almaq üçün Bakı şəhərinin giriş və çıxışlarında müvafiq postlar qurulub, yoxlamalar gedir. Həm o silahlı adamın tutulması üçün, həm də ümumiyyətlə, Bakı şəhərinə ehtimal olunan silahların gətirilməsinin qarşısının alınması, bunların aşkarlanması üçün tədbirlər görülür.

Ümumən, hesab edirəm ki, həm əməliyyatlar öz nəticəsini verir, həm də sabitliyin qorunması üçün digər əlavə tədbirlər də davam etdirilməlidir və etdirilir.

- Cənab nazir, hazırda Rəsul Quliyevin harada olması ilə bağlı məlumatlarınız varmı?

RAMİL USUBOV: Bilirsiniz, bizdə olan məlumata görə, o, özü də elan etmişdi ki, ayın 17-də saat 16-da guya çarter reysi ilə Londondan Bakıya gələcəkdir. Belə bir məlumat var idi. Biz, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi də maraqlanmışıq, hələlik bu haqda Londondan belə bir müraciət olmayıbdır. Bu müraciətlər də ən geci 12 saat əvvəl olmalıdır. Bu onu göstərir ki, görünür, Rəsul Quliyev gəlməkdə yəqin tərəddüd edir. Bizdə olan məlumatlara görə, o, Bakı şəhərində və respublikada aparılan əməliyyat tədbirlərindən, onun nəticələrindən artıq məlumatlıdır. Ola bilər ki, keçirilən əməliyyatlar və bunların nəticəsi onu bir qədər sarsıdıb və düşünməyə vadar edibdir. Bizdə olan məlumata görə, o, hazırda Londondadır. Vəziyyətlə əlaqədar olaraq biz müvafiq əməliyyat tədbirləri planlaşdırırıq. Bir daha deyirəm, əgər kütləvi iğtişaşlara hər hansı bir cəhdlər olarsa, şübhəsiz ki, onun qarşısı qanun çərçivəsində bütün vasitələrlə alınacaqdır.

- Cənab Baş prokuror, keçirilən əməliyyat tədbirləri və aparılan ilkin istintaqla bağlı siz nə deyə bilərsiniz?

ZAKİR QARALOV: Mən onu bildirmək istəyirəm ki, hüquq mühafizə orqanlarına daxil olan bütün məlumatlar qanun çərçivəsində araşdırılır. Mövcud cinayət prosessual qanunvericiliyinə əsasən bütün əməliyyat tədbirlərinin yoxlanılması, qanuni tədbirlərin görülməsi təmin olunur. Mən istintaq getdiyindən hələlik geniş məlumat vermək istəməzdim. Ancaq cənab nazirin dediyi kimi, keçmiş maliyyə naziri Fikrət Yusifov Rəsul Quliyevdən külli miqdarda vəsait almışdır və bu, yaradılan müxtəlif təxribat qruplarının üzvlərinə paylanmaq üçün nəzərdə tutulurdu. Bir qismi paylanıb və götürülən qəbzlər artıq bizim tərəfimizdən araşdırılır. Bu qəbzlərdə adı çəkilən digər şəxslər də hüquq mühafizə orqanları tərəfindən dəqiqləşdiriləcəkdir.

Təəssüflər olsun ki, hüquq mühafizə orqanları rəhbərlərinin verdiyi xəbərdarlıqlara baxmayaraq, bunların niyyəti polis əməkdaşlarının xidməti vəzifələrinin icrasına mane olmaq və xüsusi axtarışda olan Rəsul Quliyevin həbsinin qarşısını almaqdır. Bu isə yolverilməzdir, ağır cinayət sayılır. Bu barədə Cinayət Məcəlləsinin 315-ci maddəsində məsuliyyət nəzərdə tutulur. Mən aldadılmış vətəndaşlarımıza bir daha müraciət edirəm ki, onlar ciddi qanun pozuntularından əl çəksinlər, polis əməkdaşlarına qarşı heç bir təxribat törətməsinlər.

Bilirsiniz ki, radikal müxalifət qüvvələri 2003-cü il oktyabrın 15-16-da, prezident seçkilərindən dərhal sonra kütləvi iğtişaşlar törətdilər. Bir çox vətəndaşlarımıza ciddi ziyan vurdular, polis əməkdaşlarına xəsarətlər yetirdilər. Onlar bu cinayətin nəticəsindən ibrət dərsi götürməlidirlər.

İctimaiyyətimiz tam əmin olmalıdır ki, respublikanın hüquq mühafizə orqanları ictimai asayişin qorunmasını təmin edəcəkdir. Vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bütün hüquqları qanunun gücü ilə təmin olunacaqdır.

- Cənab nazir, cənab Baş prokuror, çox minnətdarıq ki, gecənin bu vaxtında bizim televiziyaya müsahibə verdiniz və aparılan əməliyyatlarla bağlı açıqlama verdiniz.


Ən son press-relizlər